DÜNYA BU GÜN
Dünya xəbərləri

DÜNYA BU GÜN

ÇİN LİDERİ ABŞ PREZİDENTİNƏ TAYVAN MƏSƏLƏSİNDƏ “QIRMIZI XƏTTİ” XATIRLADIB

Çin Xalq Respublikasının Sədri Si Cinpin ABŞ prezidenti Cozef Baydenlə telefon danışığı zamanı Tayvan məsələsinə toxunaraq ABŞ-ın “qırmızı xətti keçməməli olduğunu” xatırladıb və Pekinin Tayvandakı separatçı fəaliyyətə, eləcə də kənardan dəstəyə dözməyəcəyini vurğulayıb. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə Çin mətbuatı məlumat yayıb.

Eyni zamanda qeyd edilir ki, Si Cinpin ABŞ administrasiyasının Çin iqtisadiyyatını, ticarətini və elminin inkişafını zəiflətməyə yönəlmiş addımlarını tənqid edib.

Məlumata əsasən, Si Cinpin xüsusilə ABŞ administrasiyasının qabaqcıl texnologiyaların Çinə ötürülməsinə mane olmağa yönəlmiş “sonsuz səylərinə” diqqət çəkib.

“Biz sabitliyə üstünlük verməliyik. Problemlər yaratmamalı, həddi aşmamalı, ABŞ-Çin münasibətlərinin sabitliyini qorumalıyıq”, - deyə Çin televiziyası Si Cinpindən sitat gətirib.

“Assoşieyted Press” agentliyi öz növbəsində xatırladıb ki, bu, liderlərin Kaliforniyada danışıqlar apardığı ötən ilin noyabrından bəri ilk danışığı olub.

NATO UKRAYNA ÜÇÜN 100 MİLYARD DOLLARLIQ FOND YARATMAQ İSTƏYİR

NATO-nun baş katibi Yens Stoltenberq iyul ayında ABŞ-da keçiriləcək sammit zamanı beş il ərzində Ukraynaya silah tədarükünün ödənilməsi üçün 100 milyard dollarlıq fond yaratmağı təklif edəcək. Bu barədə “Bloomberg” agentliyi xəbər verib.

Məlumata görə, baş katib həmçinin Kiyevə bütün hərbi təchizatın koordinasiyasını ABŞ-dan NATO-nun nəzarətinə keçirməyi təklif edəcək.

Agentlik bildirilib ki, Yens Stoltenberqin sözügedən təklifləri NATO-nun bu ölkəni alyansa dəvət etməkdən imtina etməsinə görə Ukraynaya kompensasiya olmalıdır.

“Stoltenberq sammitdə alyans liderləri tərəfindən imzalanacaq paket sazişlər çərçivəsində beş il ərzində 100 milyard dollar dəyərində ittifaq ölkələrinin ödənişləri əsasında fond yaratmağı təklif edəcək”, - deyə “Bloomberg” qeyd edib.

Ekspertlər bildiribər ki, sözügedən addım alyansın Ukrayna ordusuna silah-sursat tədarükündəki rolunu artırmaq imkanı verəcək.

QƏZZA ZOLAĞININ İNFRASTRUKTURUNA DƏYƏN ZİYAN AÇIQLANIB

Ötən ilin oktyabr ayından bu ilin yanvarına kimi Qəzza zolağının infrastrukturuna dəyən ziyanı 18,5 milyard dollar təşkil edib. “Report” agentliyinin xəbərinə görə, bu barədə BMT və Dünya Bankının birgə dərc etdiyi hesabatda qeyd olunub.

Eyni zamanda, sənəddə vurğulanır ki, dörd ay ərzində dəymiş ziyan Fələstinin 2022-ci il üçün ÜDM-nin 97 faizinə bərabərdir.

Məlumata əsasən, ən çox zərər mənzil sektoruna dəyib. Belə ki, ziyanın 72 faizi yaşayış binalarının payına düşür. Ticarət, sənaye və xidmət sahələrinə dəyən ziyan ümumi məbləğin 9 faizini təşkil edir. Dağıntılar ən çox Qəzzanın şimalında və Xan Yunis əyalətində qeydə alınıb.

Bununla yanaşı, birgə məlumatda bildirilir ki, davam edən qarşıdurmadan Qəzza iqtisadiyyatı da ciddi zərər görüb. Qəzza zolağının əhalisinin 74 faizi işsizdir.

İTALİYADA TELEFONLA DİAQNOZ QOYAN HƏKİM HƏBS EDİLİB

İtaliyanın Ali Kassasiya Məhkəməsi xəstəyə telefon vasitəsilə diaqnoz qoyan həkim barədə həbs qərarı çıxarıb. Bu barədə “Trend” agentliyi xəbər verib. Bolonya şəhərindən olan həkim vəzifə öhdəliklərini icra etməməkdə təqsirli bilinib.

Verilən xəbərə əsasən, xəstə təcili yardıma müraciət edərək döş qəfəsi nahiyəsində güclü yanğı, eləcə də əllərə və barmaqlara yayılan ağrıdan şikayət edib. Növbətçi həkim xəstəyə qastroenterit diaqnozu qoyub, lakin kişi tezliklə infarktdan dünyasını dəyişib.

