Ecazkar və füsunkar: TƏBİİ SƏRVƏTLƏRİMİZ
Ekologiya

Ecazkar və füsunkar: TƏBİİ SƏRVƏTLƏRİMİZ

Azərbaycan çox zəngin yeraltı və yerüstü təbii sərvətlərə malikdir. Təbiətin yaratdığı və yaxud insan əməyinin məhsulu olan bu incilər dövlət tərəfindən xüsusi mühafizə olunur və davamlı tədbirlər həyata keçirilir. Park və qoruq yerlərinin əksəriyyəti təbii iqlim şəraitinə görə əlverişlidir. Təbiət yasaqlıqları da daxil olmaqla park və qoruqlar turist cəlbi baxımından da əhəmiyyətlidir.

Hazırda ölkəmizdə ümumi sahəsi 892546,49 hektar xüsusi mühafizə olunan təbiət əraziləri, o cümlədən 10 milli park, 10 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir.

Dövlət təbiət qoruğu mövcud təbiət kompleksləri qorumaq, təbiət proseslərinin təbii hərəkətlərini öyrənmək üçün xüsusi qorunan təbiət ərazisidir.

Dövlət təbiət yasaqlığı təbiət komplekslərinin və onların komponentlərinin qorunması və ya bərpası, habelə ekoloji tarazlığın saxlanılması üçün əhəmiyyət daşıyan sahəsidir.

Milli Parkın yaradılmasında məqsəd ərazidə müxtəlif növ heyvanların qorunub saxlanması ilə yanaşı, ekoloji monitorinqin həyata keçirilməsi, əhalinin ekoloji cəhətdən maarifləndirilməsi və turizm üçün əlverişli şərait yaradılmasından ibarətdir.

Milli parklarımız Abşeron yarımadasında, ölkənin şimal, cənub və qərb hissəsində yerləşməklə rəngarəng biomüxtəliflik və landşaft komplekslərini əhatə edir. Milli parklar ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbii komplekslərin yerləşdiyi və təbiəti mühafizə, istifadə olunan təbiəti mühafizə və elmi-tədqiqat idarələri statusuna malik olan ərazilərdir. Respublikamızın ərazisində yerləşən milli parkların hər biri landşaftına, flora və faunasına görə fərqlənir və maraq doğurur.

Qəzetimizin bu sayında Təbiət yasaqlıqları seriyasından Bəndovan Dövlət Təbiət Yasaqlığı haqqında yazını dərc edirik.

"Respublika".

Bəndovan Dövlət Təbiət Yasaqlığı

Bəndovan Dövlət Təbiət Yasaqlığının yerləşdiyi Salyan rayonu Muğan düzündə Kür-Araz ovalığının cənub-şərqi Şirvan düzündə yerləşir. Şərqdən kiçik sahədə Xəzər dənizi ilə hüdudlanır. Ərazidə Tirə və təpəliklər, Babazanlı, Xıdırlı, Bəndovan yaşayış məkanları vardır.

Rayonun ərazisi 1792 kvadratkilometrdir. Ərazisi əsasən boz-qonur, boz, boz-çəmən allivüal, şoran torpaqlardan ibarətdir. Yayı isti, qışı isə mülayim keçir. Salyan rayonu 8 avqust 1930-cu ildə yaradılmışdır. Bitki örtüyü yarımsəhra və səhra tiplidir. Rayon zəngin flora və faunaya malikdir. Ərazisində ceyran, qırmızıquyruq qumsiçanı, gürzə, qaşqaldaq, kiçik qarabatdaq, ala ördək, yaşılbaş ördək, anqut, ağquyruq dəniz qartalı, cüllüt, dalğıc, çəmən və iri arıquşu, imperator qartalı, bülbül, kəklik, durna, torağay, leylək, qaratoyuq və digər heyvan və quş növləri vardır. Düzənlik ərazilərdə isə canavar və çaqqal, Kürqırağı ərazilərdə isə tülkü və vəhşi pişiklərə rast gəlinir.

Salyan rayonunun flora və faunasını qorumaq üçün Bəndovan Dövlət Təbiət Yasaqlığı 1961-ci ilin noyabrında Salyan və Qaradağ rayonlarının ərazisində yaradılmışdır. Bu yasaqlığın yaradılmasında əsas məqsəd bu ərazilərdə ceyranları və digər məməli heyvanları, köçəri və oturaq su və quru quşlarını qoruyub, artırmaqdır. Yasaqlığın ərazisi 4930 hektardır. Yasaqlıqda son 20 ildə ceyranların sayı xeyli artmışdır. Ərazi heyvanlar aləminə görə də zəngindir. Burada məməlilərdən dovşan, tülkü, çaqqal, ceyran (Gazella sulgutturosa), canavar, porsuq və s. yaşayır. Xəzər dənizinin sahil sularında suiti, çoxlu müxtəlif balıqlar var. Ərazidə quşlardan qu quşu, çay ördəyi, dalğıc ördəyi, vağ, qarabatdaq, qaşqaldaq, bəzgək (ofis tetrax), turac, bildirçin və digər quşlar yayılmışdır.

Onu da qeyd edək ki, bu ərazilərdə əvvəllər ceyranların sayının azalmasına səbəb onların ovlanması və heç bir təbiəti mühafizə işinin həyata keçirilməməsi olub. 40-50 min baş ceyran sürüsündən 200-ə yaxın başın qalması həyəcan təbili çalmağa əsas verib. Ona görə də ceyranların mühafizəsinə qərar verilib. O dövrdə akademik Həsən Əliyevin rəhbərliyi altında ceyranların populyasiyasının bərpası proqramına başlanılıb. Buna görə də 1961-ci ildə Salyan rayonu ərazisində Bəndovan Dövlət Təbiət Yasaqlığı yaradılmışdır. Ölkəmizin iqtisadi inkişafı, mühafizə rejiminin artması və genişləndirilməsi ceyranların sayının artmasına imkan verib.

Əli SADIQOV,

"Respublika".