Azərbaycan ədəbiyyatı tarixinin III cildi: anadilli ədəbiyyat dövrünə elmi-nəzəri baxış
Elm və təhsil

Azərbaycan ədəbiyyatı tarixinin III cildi: anadilli ədəbiyyat dövrünə elmi-nəzəri baxış

10 cilddə Azərbaycan ədəbiyyatı tarixinin III cildi (Bakı, "Elm", 2020, 1092 s.) akademik İsa Həbibbəylinin ümumi redaktəsi ilə çap olunub.

Akademik nəşr giriş, 3 fəsil, ədəbiyyat, ingilis və rus dillərində xülasədən ibarətdir. Girişi akademik İsa Həbibbəylinin "Orta əsrlər Azərbaycan ədəbiyyatı: anadilli ədəbiyyat epoxası" və AMEA-nın müxbir üzvü Azadə Rüstəmovanın "Orta əsrlər Azərbaycan ədəbiyyatının ümumi məruzəsi və inkişaf mərhələləri" adlı məqalələri təşkil edib.

Fundamental tədqiqat əsəri akademik İsa Həbibbəylinin "Orta əsrlər Azərbaycan ədəbiyyatı: anadilli ədəbiyyat epoxası" adlı ön sözü ilə açılıb. Ədəbiyyatşünas-alimin ön sözü ədəbiyyat tarixçiliyinin müqayisəli əsaslarına istinad edib. Əvvəlki elmi-tənqidi mətnlərdə orta əsrlər XIII-XVIII əsrləri əhatə edirdi. Bu nəşrdə isə həmin dövr alimin yeni ədəbi dövrləşdirmə konsepsiyasına uyğun olaraq XIII-XVI əsrlərlə bağlı olub.

İ.Həbibbəyli tarixi dövrün ictimai-siyasi şəraitinə bunları aid edib: Ş.İ.Xətainin Çaldıran döyüşündəki məğlubiyyətinin ədəbi-ictimai fikrə təsiri, bu baxımdan ədəbiyyat və sənətə olan yüksək münasibətin qoruna bilməməsi. Belə vəziyyət Səfəvilər hakimiyyəti ilə yaradıcı qüvvələr arasındakı münasibət tarazlığını pozub. Saib Təbrizi kimi sənətkarlar ölkədən mühacirət edib. Nadir Şah Əfşarın hakimiyyəti devrilib, ölkədə xanlıqların yaranması, vahid idarəetmənin olmaması ədəbiyyatda, ictimai fikirdə fərqli baxışlar doğurub. Əsaslı tarixi faktorlar XVII-XVIII əsrləri orta əsrlərin siyasi-ictimai və ədəbi-mədəni proseslərindən köklü surətdə fərqləndirib.

XVII-XVIII əsrlərdə xalq həyatı, aşıq ədəbiyyatına meyil ədəbiyyatın ideya-məzmun və janrlarında ciddi dəyişikliklər doğurub. Ədəbi inkişafda yeni meyilləri təbii ki, Cəlalilər hərəkatının yayılması, "Koroğlu" üsyanı, İran-Osmanlı münasibətləri də gücləndirib.

Akademik bu bədii təsirləri konkret göstərib: Orta əsrlərdə (XVI əsr) ədəbiyyatda klassik-romantik lirika, əsas ədəbi-ideoloji axınlar (sufizm və hürufizm) tarixi təkamüldə zəifləyib, xalq həyatını əks etdirən realist ədəbiyyat güclənib. Poeziyaya "Hindi-səbki-Azərbaycan" üslubu müdaxilə eləyib, xalq-aşıq şeirinin ədəbi-tarixi ənənəyə güclü qayıdışı olub, bədii həyatda (XVIII əsr ədəbi mühiti) erkən realizm təzahür edib. Yəni "bu dövrdən etibarən poeziyada nəzirəçiliklə yeniləşmə arasında yeni bir meyil başlayıb" (s.6). XVII əsrin klassik romantik lirika ənənələri özündə aşiqanəliklə yanaşı, həyati-didaktik xüsusiyyətləri də əxz edib.

