Vətən müharibəsinin qəhrəmanları
Region

Vətən müharibəsinin qəhrəmanları

Vətən  müharibəsində  fəal  iştirak  edən şəhid Abdullayev Həmdulla Aslan oğlunun  doğum  günü münasibətilə  İmişli  Rayon  İcra  Hakimiyyətinin  başçısı  Elçin  Rzayev,  Aparatın  məsul  işçiləri  və  şəhidin  yaxınları  tərəfindən şəhidin dəfn  olunduğu  İmişlinin  Bəhrəmtəpə   qəsəbəsindəki qəbiristanlığında məzarı ziyarət  edilib, məzarı üstünə gül dəstələri düzülüb, ruhuna  dualar oxunub, əziz  xatirəsi  ehtiramla yad  edildi. Elçin  Rzayev şəhidin ata ocağını  ziyarət  etdi.  Rayon  rəhbəri  bildirdi  ki,  ölkə  başçısı Prezident  İlham  Əliyevin göstəriş  və  sərəncamlarına əsasən Vətən müharibəsində  şəhid  olmuş  hərbçilərimizin  xatirəsi  daim  uca  tutulur,  onların  ailə üzvləri dövlətimizin  qayğısı  ilə  əhatə  olunur.  Qeyd  etdi ki, Azərbaycan  Ordusunun  qazandığı  tarixi  qələbədə  payı  olan  Həmdulla  Abdullayev  kimi  qəhrəman  oğullarımızla  hər  birimiz  fəxr  etməliyik.  Bu  qələbəmizdə  Azərbaycanın  tarixi  zəfərinin  mənbəyi  xalqımızın  həmrəyliyi,  Ali  Baş  Komandanın  ətrafında  sıx  birləşən  xalqımızın  inamı,  Azərbaycan  Ordusunun  məğlubedilməzliyi,  hünəri  və  qətiyyəti  idi.

Mərasimdə  çıxış  edənlər  şəhid  Həmdulla  Abdullayevin  şərəfli  həyat  yolundan  və   onun  Qarabağ  müharibəsində  göstərdiyi  qəhrəmanlıqlarından  söz  açdılar.  Bildirdilər  ki,  Vətənimizin  ərazi  bütövlüyü  uğrunda  şəhid  olan  oğullarımız  hər  zaman  xalqımızın  qəlbində  yaşayacaq.

Abdullayev  Həmdulla  Aslan  oğlu 1994-cü il mart  ayının 19-da İmişli  rayonunun  Bəhrəmtəpə  qəsəbəsində  anadan olub. Vətən  müharibəsində ölkəmizin  ərazi  bütövlüyünün  bərpası  uğrunda  gedən   ağır  döyüşlərdə iştirak edib. Noyabr ayının  7-də  Şuşanın  azadlığı  uğrunda  gedən  ağır  döyüşlərdə qəhrəmancasına  şəhid  olub.

Azərbaycanın  ərazi  bütövlüyünün  təmin  edilməsi  uğrunda  döyüş  əməliyyatlarına  qatılan  və  hərbi  hissə  qarşısında  qoyulmuş  tapşırıqların  icrası  zamanı  vəzifə  borcunu  şərəflə  yerinə  yetirdiyinə  görə Həmdulla  Aslan  oğlu  Abdullayev ölümündən  sonra   “Vətən  uğrunda”, “Cəsur  döyüşçü”  və “Xocavəndin  azad  olunmasına  görə” medalları ilə təltif edilib.

Şəhidin  ailə  üzvləri göstərilən  diqqət   və  qayğıya  görə  Azərbaycan Prezidenti İlham  Əliyevə  və  Birinci  vitse-prezident   Mehriban  xanım  Əliyevaya  minnətdarlıqlarını  bildirdilər.

Ərəstun ABDULOV,

“Respublika”.