Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyevadan
Məktublar

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyevadan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident,

Sizi doğum gününüz münasibətilə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu adından və öz adımdan səmimi-qəlbdən təbrik edirəm.

Bu gün Azərbaycanın hərtərəfli və dinamik inkişafı, beynəlxalq arenada sarsılmaz mövqe və böyük nüfuz qazanması, yeni-yeni uğurlara imza atması Sizin ölkənin gələcəyi naminə göstərdiyiniz əvəzolunmaz xidmətlərin nəticəsidir. Sizin yüksək şəxsi keyfiyyətləriniz, Vətənə, xalqa olan məhəbbətiniz və bağlılığınız, hər zaman dövlətin milli maraqlarından çıxış edən uğurlu diplomatik addımlarınız şərəfli missiyanızın parlaq göstəriciləridir.

Sizin bu ili ölkədə “Şuşa İli” elan etməyiniz Azərbaycanın və bütövlükdə Türk dünyasının çoxəsrlik tarixinin, zəngin mədəniyyətinin ayrılmaz və önəmli parçası olan Şuşanın dirçəldilməsi, şəhərin əvvəlki şöhrətinin bərpası yönündə mühüm hadisə oldu.

Zati-alinizin təşəbbüsü ilə yaradılmış Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Qarabağın incisi olan Şuşanın 2023-cü ili eyni zamanda “Türk dünyasının mədəniyyət paytaxtı” kimi qarşılayacağını səbirsizliklə gözləyir və biz şəhərin bu fəxri statusu yüksək səviyyədə daşımasına öz töhfəmizi verməyə hazırlaşırıq. Qürur hissi keçiririk ki, bu il ilk dəfə Fond tərəfindən Azərbaycandan kənarda - doğma Türkiyəmizdə “Şuşa günləri" təşkil olunmuşdur. Biz bütün fəaliyyətimizdə Sizin daimi dəstəyinizi hiss edirik.

Sizə möhkəm cansağlığı, ailə səadəti, tükənməz enerji və yeni-yeni böyük uğurlar arzulayıram.

Fürsətdən istifadə edərək, Sizi qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə ürəkdən təbrik edirəm.

Dərin hörmətlə, 

Günay Əfəndiyeva

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti