DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

ABŞ KONQRESİ İRANDA ETİRAZLARLA BAĞLI QƏTNAMƏ QƏBUL EDİB

ABŞ Konqresinin Nümayəndələr Palatası İranda keçirilən etiraz aksiyalarını dəstəkləyən qətnamə qəbul edib. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə məlumatı “The Hill” nəşri yayıb. Bildirilir ki, 420 konqresmen sənədin lehinə, Respublikaçılar Partiyasının nümayəndəsi, Kentuki ştatından olan deputat Tomas Messi isə əleyhinə səs verib. Eyni zamanda, qətnamədə Məhsa Əmininin vəhşicəsinə döyülərək qətlə yetirilməsi mühakimə olunub. Konqresmenlər sənəddə İran rejiminin nümayişlərdə iştirak edən qadınlara və kişilərə, o cümlədən uşaqlara qarşı vəhşicəsinə aparılan repressiyaları sərt şəkildə pisləyiblər. Onlar eləcə də təhlükəsizlik qüvvələri tərəfindən aksiya iştirakçılarının öldürülməsinə görə cavabdehlik tələb ediblər.

Qətnamənin həmmüəlliflərindən biri olan Coş Qotteymer deyib: “Biz İranın despot rejimə qarşı mübarizə aparan cəsarətli xalqını dəstəkləməliyik. Bu sənədi qəbul etməklə cəsarətli insanları dəstəklədiyimizi, habelə İranda olduğu kimi, bütün dünyada azadlıq və insan haqlarının qorunmasına sadiqliyimizi açıq-aydın anladırıq”.

 

BMT RƏSMİSİ: SURİYA MÜNAQİŞƏSİNİN HƏLL YOLU YAXIN DEYİL

BMT-nin baş katibinin Suriya üzrə xüsusi nümayəndəsi Geir Pedersen Suriyadakı münaqişənin hərtərəfli siyasi həllə ehtiyacı olduğunu, lakin bu həllin yaxın olmadığını bildirib. Bu barədə “TRT” telekanalı məlumat yayıb. Suriya xalqının 2023-cü ildə ciddi bir xaos və böhran içində qaldığını vurğulayan Pedersen deyib: “Bu münaqişənin hərtərəfli siyasi həlli lazımdır. Təəssüf ki, həll yolu yaxın deyil. Ölkə miqyasında atəşkəs münaqişənin həlli üçün çox vacibdir”.

Suriya məsələsi ilə bağlı daha konkret irəliləyiş görmək istədiyini ifadə edən Geir Pedersen bu mövzuda hesabat verəcək yeni vəziyyətin olmadığını vurğulayıb.

Xatırladaq ki, G.Pedersen, eləcə də, Fransa, Almaniya, Böyük Britaniya və ABŞ rəsmiləri Suriya böhranını müzakirə etmək üçün bir neçə gün öncə Cenevrədə bir araya gəliblər.

 

UKRAYNAYA TANKLARDAN SONRA QIRICILARIN VERİLMƏSİ MÜZAKİRƏ OLUNUR

Ukrayna rəsmiləri tanklardan sonra Kiyevə müasir Qərb qırıcılarının verilməsi ilə bağlı müzakirələrin aparılması təşəbbüsü ilə çıxış ediblər. “Report” xəbər verir ki, bu barədə ABŞ-ın “Politico” nəşri məlumat yayıb. NATO-nun hərbi nümayəndələri ilə müzakirələrdə iştirak edən diplomatlardan biri nəşrə açıqlamasında bildirib ki, növbəti addım məhz qırıcı təyyarələr olacaq.

Eyni zamanda, nəşr qeyd edib ki, bu ideyanın əsas dəstəkçiləri Baltikyanı dövlətlərdir.

Hazırda böyük Avropa dövlətləri qırıcıların verilməsinin Ukraynada münaqişənin növbəti gərgin mərhələsinə səbəb olacağından ehtiyatlanır və buna görə də bu ideyanı dəstəkləmir.

Yüksək vəzifəli diplomatlardan biri bildirib ki, hazırda Ukraynaya qırıcı təyyarələrin tədarükü məsələsi tamamilə ağlasığmazdır, lakin artıq 2-3 həftədən sonra bu ideyanın aktiv müzakirəsi başlaya bilər.

 

TEXNOLOGİYA NƏHƏNGLƏRİNDƏ İXTİSARLAR

Texnologiya nəhəngi “IBM” şirkəti işçi qüvvəsini 3900 nəfər azaltmağı planlaşdırır. “TRT” telekanlının verdiyi xəbərə görə, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb. Bildirilir ki, ixtisarlar ümumiyyətlə “Kyndryl” və “Watson Health”in bölmələrində işləyənlərə təsir edəcək. Bu qədər əhəmiyyətli sayda işçini ixtisar etmək texnologiya nəhənginə 300 milyon dollara başa gələcək.

Eyni zamanda, Milli Biznes İqtisadiyyatı Assosiasiyasının məlumatına görə, ABŞ şirkətlərinin təxminən 20 faizi iqtisadi vəziyyətin pisləşməsi səbəbindən işçilərini ixtisar edə bilər.

