Azərbaycan Mühəndislik Akademiyasının 2024-2030-cu illər üçün Fəaliyyət Konsepsiyası qəbul edilib
Elm və təhsil

Azərbaycan Mühəndislik Akademiyasının 2024-2030-cu illər üçün Fəaliyyət Konsepsiyası qəbul edilib

Azərbaycan Mühəndislik Akademiyasının İdarə Heyətinin növbəti iclası keçirilib. İclasda Mühəndislik Akademiyasının 2024-2030-cu illəri üçün Fəaliyyət Konsepsiyası müzakirə olunub.

Bu barədə AZƏRTAC-a Azərbaycan Mühəndislik Akademiyasından məlumat verilib. Akademiyanın prezidenti akademik Arif Paşayev öz çıxışında diqqətə çatdırıb ki, Azərbaycan Mühəndislik Akademiyası UNESCO-nun nəzdindəki Ümumdünya Mühəndislik Təşkilatları Federasiyasına (WFEO) tamhüquqlu üzv seçilib. WFEO - Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən elm və texnika sahəsində aparıcı qeyri-hökumət təşkilatı kimi tanınan, mühəndisliyin beynəlxalq səsi kimi, elm və mühəndislik sahəsində əsas qlobal problemləri həll etmək üçün, xüsusilə mühəndislik vasitəsilə BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə kömək üçün UNESCO da daxil olmaqla BMT orqanları ilə sıx əməkdaşlıq edir.

Vurğulanıb ki, Azərbaycan Mühəndislik Akademiyasının WFEO, Beynəlxalq Mühəndislik Akademiyası və İslam Ölkələri Mühəndislik Federasiyası ilə əməkdaşlığı sahəsində mühəndislik ideyalarının dünya birliyinə inteqrasiyası sürətlənəcək, akademiyanın nailiyyətləri daha da artacaq, gələcəkdə müxtəlif ölkələrlə beynəlxalq əməkdaşlıq inkişaf edəcək və hüdudları digər akademiyalarla genişlənəcək. Bu nailiyyət aparıcı alimlər, mühəndislər və tədqiqatçılar üçün öz elmi nəticələrini bölüşmək, aktiv müzakirələrini aparmaq və texniki proqramlar hazırlamaq üçün ən yaxşı platformadır. Bu məqsədlə Azərbaycan Mühəndislik Akademiyasının 2024-2030-cu illər üçün Fəaliyyət Konsepsiyası işlənib-hazırlanıb və qəbul edilib.

Uzunmüddətli Fəaliyyət Konsepsiyası akademiyanın idarəetmə strukturunu və fəaliyyətini təkmilləşdirəcək, insanların ekosistemə mənfi təsirini azaldacaq, elm və texnika, müasir texnologiyalar sahəsində dövlət proqramlarının, strategiyaların və eləcə də hüquqi aktların müəyyənləşdirilməsində böyük rol oynayacaq. Konsepsiya ölkəmizin iqtisadi, sosial və mənəvi həyatına töhfə verəcək.