DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

A.QUTERREŞ: QƏZZADAKI VƏZİYYƏT BƏŞƏRİYYƏTİN BÖHRANINA ÇEVRİLİB

“Qəzza zolağındakı humanitar vəziyyət bəşəriyyətin böhranına çevrilib. İsrailin Müdafiə Ordusu Fələstin anklavına hava zərbələrini, eləcə də mülki əhalinin öldürülməsi ilə nəticələnən quru əməliyyatlarını davam etdirir”. “TASS” agentliyinin verdiyi xəbərə görə, bu barədə BMT-nin baş katibi Antonio Quterreş bəyan edib.

Baş katibin sözlərinə görə, Qəzza zolağında hazırki vəziyyət humanitar böhrandan daha böyükdür və bu, bəşəriyyətin böhranıdır.

Eyni zamanda, Antonio Quterreş qeyd edib ki, İsrailin Müdafiə Ordusu atəş və quru əməliyyatlarını davam etdirdiyi üçün Qəzza zolağında heç kim təhlükəsiz vəziyyətdə deyil. O, bildirib ki, nəticədə mülki əhali, xəstəxanalar, qaçqın düşərgələri, məscidlər, kilsələr və BMT obyektləri, o cümlədən sığınacaqlar zərbə altında qalırlar.

Bununla yanaşı, Antonio Quterreş həmçinin oktyabrın 7-də Fələstinin radikal HƏMAS hərəkatının döyüşçülərinin İsrailə hücumunu pisləyib və girovların dərhal azad edilməsini istəyib.

HƏMAS-IN İSRAİLƏ HÜCUM PLANININ DETALLARI MƏLUM OLUB

HƏMAS hərəkatının oktyabrın 7-də İsrailə qarşı hücum planının müəllifləri kimi təşkilatın lideri Yəhya Sinvar və hərəkatın hərbi qanadı “Əl-Qəssam” briqadasının rəhbəri Məhəmməd əl-Deyfin adları çəkilir. Bu barədə “Trend” agentliyinin verdiyi xəbərdə qeyd olunur.

Məlumata əsasən, əksər HƏMAS üzvləri üçün “Əl-Əqsa tufanı” əməliyyatının başlaması sürpriz olub. Onlar əməliyyat başlamazdan əvvəl gözlənilmədən səhər saat dörd radələrində namaza getmək üçün şifahi əmr alıblar. Səhər saat altıda isə şifahi olaraq artıq döyüş əmri verilib.

Eyni zamanda, hücumda iştirak edən HƏMAS bölmələrinin hər birinə ayrıca hədəf qoyulduğu da qeyd edilir.

Xatırladaq ki, oktyabrın 7-də Qəzza zolağından İsrailə hücum həyata keçirilib. Əvvəlcə Qəzza ərazisindən İsrail şəhərlərinə reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.

Bunun ardınca, İsrail hakimiyyəti müharibə vəziyyəti elan edib. Daha sonra İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışına göstəriş verib.

PORTUQALİYA PREZİDENTİ BAŞ NAZİRİN İSTEFASINI QƏBUL EDİB

Portuqaliya prezidenti Marselu Rebelu ölkənin baş naziri Antoniu Koştanın istefasını qəbul edib. Bu barədə “Report” agentliyi “CNN Portugal” telekanalına istinadən məlumat yayıb.

Verilən xəbərə görə, ölkə mediası baş nazirin korrupsiya araşdırması fonunda evində axtarış aparılması, silahdaşlarının həbs edilməsindən sonra istefa vermək qərarına gəldiyini açıqlamışdı.

Qeyd edilir ki, istintaq çərçivəsində müstəntiqlərin diqqətini Portuqaliyanın şimalında litiumla bağlı kəşfiyyat işləri və Sineş şəhərində yaşıl hidrogen meqalayihəsi cəlb edib.

Bununla yanaşı, müstəntiqlər Antoniu Koşta administrasiyasının rəhbəri Vitor Eskariyanı, baş nazirin məsləhətçisi Laserda Maçadonu və Sineş şəhərinin meri Nunu Maskarenyaşı dindiriblər.

HAKERLƏR ÇEXİYA VƏTƏNDAŞLARININ 43 MİLYON DOLLARINI OĞURLAYIBLAR

Hakerlər 2023-cü ilin ilk doqquz ayı ərzində Çexiya banklarının müştərilərindən təxminən 1 milyard kron (təxminən 43,4 milyon dollar) oğurlayıblar. Bu barədə Çexiyanın “Seznam” xəbər portalı məlumat yayıb.

Verilən xəbərə görə, yanvar ayından sentyabra qədər 50 minə yaxın bank müştərisi hakerlərin qurbanı olub. Onların hər birinə orta hesabla dəymiş ziyan təxminən 20 min kron (868 dollar) təşkil edib.

