DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

VLADİMİR PUTİN SEÇİCİLƏRİN 87,28 FAİZİNİN DƏSTƏYİNİ QAZANIB

Rusiyanın hazırkı prezidenti Vladimir Putin prezident seçkilərində protokolların 100 faizi hesablandıqdan sonra seçicilərin 87,28 faizinin dəstəyini qazanıb. “Trend” agentliyinin xəbərinə görə, bu barədə Rusiya Mərkəzi Seçki Komissiyasının saytında məlumat dərc olunub.

Məlumata əsasən, ikinci yerdə 4,32 faiz səslə Kommunist Partiyası fraksiyasından Dövlət Dumasının deputatı Nikolay Xaritonovdur.

Bununla yanaşı, Dövlət Dumasının vitse-spikeri, Yeni İnsanlar Partiyasının üzvü Vladislav Davankov 3,83 faiz səslə üçüncü yeri tutur.

Xəbər verilir ki, Rusiya Liberal Demokrat Partiyasının (LDPR) rəhbəri Leonid Slutski seçicilərin 3,2 faiz dəstəyini alaraq dördüncü yerdədir.

Qeyd edək ki, Mərkəzi Seçki Komissiyası martın 21-də Rusiya Federasiyasında keçirilən prezident seçkilərinin nəticələrinə rəsmi yekun vuracaq. MSK sədri Ella Pamfilovanın sözlərinə görə, seçici fəallığı müasir Rusiya tarixində rekord göstərici olub: seçki məntəqələrinə 87,1 milyondan çox rusiyalı, yəni seçicilərin 77,44 faizi gəlib. Yeni prezident 6 il vəzifəsində qalacaq.

İSRAİLİN BAŞ NAZİRİ QƏRB MÜTTƏFİQLƏRİNİ SƏRT TƏNQİD EDİB

İsrailin baş naziri Benyamin Netanyahu bəzi Qərb müttəfiqlərini “HƏMAS-dakı qatilləri” unutmaqda və İsrail Müdafiə Qüvvələrinə qarşı saxta ittihamlar irəli sürməyə çalışmaqda ittiham edib. Bu barədə “Financial Times” nəşri xəbər verib.

“Yəni siz İsrailin HƏMAS qatillərinə qarşı özünü müdafiə etmək hüququnu bu qədər tez inkar edirsiniz?”, - deyə baş nazir sualla müraciət edib. Netanyahu vurğulayıb ki, bu cür bəyanatlar verənlər Holokostdan sonra ən dəhşətli qətliamı unudublar.

Eyni zamanda, İsrailin baş naziri konkret adlar çəkməyib. Onun fikrincə, seçkilərin keçirilməsində israrlı olan beynəlxalq ictimaiyyətin nümayəndələri “çox yaxşı başa düşürlər ki, onlar ölkəni altı ay iflic vəziyyətinə salacaq və əməliyyatın dayandırılmasına gətirib çıxaracaqlar”.

Xatırladaq ki, bu ərəfədə Fələstinin HƏMAS hərəkatının İsraillə münaqişənin həlli üzrə danışıqlar prosesində vasitəçilik edən ölkələrə Qəzza zolağında atəşkəs təklifi göndərdiyi məlum olub.

ŞİMALİ KOREYA LİDERİNİN VARİSİNİN ADI MƏLUM OLUB

Şimali Koreya lideri Kim Çen Inın 10 yaşlı qızı Kim Çju-E artıq bir ildən çoxdur ki, atasını bir çox ictimai tədbirlərdə müşayiət edir. “Teleqraf.com”un xəbərinə görə, bunu Cənubi Koreyanın Birləşmə Nazirliyinin sözçüsü Ku Byon Sam bildirib.

Məlumata əsasən, ölkə rəsmisi Şimali Koreya Mərkəzi Xəbər Agentliyi Kim Çen Inın öz qızıyla bölgələrə son səfərləri ilə bağlı xəbərlərini dəyərləndirib.

Şimali Koreya agentliyinin bundan öncə Kim Çju-Eni təqdim edərkən istifadə etdiyi ifadənin dəyişdiyinə diqqət çəkən Ku Byon Sam rəsmi materiallarda Kim Çen In və qızı üçün “rəhbərlik edən böyük insanlar” ifadəsinin işlədildiyin vurğulayıb.

“Şimali Koreyanın rəsmi mediasında istifadə edilən ifadələr və protokol qaydalarına görə Kim Çju-Enin varis olması ehtimalı istisna edilə bilməz”, - deyə Ku Byon Sam qeyd edib.

Xatırladaq ki, Şimali Koreya liderinin qızı Kim Çju-E 2022-ci ilin noyabrından bəri çoxsaylı hərbi tədbirlərdə, raket buraxılışlarında mütəmadi olaraq iştirak edib.

“SPACEX” ŞİRKƏTİ CASUS PEYKLƏR ŞƏBƏKƏSİ YARADIR

Dünyaca məşhur iş adamı İlon Maska məxsus “SpaceX” şirkəti ABŞ kəşfiyyatı ilə gizli müqavilə çərçivəsində yüzlərlə casus peykdən ibarət şəbəkə qurur. Bu barədə “Röyters” agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.

