Aqrar sahənin rəqəmsallaşdırılması və texnoloji transfer  sahəsində  əməkdaşlıq
İQTİSADİYYAT

Aqrar sahənin rəqəmsallaşdırılması və texnoloji transfer  sahəsində  əməkdaşlıq

Azərbaycan  Moldova  Respublikası  ilə iqtisadi  əməkdaşlığı, o  cümlədən  kənd   təsərrüfatı  əlaqələrini gücləndirir. Bununla  əlaqədar  Moldovanın Kənd Təsərrüfatının İnkişafı və Modernizasiyası Agentliyi ilə Azərbaycanın  Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi arasında kənd təsərrüfatı sahəsində müasir texnologiyaların transferi və davamlı təcrübə mübadiləsi  barədə tərəfdaşlıq müqaviləsi imzalanıb. Sənədə əsasən tərəflər Azərbaycan və Moldovada aqrar sahədə  rəqəmsallaşma, texnologiya və innovasiyaların tətbiqi ilə bağlı təcrübə mübadiləsi aparacaq, bu sahənin rəqabətqabiliyyətinin artırılması, bazarlarla davamlı əlaqələrin təmin edilməsi, kənd təsərrüfatı mütəxəssisləri arasında bilik və təcrübə mübadiləsinin aparılması istiqamətləri üzrə əməkdaşlıq edəcəklər.

Əməkdaşlıq çərçivəsində dövlət-özəl tərəfdaşlıq yolu ilə fermerlərə kənd təsərrüfatı texnologiyası xidmətlərinin çatdırılması, aqrar sektorun rəqəmsallaşdırılması, müasir texnologiyaların tətbiqi və iqlim dəyişikliyinin kənd təsərrüfatı sektoruna təsirlərinin azaldılması sahəsində təcrübələrin bölüşdürülməsi də nəzərdə tutulur.

Nazirliyin   mətbuat   xidməti   bildirir  ki, görüş zamanı hər iki tərəf əməkdaşlıqda maraqlı olduğunu bildirib, gələcək əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Nəriman  CAVADOV,

“Respublika”.