Bununla yanaşı, portalın məlumatına görə, ölkəfə hakerlərin bank müştərilərinin vəsaitlərini oğurlaması hallarının sayı sürətlə artıb.

Xatırladaq ki, Çexiya Banklar Assosiasiyası 2021-ci ildən başlayaraq bank müştəriləri üçün tərtib etdiyi kibertəhlükəsizlik indeksini 66 bəndə endirməyə məcbur olub. İki il əvvəl bu rəqəm 68 bal idi.

ENTONİ BLİNKENDƏN HAKAN FİDANA QARŞI “DİPLOMATİK HÖRMƏTSİZLİK”

Türkiyənin xarici işlər naziri Hakan Fidan  ABŞ-ın dövlət katibi Entoni Blinkenin göstərdiyi ədəbsizlik səbəbindən amerikalı diplomatla görüş zamanı qucaqlaşmaqdan imtina edib. Bu barədə Türkiyənin “Hürriyet” qəzeti məlumat yayıb.

Qeyd edilir ki, Türkiyə mətbuatının müzakirə etdiyi vəziyyət noyabrın 6-da Entoni Blinkenin Türkiyəyə səfəri zamanı baş verib.

“Blinkenin avtomobili Xarici İşlər Nazirliyinin qapısına çatanda Hakan Fidan protokol qaydalarına uyğun olaraq diplomatı qarşılamaq üçün aşağı enərək nazirliyin qapısına çıxıb. Lakin Blinken avtomobildən düşməyərək telefonla danışmağa davam edib. Bu vəziyyəti görən Hakan Fidan geri qayıdaraq binaya daxil olur”, - deyə nəşr qeyd edib.

Jurnalistlərin açıqlamasına görə, bundan sonra türk naziri Entoni Blinkenin “diplomatik ədəbsizliyinə” görə həmkarını qucaqlamaq cəhdindən imtina edib.

Eyni zamanda, “Sabah” qəzetinin verdiyi xəbərə görə, Entoni Blinken Hakan Fidanla salamlaşarkən onu qucaqlamağa çalışsa da, türkiyəli nazir bir addım geri çəkilib.

NİKOLAY PATRUŞEV QƏRBİN NÜFUZUNU İTİRDİYİNİ AÇIQLAYIB

“Qərbin maraqları ətrafında cəmləşmiş dünya nizamı tədricən dağılır və proses artıq geridönülməzdir”. “Trend” agentliyinin verdiyi xəbərə görə, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Moskvada Müstəqil Dövlətlər Birliyindən (MDB) olan həmkarları ilə görüş zamanı bəyan edib.

“Görüşümüz bütün dünya üçün çətin bir dövrdə keçir. Qərb mərkəzli dünya nizamının dağılması prosesi geridönülməzdir. Anqlosakslar və bütünlükdə Qərb nüfuzunu itirir və artıq beynəlxalq münasibətlərin əsas subyekti deyil”, - deyə Patruşev vurğulayıb.

Bununla yanaşı, Rusiya Təhlükəsizlik Şurasının katibi Qərb ölkələrinin baş verənlərlə barışmaq istəmədiyini və öz dominantlığını saxlamağa çalışdığını bildirib.

“Qərb sürətlə hərbi potensiallarını gücləndirir və iqtisadi, eləcə də siyasi baxımdan onlardan asılı olan ölkələrə öz şərtlərini daha aqressiv şəkildə diktə etməyə çalışırlar”, - deyə Nikolay Patruşev əlavə edib.

SLOVENİYADA ƏCNƏBİLƏR HAQQINDA QANUNA DƏYİŞİKLİKLƏR TƏSDİQLƏNİB

Sloveniya Dövlət Assambleyası (parlamentin aşağı palatası) deputatları əcnəbilər haqqında qanuna dəyişiklik edilməsinə yenidən səs veriblər. “Report” agentliyinin verdiyi xəbərə görə, iclasda 52 deputat əcnəbilər haqqında qanuna dəyişikliklərin qəbul edilməsinin tərəfdarı olub.

Bildirilir ki, qanuna əsasən əcnəbinin ailəsinə qovuşmaq hüququna malik olduğu müddət iki ildən bir ilə endiriləcək və sloven dilini bilmək məcburi olacaq.

Belə ki, A1 səviyyəsində dil biliyi olan əcnəbi işçilərin ailə üzvləri üçün yaşayış icazələrinin uzadılması şərti “sağ qalmaq” adlanan səviyyəyə dəyişdiriləcək ki, bu da öz növbəsində müxtəlif gündəlik vəziyyətlərdə ünsiyyət qurmaq bacarığından ibarətdir.

Xatırladaq ki, noyabrın 2-də Sloveniya Dövlət Şurasının (parlamentin yuxarı palatası) üzvləri əcnəbilər haqqında qanuna edilən bu düzəlişlərə oktyabrın 26-da Dövlət Assambleyası tərəfindən təsdiq edildikdən sonra veto qoymuşdular.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.