“Azərbaycan
Sosial həyat

“Azərbaycan" qəzetinin şəhid əməkdaşı

Elgün İsmayılovun xatirəsinə həsr edilmiş yaradıcılıq müsabiqəsinin qalibləri müəyyən olunub

"Azərbaycan" qəzeti redaksiyasında hər il keçirilən şəhid Elgün İsmayılovun xatirəsinə həsr olunmuş yaradıcılıq müsabiqəsinin növbəti mərhələsinə noyabrın 15-də yekun vurulub.

Bu barədə AZƏRTAC-a "Azərbaycan" qəzetinin redaksiyasından məlumat verilib. Bildirilib ki, bu münasibətlə keçirilən görüşdə qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov Elgün Dağbəyi oğlu İsmayılovun həyat yolundan söz açıb.

Baş redaktor qeyd edib ki, Elgün İsmayılov qısa, lakin şərəfli ömür yolu keçib. 1993-cü ildə hərbi xidmətə çağırılan Elgün torpaqlarımızın azadlığı uğrunda gedən hərbi əməliyyatlarda kəşfiyyat bölüyünün əsgəri kimi qəhrəmanlıq göstərib. 1994-cü ildə Murov dağının Ömər yüksəkliyində həyata keçirdikləri əməliyyat onun son tapşırığı olub. Düşmənlə son nəfəsinə qədər döyüşən Elgün müqəddəs şəhidlik zirvəsinə ucalıb. İgid kəşfiyyatçı Bakıda Şəhidlər xiyabanında dəfn edilib.

Ömrünün 20-ci baharında Murovdağın zirvəsində şəhadətə qovuşan Elgün İsmayılovun əziz və unudulmaz xatirəsi yalnız dünyaya göz açdığı ailədə, oxuduğu məktəbdə deyil, həm də çalışdığı "Azərbaycan" qəzetinin redaksiyasında daim anılır, ehtiramla yad edilir. Hər il noyabrın 16-da redaksiyada Elgün İsmayılovun doğum günü kollektivin iştirakı ilə qeyd olunur. Redaksiya əməkdaşları həmin gün onun uyuduğu Şəhidlər xiyabanına gedir, məzarını ziyarət edirlər.

2003-cü ildən redaksiyada Elgünün döyüş yolunu əks etdirən stend yaradılıb. Həmin ildən başlayaraq redaksiya əməkdaşları arasında Elgünün xatirəsinə həsr olunmuş yaradıcılıq müsabiqəsi də keçirilir.

Bəxtiyar Sadıqov bildirib ki, Elgün İsmayılovun xatirəsinə həsr olunmuş yaradıcılıq müsabiqəsinə redaksiya əməkdaşlarının ənənəvi olaraq vətənpərvərlik və milli-mənəvi dəyərlər mövzularında müxtəlif janrlarda qələmə aldıqları yazıları təqdim edilir. Bu müsabiqənin keçirilməsinin dəyəri həm də ondadır ki, vətənpərvərlik mövzusunda yaradıcılığa geniş meydan verilir. Hər bir əməkdaşa bir neçə yazı ilə çıxış etmək imkanı yaradılır ki, bu, onların öz peşəkarlıqlarını artırmaları baxımından da mühüm əhəmiyyət kəsb edir.

Baş redaktor onu da diqqətə çatdırıb ki, budəfəki yaradıcılıq müsabiqəsi əvvəlkilərdən fərqli ab-havada keçirilir. Bunun da səbəbi ötən ilin Vətən müharibəsində Azərbaycanın qazandığı tarixi hərbi-siyasi Qələbədir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində 30 ilə yaxın davam edən işğala son qoydu. Prezident İlham Əliyev bu müharibədə sərkərdə qətiyyəti ilə Azərbaycanın ərazi bütövlüyünü təmin etdi, xalqımızın arzularını reallığa çevirdi, milli qürurumuzu yüksəltdi. Təsadüfi deyil ki, budəfəki müsabiqəyə təqdim olunmuş jurnalist yazılarının da hər biri xalqımızın Vətən müharibəsindəki Qələbəsi və işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa, quruculuq işləri ilə bağlıdır.

Sonra Bəxtiyar Sadıqov münsiflər heyətinin rəyinə əsasən müsabiqənin qaliblərinin adlarını açıqlayıb. Budəfəki müsabiqədə redaksiyanın əməkdaşları - Rəşad Cəfərov, Rəşad Bəxşəliyev və Yasəmən Musayeva qalib elan olunublar. Qaliblərə fəxri fərman və mükafat təqdim edilib.

 Həmin gün redaksiya kollektivi və müsabiqənin qalibləri Şəhidlər xiyabanına gedərək şəhid Elgün İsmayılovun xatirəsini dərin ehtiramla yad ediblər və məzarı üzərinə güllər düzüblər.

AZƏRTAC