DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

TÜRKİYƏDƏKİ GÜCLÜ ZƏLZƏLƏDƏN SONRA 790 AFTERŞOK QEYDƏ ALINIB

Kahramanmaraşda baş verən 7,7 maqnitudalıq zəlzələdən sonra indiyədək ümumilikdə 790 afterşok qeydə alınıb. “Report” xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyindən  bildirilib. Məlumata görə, psixoloji yardım məqsədilə əraziyə 2902 nəfər və 132 nəqliyyat vasitəsi cəlb olunub. Bildirilir ki, dağıdıcı zəlzələ Türkiyənin 10 vilayətində 13,5 milyon insana təsir göstərib. Həmçinin zəlzələ baş verən 10 əyalətdə üç aylıq fövqəladə vəziyyət elan olunub.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan  fevralın 8-də zəlzələnin mərkəzi olan Kahramanmaraş vilayətinə səfər edib. Dövlət başçısı təbii fəlakətin baş verdiyi ərazilərdə axtarış-xilasetmə işlərinin gedişatı ilə tanış olub. Eyni zamanda, verilən xəbərə görə, Hatayın İskəndərun vilayətində zəlzələ nəticəsində dənizin səviyyəsi qalxıb. Sahil boyu yolları, meydanları və iş yerlərini su basıb. Risk səbəbindən bulvardakı binalar və iş yerləri boşaldılıb. Bildirilir ki, zəlzələdən iki gün keçməsinə baxmayaraq, dənizin səviyyəsinin enməməsi diqqət çəkib.

 

ABŞ PREZİDENTİ ÇİNƏ XƏBƏRDARLIQ EDİB

Çinin addımları ABŞ-ın suverenliyini təhdid etdiyi zaman rəsmi Vaşinqton ölkəni müdafiə etmək üçün hərəkətə keçəcək. “Report” agentliyinin məlumatına görə, bu barədə ABŞ prezidenti Cozef Bayden Konqresə “Ölkənin vəziyyəti” haqqında illik müraciəti zamanı bəyan edib. “Əmin olun ki, Çin suverenliyimizi təhdid edərsə, ölkəmizi qorumaq üçün ötən həftə etdiyimiz kimi hərəkətə keçəcəyik. Aydınlaşdrımaq üçün deyim: Çinə qarşı rəqabətdə qalib gəlmək hamımızı bir araya gətirməlidir. Çünki dünyada ciddi çağırışlarla qarşılaşırıq”, - deyə prezident bildirib. Eyni zamanda, Cozef Bayden əlavə edib ki, milli infrastruktur layihələrinin həyata keçirilməsində yalnız ABŞ-da istehsal olunan materiallardan istifadə olunacaq.

“Bu gün mən federal infrastruktur layihələrində istifadə olunan materiallar üçün yeni standartları elan edirəm. Hamısı Amerikada hazırlanmalıdır. Taxta, şüşə, alçıpan, fiber optik kabellər, hər şey amerikanın istehsalı olacaq. Mənim prezidentliyim müddətində  körpülər və magistral yollar Amerika materiallarından hazırlanacaq”, - deyə Bayden əlavə edib.

 

YUNANISTANIN BAŞ NAZİRİNDƏN  TÜRKİYƏYƏ DƏSTƏK MESAJI

Yunanıstanın baş naziri Kiriakos Mitsotakis yaşanan gərginliyə baxmayaraq, ölkəsinin Türkiyəyə yardım göndərdiyini bildirib. “Teleqraf.com”un verdiyi xəbər əsasən, baş nazir iki ölkənin çətin anlarında bir-birinin yanında olmasının vacibliyinə diqqət çəkib. “Yunanıstan və Türkiyə çətin anlarda bir-birinə kömək etməli olan qonşulardır. Bu, ölkələrimizdə baş verən ilk zəlzələ deyil. Fikir ayrılıqlarımızı müvəqqəti olaraq bir kənara qoymağın və təcili olaraq vəziyyəti düzəltməyin vaxtıdır”, - deyə K.Mitsotakis vurğulayıb.

Bununla yanaşı, baş nazir sosial şəbəkə hesabında türkcə paylaşım da edib və Kahramanmaraşda xilasetmə işlərinə cəlb edilən yunan xilasedicilərin işini yüksək qiymətləndirib.

“Bizi ağrı ilə dolduran görüntülərin ardınca bizi ümidlə dolduran görüntülər gəlir. Xilasetmə qruplarının fövqəlbəşəri səylərinə yalnız sayğı duyuruq. Yunanlar və türklər həyatları xilas etmək üçün birlikdə, yan-yana döyüşürlər. Onlara etdiklərinə görə minnətdarıq”, - deyə baş nazir qeyd edib.

 

ALEKSANDR NOVAK: AVROPA RƏSMILƏRİNİN HƏRƏKƏTLƏRİ MƏNTİQƏ ZİDDİR

Avropa İttifaqının yanacağın qiymət həddinə istisna tətbiq etməsi Rusiyanın neft və neft məhsullarına Avropada tələbat olduğunu göstərir və Aİ siyasətçilərinin bu hərəkətləri məntiqə ziddir. “Sputnik” informasiya agentliyinin verdiyi xəbərə görə, bunu Rusiya baş nazirinin müavini Aleksandr Novak jurnalistlərə açıqlamasında bildirib.