Birinci instansiya məhkəməsi həkimə bəraət verərək barəsində 4 aylıq həbs və analoji müddətdə işləməsinin qadağan olunması barədə qərar verib.

Məhkəmə müəyyən edib ki, sağlamlıq hüququ dövlət qulluğunda olan həkimin xəstəni qorumasını tələb edir. Boloniyalı həkimin təqsiri ondan ibarət olub ki, o, xəstənin xahişinə baxmayaraq, onu evdə ziyarət etməkdən imtina edib və xəstənin vəziyyətinin ağırlığını yanlış dəyərləndirib.

TAYVANDA BAŞ VERƏN ŞİDDƏTLİ ZƏLZƏLƏ ZAMANI ÖLƏNLƏRİN SAYI ARTIB

Tayvan sahillərində baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 9 nəfərə çatıb, yaralanların sayı isə 1000 nəfəri keçib. Bu barədə “Sputnik” informasiya agentliyi məlumat yayıb.

Verilən xəbərə görə, zəlzələnin episentri Tayvanın şərq sahilləri yaxınlığında yerləşib. Bundan sonra hündürlüyü 3 metrə çatan sunami təhlükəsi elan edilib.

Adanın Mərkəzi Meteorologiya İdarəsinin məlumatına görə, bu, son 25 ildə Tayvanda baş verən ən güclü zəlzələdir.

Yapon meteoroloqlar ilk zəlzələnin maqnitudasını 7,5 bal həcmində hesablasa da, sonradan rəqəm 7,7-ə yüksəldilib. Birinci zəlzələdən dərhal sonra 6,6 bal gücündə ikinci zəlzələ baş verib.

Bununla yanaşı, Meteorologiya İdarəsinin məlumatına görə, maqnitudası 6,5-ə çatan 40-a yaxın afterşok qeydə alınıb.

Tayvanın Mərkəzi Xəbər Agentliyi seysmoloqlara istinadən xəbərdarlıq edib ki, yaxın günlərdə Tayvan yaxınlığında 7,0 bal gücündə zəlzələlər baş verə bilər.

QIRĞIZISTAN BANKLARI DA “MİR” KARTLARI İLƏ ƏMƏLİYYATLARI DAYANDIRDI

Qırğızıstan bankları Rusiyanın “Mir” ödəniş  kartları ilə əməliyyatların aparılmasını dayandırıb. “TASS” agentliyinin xəbərinə görə, bu barədə “Elkart” milli ödəniş sisteminin operatorunun saytında məlumat yayılıb.

Açıqlamaya görə, aprelin 3-dən etibarən “Mir” kartlarının istifadəçiləri üçün kartdan karta köçürmələr və s. əməliyyatlar əlçatmaz olub.

Qeyd edilib ki, bu ilin fevral ayında ABŞ Maliyyə Nazirliyinin xarici aktivlərə nəzarət üzrə məsul bölməsi “Mir” ödəniş sisteminin  operatoruna qarşı sanksiyalar tətbiq edib. İkinci dərəcəli sanksiyalar riskini minimuma endirmək üçün Qırğızıstan tərəfi daha sonra respublika ərazisində “Mir” kartları ilə əməliyyatların aparılmasından imtina etməyə məcbur olub.

Bununla yanaşı, Qırğızıstan Milli Bankı belə məsələlərlə bağlı kommersiya banklarının işinə müdaxilə etmək səlahiyyətinin olmadığını bildirib və əmin edib ki, banklar hansı ödəniş sistemi ilə işləyəcəklərinə müstəqil qərar vermək hüququna malikdirlər.

AFRİKA ÖLKƏSİ ALMANİYANI 20 MİN FİLLƏ HƏDƏLƏDİ

Cənubi Afrika ölkəsi olan Botsvananın prezidenti Mokqvitsi Masisi fil ovunun qarşısını almaq üçün ov ləvazimatlarının satışına məhdudiyyətlər qoymaq istəyən Almaniyaya 20 min fil göndərməklə hədələyib. “BBC” agentliyinin xəbərinə görə, prezident Almaniya hökumətinin Afrikadakı fil populyasiyasını qorumaq üçün ov materialları və ləvazimatlarının satışını qadağan etmək təşəbbüsünü tənqid edib.

Bununla yanaşı, təxminən 130 min filin yaşadığı Botsvanada mühafizə işləri nəticəsində fillərin sayının fantastik həddə artdığını söyləyən M.Masisi fil sürülərinin mülklər və məhsullara zərər verdiyini, insanların ölümünə səbəb olduğunu da bildirib.

Ölkə lideri ovun fil populyasiyasına nəzarət üçün təsiredici üsul olduğunu vurğulayıb: “Berlində oturub Botsvanadakı problemlərimiz haqda fikir irəli sürmək çox asandır”.

Eyni zamanda, Botsvananın fil sayını azaltmaq üçün Anqolaya artıq 8 min fil verdiyini xatırladan M.Masisi populyasiyanı qorumaq üçün fəaliyyətlərini davam etdirəcəyi təqdirdə, Almaniyaya 20 min fil göndərə biləcəklərini qeyd edib. Prezident bunun zarafat olmadığını vurğulayaraq, “yox” cavabını qəbul etməyəcəklərini də sözlərinə əlavə edib.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.