Anar Şükürov
Sosial həyat

Anar Şükürov

Vətən müharibəsində qazanılan şanlı qələbə, ilk növbədə, qəhrəman əsgər və zabitlərimizin böyük rəşadətinin təntənəsidir. 44 gün davam edən döyüşlər və qazanılan möhtəşəm qələbə Prezident İlham Əliyevin yenilməz qətiyyətinin, Ali Baş Komandan kimi ordumuzun qüdrətinin və xalqımızın milli birliyinin təntənəsi oldu.

 Möhtəşəm zəfər tariximizi, dövlətçilik irsimizi daha da şərəfləndirdi. Bu qələbə ölkəmizin qüdrətini, haqq uğrunda mübarizə aparmaq əzmini, milli kimliyimizi, birliyimizi, gücümüzü və əzmimizi bütün dünyaya nümayiş etdirdi. Bu savaşın nəticəsində dünya bizi həm də qalib xalq kimi tanıdı.

Vətənimizin bütövlüyü uğrunda fədakarlıqla döyüşmüş, uca şəhidlik məqamına qovuşmuş qəhrəmanlarımızın xatirəsi hər zaman ehtiramla yad edilir. Onların  qəhrəmanlığı gələcək nəsillər üçün Vətənə sevginin və sədaqətin ən ali təzahürü olaraq daima uca tutulur. Şanlı  qələbəni  bizə yaşadanlardan  biri--Vətən Müharibəsi Qəhrəmanı   Anar Mehman oğlu Şükürov 1977-ci il yanvarın 20-də Sumqayıt şəhərində anadan olub.

Anar Şükürov uzun illər Xüsusi Təyinatlı Qüvvələrin "N" saylı hərbi hissəsində Qrup Komandiri və Tabor Komandiri vəzifələrində, daha sonra isə Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun sıralarında xidmət edib və müharibədən bir neçə il əvvəl  Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun sıralarından ehtiyata buraxılıb. Anar Vətən müharibəsinin birinci günündən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi Rayon İdarəsinə dəfələrlə müraciət etsə də, ona hələ gözləməli olduğu bildirilir. Bundan sonra o, 1-ci Ordu Korpusunun rəhbərliyinə müraciət edir və Ordu Korpusu Komandanlığının yardımı ilə "Həmlə" Taborunun Komandiri olaraq döyüşlərə cəlb edilir.

Azərbaycan Ordusunun mayoru olan Anar Şükürov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərə qatılıb. Oktyabrın 16-da Suqovuşan döyüşləri zamanı şəhid olub. II Şəhidlər Xiyabanında dəfn edilib.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə Prezident İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Anar Şükürova "Vətən Müharibəsi Qəhrəmanı" adı verilib. Həmçinin, "Vətən uğrunda" və "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilmişdir.

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş Vətən müharibəsi qəhrəmanlarının və Azərbaycanın Milli qəhrəmanlarının adlarının əbədiləşdirilməsini təmin etmək məqsədilə Sumqayıt şəhəri 25 nömrəli tam orta məktəbə Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” Anar Mehman oğlu Şükürovun adı verilmişdir. Binəqədi rayonu 6-cı mikrorayonda küçələrdən biri şəhidimizin adını daşıyır.         

Vətən Müharibəsi Qəhrəmanının oğlu Ümid Şükürov: “ Bu gün qürur duyuram ki, qəhrəman oğluyam. Atam çox sevdiyi Vətəni uğrunda şəhid oldu. O, Qarabağın azad olunmasını bəlkə də hər şeydən çox arzulayırdı. Təəssüf ki, bu böyük zəfəri görə bilmədi. Atamın  ruhu şaddır. Artıq Qarabağ azaddır, Şuşa azaddır. Mən fəxr edirəm ki, bu böyük zəfərdə və şərəfli işdə sənin də öz payın var”.

Anarın şəhidlik zirvəsinə yüksəldiyi torpaqlarımız bu gün tam azaddır. Azərbaycan xalqı və dövləti düşmən üzərində parlaq, inamlı Qələbə qazanmaqla öz gücünü dünyaya nümayiş etdirdi. Azərbaycan torpaqlarının bütövlüyü uğrunda şəhid olan hər bir Vətən övladının xatirəsi hər zaman bizim üçün əzizdir. Azərbaycançılıq məfkurəsinə könüldən bağlı olan bu insanlar unudulmazdır, onların adları əbədi olaraq Vətən tarixinə yazılıb.                                                                                                          

                                                                                                          M.MİRZƏ,

                                                                                         “Respublika”.