“Avropalı siyasətçilər bir daha göstərdilər ki, onların hərəkətləri istənilən məntiqə ziddir: əsasən, onlar bir anlıq qərarlar qəbul edirlər, sonra isə bu vəziyyətdən necə çıxmaq barədə düşünürlər. Xüsusilə, bu istisnalar bunu bir daha təsdiqləyir”, - deyə A.Novak vurğulayıb. Avropa Komissiyasının açıqlamasına əsasən, Rusiya yanacağı üçün fevralın 5-dən müəyyən edilmiş qiymət həddi üçüncü ölkədə əsaslı şəkildə emal olunan neft məhsullarını, habelə üçüncü ölkədə Rusiya və xarici yanacaqların qarışdırılması yolu ilə istehsal olunan neft məhsullarını əhatə etmir. Eyni zamanda, neft məhsullarının nə qədər emal edilməli və hansı nisbətdə qarışdırıla biləcəyi isə tətbiq edilmiş embarqoda göstərilmir. Sənədin əvvəlində Avropa Komissiyası bunun hüquqi akt olmadığını qeyd edir.

 

ZELENSKİ LONDONDA BÖYÜK BRİTANİYANIN BAŞ NAZİRİ İLƏ GÖRÜŞÜB

Ukrayna prezidenti Volodimir Zelenski fevralın 8-də Böyük Britaniyaya səfər edib. “Report” agentliyi xəbər verib ki, bu barədə Ukrayna Prezidentinin Ofisi məlumat yayıb. Açıqlamaya əsasən, Zelenski Böyük Britaniyanın baş naziri Rişi Sunakla müharibədəki son durumu müzakirə edib.

Qeyd olunub ki, V.Zelenski hərtərəfli dəstəyə görə R.Sunaka təşəkkür edib. O, Britaniyanın Ukraynanın sadiq tərəfdaşı olduğunu diqqətə çatıdırıb. Bununla yanaşı, Ukrayna lideri işğal altındakı əraziləri azad etmək üçün müttəfiqlərdən lazımi silahların alınmasının vacibliyini ifadə edib. Həmçinin görüş zamanı liderlər müdafiə sahəsində əməkdaşlığı və ikitərəfli gündəliyin bütün məsələlərini müzakirə ediblər.

Ukrayna prezidenti Volodimir Zelenski London səfərindən sonra Fransanın paytaxtı Parisə yola düşəcək. Məlumata görə, o, Parisdə Fransa prezidenti Emmanuel Makronla görüşəcək.

 

QURANIN YANDIRILMASI ISVEÇDƏ TƏHLÜKƏSİZLİYƏ MƏNFİ TƏSİR GÖSTƏRİB

Türkiyənin Stokholmdakı səfirliyi önündə Quranın yandırılması ilə bağlı aksiya İsveçdə təhlükəsizlik vəziyyətinə mənfi təsir göstərib. “Sputnik” informasiya agentliyinin verdiyi xəbərə görə, bu barədə İsveç Milli Təhlükəsizlik Polisinin bəyanatında qeyd olunur. “Yanvarda Türkiyənin Stokholmdakı səfirliyi qarşısında Quranın yandırılmasına reaksiya əhəmiyyətli idi. Xidmətimiz daha əvvəl bu vəziyyətin təhdidlərə səbəb ola biləcəyini bildirmiş və hesab edir ki, bu, təhlükəsizlik vəziyyətinə mənfi təsir göstərib. Bu, hazırda dünyada təhlükəsizliklə bağlı vəziyyətin pisləşməsi fonunda nəzərdən keçirilməlidir”, - deyə qurumun yayılan bəyanatda vurğulanır.

Verilən xəbərə əsasən, idarə İsveçə və ölkənin xaricdəki maraqlarına yönəlmiş hücum təhlükələri barədə məlumatları daim təhlil edir. “Son hadisələrdən sonra xidmətimiz emal etdiyi kəşfiyyat məlumatlarında hücum təhdidlərinin sayının artdığını qeyd edib. Bu o deməkdir ki, hazırda dünyanın islamçı dairələri İsveçə diqqəti artırıb”, - deyə qurumdan bildirilib.

 

ZƏLZƏLƏ KAHİNİ: BÖLGƏ YENİDƏN FORMALAŞIR

Türkiyədəki güclü zəlzələlərdən bir neçə gün öncəki paylaşımları ilə “zəlzələni əvvəlcədən bilən adam” kimi təqdim edilən Frank Hugerbitsdən yeni paylaşımlar gəlib. “Teleqraf.com”un verdiyi xəbərə görə, Hugerbits Kahramanmaraşda baş verən zəlzələnin bütün bölgəyə ciddi təsir etdiyini dilə gətirib. “Türkiyənin mərkəzində baş verən böyük zəlzələlər bütün bölgədə gərginliyin paylanmasında əhəmiyyətli dəyişikliyə səbəb olub və Fələstinə qədər seysmik aktivlik var. Aydındır ki, bölgə yenidən formalaşır”,- deyə Hugerbits vurğulayıb.

Qeyd edək ki, kahin zəlzələdən üç gün əvvəl sosial media hesabında paylaşım edərək demişdi: “Gec-tez bu bölgədə (Cənub, Mərkəzi Türkiyə, İordaniya, Suriya və Livan) 7,5 bal gücündə zəlzələ meydana gələcək”. Bu paylaşımdan sonra zəlzələ baş verib və bundan sonra Hugerbitsin izləyicilərinin sayı sürətlə artıb. Ona “zəlzələ kahini” adı verilib.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.