Bildirilir ki, şirkətin 2021-ci ildə ABŞ Milli Kosmik Kəşfiyyat Agentliyi ilə imzaladığı 1,8 milyard dollarlıq müqaviləyə əsasən, şəbəkənin yaradılmasına “Starshield” bölməsi cavabdehdir.

Verilən xəbərə əsasən, sözügedən müqavilə ABŞ Müdafiə Nazirliyinin Quru Qüvvələrini dəstəkləmək üçün nəzərdə tutulmuş aşağı orbitli peyk sistemlərinə əhəmiyyətli investisiyalar yatırdığını göstərir.

Razılaşma müvəffəqiyyətli olarsa, “SpaceX” şəbəkəsi ABŞ ordusunun Yer kürəsinin demək olar ki, hər yerində potensial hədəfləri tez aşkar etmək imkanlarını əhəmiyyətli dərəcədə genişləndirəcək.

SERBİYA PREZİDENTİ UKRAYNA MÜNAQİŞƏSİNİN İKİ SSENARİSİNİ AÇIQLAYIB

Qərbin Ukraynada münaqişənin inkişafı üçün iki ssenarisi mövcuddur. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə fikirləri Serbiya prezidenti Aleksandr Vuçiç “B92” telekanalına müsahibəsində açıqlayıb.

“Ya Qərb Rusiya ilə tamhüquqlu münaqişə yolunu tutacaq, ya da ABŞ və Çinin köməyi ilə hansısa barışıq əldə olunacaq ki, bu da dünya üçün böyük rahatlıq anlamına gəlir”, - deyə dövlət başçısı bəyan edib.

Aleksandr Vuçiç qeyd edib ki, Rusiya ilə Qərb arasında birbaşa münaqişədən heç kim fayda görməyəcək və insan itkiləri baxımından nəticələr İkinci Dünya müharibəsi dövründəkindən daha ciddi ola bilər.

Eyni zamanda, Aleksandr Vuçiç əmindir ki, belə bir münaqişə Serbiyaya da təsir edəcək, bu səbəbdən də ölkəsi vəziyyətin istənilən inkişafına hazırlaşmalıdır. Həmçinin prezidentin sözlərinə görə, 100 gün ərzində Qərbin hansı ssenarini seçəcəyi bəlli olacaq.

NİGER ABŞ ORDUSUNUN ÖLKƏDƏN ÇIXARILMASI ÜZRƏ PLAN TƏLƏB EDİR

Nigerdə hakimiyyəti ələ keçirən üsyançılar ABŞ-la hərbi müqaviləni ləğv edib. “Röyters” agentliyinin xəbərinə əsasən, bu barədə rejimin sözçüsü polkovnik Amadu Abdraman bildirib.

Eyni zamanda, məlumata görə, artıq Niger hakimiyyəti ABŞ-dan qoşunların ölkədən çıxarılmasına dair planı təqdim etməyi gözləyir.

Qeyd olunub ki, ABŞ nümayəndə heyəti diplomatik protokola əməl etməyib və heyətinin tərkibi, gəliş tarixi və gündəliyi barədə Nigeri məlumatlandırmayıb.

Xəbərə görə, müvafiq müqavilə Pentaqonun amerikalı hərbçilərinə və mülki işçilərinə Afrika ölkəsinin ərazisində qalmağa icazə verir.

Bununla yanaşı, agentlik əlavə edib ki, ABŞ-ın Nigerdə iki, o cümlədən ölkənin şimalında pilotsuz uçuş aparatı bazası var. Həmçinin 2023-cü ilə qədər Nigerdə təxminən 1100 ABŞ hərbi qulluqçusu olub.

PAKİSTAN ƏFQANISTANDAKI TERRORÇULARA AVİAZƏRBƏLƏR ENDİRİB

Pakistan təyyarələri Əfqanıstanın Xost və Paktika əyalətlərinə hava zərbələri endirib. “Sputnik” informasiya agentliyinin verdiyi xəbərə görə, Pakistanın Əfqanıstanın sərhəd bölgələrinə endirdiyi hava zərbələri nəticəsində 8 nəfər həlak olub.

Bununla yanaşı, Əfqanıstandakı “Taliban” hökumətinin sözçüsü ölkə ərazisinə endirilən zərbələri pisləyib və bunu suverenliyin pozulması adlandırıb.

Qeyd edək ki, “Təhrik-i-Taliban” qruplaşmasının Əfqanıstandakı bazaları İslamabadla Kabil arasında münasibətlərin dondurulmasına səbəb olub. Məlumata əsasən, “Əl-Qaidə” ilə bağlı olan qruplaşmanın 50 minə yaxın üzvü olduğu iddia edilir.

Xatırladaq ki, martın 16-da Pakistanın Şimali Vəziristan bölgəsində hərbi post bomba yüklü maşınla hücuma məruz qalıb. Hücumlar və sonrakı əməliyyatlar zamanı  Pakistanın 7 əsgəri həyatını itirib, 6 silahlı isə öldürülüb.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.