Ağalı sakinləri doğma torpaqlara yeni nəfəs gətirdi
Sosial həyat

Ağalı sakinləri doğma torpaqlara yeni nəfəs gətirdi

Zəngilan rayonunun Ağalı kəndinə köçürülmüş sakinlər oradakı həyat şəraiti, uyğunlaşma prosesi və gələcək planları barədə fikirlərini bölüşüblər.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Beynəlxalq əlaqələr, informasiya və mətbuat xidməti departamentindən AZƏRTAC-a bildirilib ki, iyulun 19-da "Ağıllı kənd"ə ilk köç karvanı ilə gəlmiş Nəbiyevlər ailəsi yaradılan şəraitdən, infrastrukturdan və doğma kəndlərinə qayıtmaqdan məmnunluq hissi keçirdiklərini bildiriblər. Ailə başçısı Həbib Nəbiyev Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, qüdrətli Azərbaycan Ordusuna, işğal altında olan torpaqlarımızın azad olunması uğrunda aparılan mübarizədə canlarından keçmiş şəhidlərimizə və fədakar qazilərimizə minnətdarlığını bildirib. O, kəndin yenidən və sürətli qurulması üçün müvafiq göstərişlər verən Prezident İlham Əliyevə ailə üzvləri adından təşəkkürünü dilə gətirib, hər cür şərait yaradıldığını və bu şəraitdən məmnun qaldıqlarını qeyd edib.

Xatırladaq ki, Zəngilan rayonu, Ağalı kənd ərazisində "Ağıllı kənd" konsepsiyası çərçivəsində yenidən inşa edilmiş 41 mənzil iyulun 19-25-də öz keçmiş sahiblərinin ixtiyarına verilib. Doğma yurdlarına həsrət qalmış 201 kənd sakini bu torpaqlara yeni nəfəs gətiriblər. Keçmiş məcburi köçkün soydaşlarımızın ata-baba yurdlarına qayıdışı, Ağalıda yaşamla yanaşı, təbiəti də oyadıb. Kənddə yenicə yaşamağa başlayan ailələr öz həyətyanı sahələrində kiçik təsərrüfat işlərinə başlayıblar.

Ötən gün çəkiliş etdiyimiz Ağalı sakinlərini doğma yurda qayıdışın sevinci ilə yanaşı, gördükləri işlərdən də söz açıblar.

AZƏRTAC