Azərbaycanın daimi nümayəndəsi UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
Digər xəbərlər

Azərbaycanın daimi nümayəndəsi UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

Azərbaycanın UNESCO yanında Daimi Nümayəndəliyinin rəhbəri, səfir Elman Abdullayev qurumun Baş direktorunun müavini Sin Ku ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan Dövlət İnformasiya Agentliyinin müxbiri Məhərrəm İbrahimovun və Azərbaycan Televiziyasının operatoru Sirac Abışovun, eləcə də yerli icra hakimiyyətinin nümayəndəsi Arif Əliyevin Kəlbəcərdə minaya düşərək həlak olması ilə bağlı məlumat verilib. Bildirilib ki, jurnalistlər peşə fəaliyyətlərini yerinə yetirərkən Ermənistan tərəfindən Kəlbəcərin Susuzluq kəndində tank əleyhinə yerləşdirilmiş minanın partlaması nəticəsində həlak olublar.

Daimi nümayəndə diqqətə çatdırıb ki, ötən il noyabrın 10-da üçtərəfli Bəyanatın imzalanmasından sonra erməni işğalından azad edilmiş ərazilərdə düşmən tərəfindən yerləşdirilmiş minaların partlaması nəticəsində 100-ə qədər mülki şəxs həlak olub. Ermənistan isə mina xəritələrini verməkdən imtina edir.

Vurğulanıb ki, Azərbaycanın regionda sülhün bərqərar olması istiqamətində səylərini gücləndirməsinə baxmayaraq, Ermənistan bölgədə yenidənqurma işlərini, eləcə də 30 il əvvəl doğma evlərindən didərgin saldığı azərbaycanlı məcburi köçkünlərin qayıdışını ləngidir. Hər vəchlə bölgədəki yenidənqurma işlərinə və məcburi köçkünlərin qayıdışına mane olan faciəvi aktlara əl atır. 

UNESCO Baş direktorunun müavini Sin Ku jurnalistlərin, eləcə də mülki sakinlərin hədəf alınmasını pisləyərək, təşkilat adından həlak olmuş jurnalistlərin ailə üzvlərinə və Azərbaycan xalqına başsağlığı verib, onlarla həmrəyliyini ifadə edib.

AZƏRTAC