Göründüyü kimi, alim ədəbiyyatın inkişaf və dəyişmə istiqamətini, tarixi-ədəbi prosesi həssaslıqla müşahidə edib, qənaəti də bu olub ki, klassik nəzirə ədəbiyyatı M.Füzuli lirikasının təsirindən kənara çıxa bilməyib. Romantik-didaktik ədəbiyyat isə yaradıcılarını meydana çıxarıb: XVII-XVIII əsrlər forma və məzmunca yeni ədəbiyyatı təqdim edib - Azərbaycan ədəbiyyatının erkən realizm mərhələsini. Səfəvilik özlüyündə ədəbiyyatın millilik məziyyətlərinin önə çəkilməsinə təkan olub. (M.C.Həqiqi və Ş.İ.Xətainin milli dövlətçilik maraqları).

Müəllif də bu qənaətdədir ki, anadilli poeziyanın yaranması və inkişafı ədəbiyyatımızın orta əsr mərhələsinin əsas yeniliyi olub. İzzəddin Həsənoğlu, Nəsir Bakuvi, Hümam Təbrizi, habelə Qul Əlinin "Qisseyi-Yusif" poeması, "Dastani-Əhməd Hərami" məsnəvisi farsdilli ədəbiyyata hər halda təsir göstərib. "Anadilli şeir Orta əsr Azərbaycan poeziyasının əsas inkişaf istiqaməti, aparıcı bədii ifadə vasitəsi mövqeyinə qalxıb". "Bu dövrdə farsdilli şeirin mövqeyi zəifləyib, ərəbdilli poeziya yaşasa da, demək olar ki, ənənədən çıxıb, dəbdən düşüb" (s.7).

XI-XII əsrlərdə Azərbaycan klassik şeirində təzahür edən folklor əlamətləri, motivləri qüvvətlənib, "bu xətt ədəbiyyatda aparıcı istiqaməti müəyyənləşdirib... Eyni zamanda, həmin mərhələdə yazılı poeziyada xalq şeiri ənənələri özünə müəyyən yer tutub, ədəbiyyat forma və məzmun etibarilə şifahi xalq yaradıcılığına yaxınlaşmağa doğru inkişaf edib" (s.11). Bu inkişafda alim fərqli ədəbi-estetik xüsusiyyətləri də sezdirib.

Akademik İsa Həbibbəyli XIII-XVI əsrlər Azərbaycan lirikasını janr baxımından ənənəvi qəzəl, qəsidə və rübai formalarında izləyib, qəzəlin poeziyadakı yerini göstərib, qeyd edib ki, XI-XII əsrlərdə Azərbaycan poeziyasında qəsidə janrının tutduğu mövqeyi XIII-XVIII əsrlərdə qəzəl janrı əvəz edib.

Alimə görə yeni janrların meydana çıxmasını və vəzn münasibətlərini də orta əsrlər şərtləndirib. Q.Bürhanəddinin tuyuqları, ənənəvi məhəbbət mövzusunun ictimai motivlərlə əvəz edilməsi, formada hecanın pozitivliyi, əruzun mərkəzdənqaçma meyilləri, cinas qafiyələrdən sərf-nəzər, xalq həyatı, xalq şeirinə dönüşün təşəkkülü klassik poeziyanı xalq-aşıq şeiri ənənələrinə yaxınlaşdırıb. Paralellər maraqlı deyilmi?

Alim orta əsrlər klassik poemalarının da fərqli xüsusiyyətləri barədə yazıb: Bununla belə, "Orta əsrlər Azərbaycan ədəbiyyatına yalnız sufizm, yaxud hürufizm ədəbiyyatı demək doğru olmazdı. Bu tarixi mərhələnin ədəbiyyatda müşahidə edilən ana dili, xalq ruhu, mübarizə əzmi, milli mənəviyyatın bədii ifadəsi, dünyəvilik meyilləri və bəşəri ideyaların təcəssümü dini-ideoloji cərəyanların fövqünə yüksəlib" (s.12).

Akademik məqaləsini elmi-nəzəri fikrin üstünlüyü şəraitində yazıb və ədəbi-tarixi mərhələləri əhatəli səciyyələndirib.