Məlumata əsasən, artıq Amerika bankı “Goldman Sachs” 3,2 min, “Microsoft Corporation” 2023-cü ildə təxminən 10 min, “Google” korporasiyasının sahibi olan “Alphabet” şirkəti texnologiya sektorunda qarışıqlıq səbəbiylə 12 min işçini ixtisar edəcəyini açıqlayıblar. Mütəxəssislərin fikrincə, bu cür tədbirlər qlobal iqtisadiyyatın yavaşlaması, eləcə də istehlakçıların pandemiya dövründən sonra rəqəmsal məhsullara xərclərini azaltmaq istəyi ilə əlaqəlidir.

 

MÖVLUD ÇAVUŞOĞLU: İSVEÇ ƏVVƏLCƏ TÜRKİYƏNİN ŞƏRTİNİ QƏBUL ETMƏLİDİR

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, İsveç hökuməti Qurani-Kərimin yandırılması kimi alçaq hərəkətə yol verməklə bu cinayətə şərik olub. “TRT” telekanalının xəbərinə görə, bu barədə Mövlud Çavuşoğlu paytaxt Ankarada Serbiya baş nazirinin birinci müavini və xarici işlər naziri İvitsa Daçiç ilə keçirdiyi birgə mətbuat konfransı zamanı bəyan edib.

Məlumata əsasən, Türkiyənin Stokholmdakı səfirliyi qarşısında Quranın yandırılmasına toxunan  M.Çavuşoğlu deyib: “İsveçdəki alçaq hərəkət nifrət cinayətidir, irqçi bir hərəkətdir. İsveç hökuməti bu alçaq hərəkətə icazə verib və onunla ortaq olub. Bu qədər sadə, heç kim bizə başqa bir şey anlatmağa çalışmasın”. Eyni zamanda, Mövlud Çavuşoğlu vurğulayıb ki, terroru dəstəkləməyə davam edən İsveç NATO-ya üzv olmaq üçün əvvəl Türkiyənin terrorla mübarizə ilə bağlı şərtini yerinə yetirmək üçün öhdəlik götürməlidir.

Bununla yanaşı, M.Çavuşoğlu hesab edir ki, İsveçin NATO-ya üzvlük yoluna “mina düzülür”: “Belə olan halda Finlandiyanın da iştirakı ilə üçtərəfli görüş nəticə verməz”.

 

HƏRBİ DRONLARIN QLOBAL BAZARI 19 MİLYARD DOLLARA ÇATACAQ

Qlobal hərbi dron bazarı 2021-ci ildəki satışları ilə müqayisədə 2026-cı ilə qədər 7,3 faiz artaraq 18,9 milyard dollara çatacaq. “Report” xəbər verir ki, bu barədə “Research and Markets” analitik şirkətinin araşdırmasında qeyd olunur.

Araşdırmada bildirilir ki, 2021-ci ildə hərbi pilotsuz təyyarələr bazarı 13,3 milyard dollara çatıb ki, bu da 2016-cı illə müqayisədə artım 2,5 faiz təşkil edib. Ekspertlər qeyd ediblər ki, dron bazarının böyüməsi təhlükəsizlik sahəsində dövlət xərclərinin artması, daxili və xarici təhlükələrin çoxalması ilə stimullaşdırılacaq.

Məlumata əsasən, gələcəkdə hərbi pilotsuz təyyarələr bazarının böyüməsinə mane ola biləcək amillərə kiberhücumların artması, onların alınması və istismarı üçün qaydaların sərtləşdirilməsi daxildir.

Araşdırmaya görə, uzun mənzilli hibrid dronlar ən sürətlə böyüyən bazar seqmenti olacaq. Regionlar arasında dron alışında ən böyük artım Qərbi Avropa və Şimali Amerikada müşahidə ediləcək. Dron bazarının böyüməsinə həmçinin 3D çap texnologiyaları və süni intellekt təsir göstərəcək.

 

TAİLANDDA HAVANIN KƏSKİN ÇİRKLƏNMƏSİ QEYDƏ ALINIB

Tailandın 320 rayonunda havanın kəskin şəkildə çirklənməsi qeydə alınıb. “Trend” agentliyinin məlumatına görə, bu barədə “World's Air Pollution”ın monitorinqində bildirilir.

Ölkənin dörd regionunda indeks qəhvəyi səviyyəyə (təhlükəli) yüksəlib - 50 bənd norma olduğu halda 311-dən 427-yə qədər dəyişir. Digər 20 sahədə isə səviyyə bənövşəyidir (çox qeyri-sağlam) və 201-280 bənd arasında dəyişir, yəni bütün insanların sağlamlığına mənfi təsir göstərə bilər.

Banqkokun 40 rayonunda və qonşu əyalətlərdə indeks qırmızı səviyyəyə (qeyri-sağlam) qaldırılıb və 151-200 bənd arasında dəyişir.

Məlumata əsasən, səhər saatlarından şəhərin biznes mərkəzində duman hökm sürür. Krallığın qalan 246 regionunda indeks eyni səviyyədədir.

Verilən xəbərə görə, ümumilikdə Tailand üzrə havanın keyfiyyəti indeksi orta hesabla 216 bənd, Banqkok üzrə isə 171 bənd təşkil edir.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.