GƏNCƏDƏ ALİ MƏKTƏBLƏRƏ YÜKSƏK BALLA QƏBUL OLUNAN MƏZUNLARLA GÖRÜŞ
Elm və təhsil

GƏNCƏDƏ ALİ MƏKTƏBLƏRƏ YÜKSƏK BALLA QƏBUL OLUNAN MƏZUNLARLA GÖRÜŞ

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun, millət vəkili Pərvin Kərimzadənin, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyevin,  DİM Gəncə Regional Bölməsinin müdiri Nəsimi Məmmədovun, şəhər icra hakimiyyəti başçısı Aparatının məsul əməkdaşlarının və məzunların təhsil aldıqları ümumtəhsil məktəbləri direktorlarının  iştirakı ilə ali məktəblərə yüksək balla qəbul olan məzunlarla görüş keçirilib.

Şəhər rəhbəri Niyazi Bayramov çıxışında ölkəmizdə dövlət tərəfindən təhsilə göstərilən diqqət və qayğıdan əhatəli söhbət açıb və bu sahənin dövlət başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən daim diqqət mərkəzində saxlanıldığını vurğulayıb. Yüksək bal toplamış, ali təhsil müəssisələrinə qəbul imtahanlarında müvəffəqiyyətlə iştirak edərək tələbə adını qazanmış məzunları, onların valideynlərini və təhsil ictimaiyyətini səmimi-qəlbdən təbrik edib, bol-bol nailiyyətlər arzulayıb.

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev çıxışında bildirib ki, 2022-2023-cü tədris ilində Gəncə şəhər ümumtəhsil məktəblərini 2961 şagird bitirib. Bunlardan 1497 nəfəri respublikanın, 133 nəfəri isə xarici ölkələrin ali məktəblərinə qəbul olunublar. Qəbul olan məzunların 181 nəfəri 500-dən, 54 nəfəri 600-dən və hazırda görüşdə iştirak edən 8 nəfəri isə 650-dən yüksək bal toplayıblar.

Tədbirdə iştirak edənlər məzunları təbrik edib, onlara öz tövsiyələrini verib və bundan sonrakı həyatlarında uğurlar diləyiblər. Çıxış edən məzunlar onlara göstərilən etimadları doğruldacaqlarına söz verərək, ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.

Daha sonra məzunlara hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib.

Zabit XƏLİLOV,

"Respublika".