Azərbaycanın xarici işlər naziri türkiyəli həmkarı ilə görüşüb
SİYASƏT

Azərbaycanın xarici işlər naziri türkiyəli həmkarı ilə görüşüb

Dekabrın 19-da İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının İslamabadda keçirilən növbədənkənar iclası çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşü keçirilib.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, nazirlər iki qardaş ölkə arasındakı strateji münasibətlərin yüksək səviyyədə inkişaf etdiyini vurğulayıblar.

Tərəflər Azərbaycan və Türkiyə liderlərinin təşəbbüsü ilə irəli sürülən 3+3 əməkdaşlıq formatının ilk görüşünün nəticələrini müzakirə ediblər. Əməkdaşlıq mexanizminin irəli aparılmasında maraq ifadə olunub.

Söhbət zamanı nazirlər Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq istiqamətləri, habelə hər iki ölkənin birgə iştirak etdiyi üçtərəfli əməkdaşlıq formatları ilə bağlı məsələləri və növbəti aylarda bu istiqamətdə atıla biləcək addımları müzakirə ediblər.

Tərəflər, həmçinin bölgədəki cari vəziyyət, üçtərəfli bəyanatların icrası, postmünaqişə kontekstində bölgə ölkələri arasında münasibətlərin normallaşdırılması ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

AZƏRTAC