XV-XVI əsrlərə daha bir fərqli mövqedən baxış ifadə edən alim göstərib ki, bu dövrdə dövlətçilik təfəkkürü ilə lirika, bəzən də "real həyatdan gələn notlar" birləşib (C.Həqiqi, Ş.Ənvar, Ş.İ.Xətai və b.). Dövrün xarakterik cəhətlərindən biri də şifahi xalq yaradıcılığının xüsusi bir qolu kimi aşıq şeirinin meydana çıxması, yazılı poeziya ilə yanaşı addımlaması, Qurbaninin yaradıcılığı Orta əsrlər Azərbaycan ədəbiyyatında xalq şeiri ənənələrinin yekunu, M.P.Vaqif şeiri mərhələsinə gedilən yolun başlanğıcı kimi təzahür edib. Alimin fikrincə, Ş.İ.Xətainin xalq şeirinə yönlənməsinin əsas səbəbi də Qurbani poeziyası ilə bağlı olub.

İ.Həbibbəyli Orta əsrlər ədəbiyyatının XVI yüzillik mərhələsini M.Füzuli dövrü, yaxud romantik lirika mərhələsi adlandıraraq yazıb: "Nizami Gəncəvi dövrü möhtəşəm epik poemalarla, M.Füzuli epoxası isə qüvvətli fəlsəfi lirika ilə səciyyələnir".

Müəllif dövrün (Orta əsrin) elmi-ədəbi metodologiyasını belə dəyərləndirib: "Orta əsr Azərbaycan ədəbiyyatı bədii metod və üslub baxımından mahiyyətcə ona daha yaxın olan qədim və intibah dövrü ədəbiyyatının möhtəşəm yekunudur. Eyni zamanda, erkən yeni dövrün ideya-bədii əsasları da Orta əsrlər Azərbaycan ədəbiyyatında yetişib formalaşıb". Bir yekun qənaət də əhəmiyyətlidir: Nizami Gəncəvinin XII əsrdə qaldırdığı humanizm, ədalət, bərabərlik, mənəvi zənginlik kimi problemlər orta əsrlər üçün də aktual olduğundan bu dövrün Azərbaycan ədəbiyyatında həmin ideyalar elə bu mərhələnin hadisələri, obrazları və baxışları ilə zənginləşdirilərək yeniləşdirilmiş şəkildə və fərqli üsullarla davam etdirilib.

Akademik İsa Həbibbəyli Orta əsrlər Azərbaycan ədəbiyyatının anadilli ədəbiyyat epoxasını tarixi-filoloji, ədəbi-metodoloji aspektdə səciyyələndiribsə, AMEA-nın müxbir üzvü Azadə Rüstəmova "Orta əsrlər Azərbaycan ədəbiyyatının ümumi məruzəsi və inkişaf mərhələləri" adlı məqaləsində Orta əsrlər Azərbaycan ədəbiyyatının ümumi mənzərəsini və onun inkişaf mərhələlərini elmi cəhətdən əsaslandırıb...

Tədqiqatda XIII-XVI əsrlərə dair əhatəli icmal mövzular və portret oçerklər özünə yer alıb. Azərbaycan ədəbiyyatı tarixinin III cildinin sonunda lüğət (hazırlayanı Ataəmi Mirzəyev), ingiliscə və rusca xülasələr də verilib.

Beləliklə, akademik nəşrdə XIII-XVI əsrlərdə Azərbaycanda siyasi-ictimai şərait və ədəbi-fəlsəfi fikir, farsdilli və ərəbdilli ədəbiyyat, habelə tərcümə ədəbiyyatı zəminində anadilli Azərbaycan ədəbiyyatının formalaşması və inkişaf istiqamətinin özəllikləri elmi-nəzəri izahını tapıb, tezislər verilib, mühüm elmi müddəalar irəli sürülüb. Azərbaycan ədəbiyyatı tarixinin III cildi də cari tədqiqatların aparılması, perspektiv mövzuların müəyyənləşdirilməsi üçün qarşımızda vacib vəzifələr qoyur.

Əlizadə ƏSGƏRLİ,

AMEA Nizami Gəncəvi adına

Ədəbiyyat İnstitutunun elmi işlər

üzrə direktor müavini, filologiya

elmləri doktoru, professor.