Böyük Mərcanlıdan başlanan döyüş yolu
Region

Böyük Mərcanlıdan başlanan döyüş yolu

Böyük Mərcanlıdan başlanan yol onu şəhidlik zirvəsinə yüksəltdi. Özü cismən yoxdusa, əziz ruhu xatirələrdə yaşayır. Söhbət Nizami Vahid oğlu Yolçuzadədən gedir.

Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, şəhid Nizami Yolçuzadə 10 aprel 1990- ildə Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində anadan olub. Orta təhsilini rayonun 8 nömrəli tam orta məktəbində alan Nizami oxuduğu müddətdə savadı, yüksək vətənpərvərliyi ilə müəllim şagirdlərin sevimlisinə çevrilmişdi. Vətənə olan bu sevgi onu 2007-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə gətirmişdir. Ali hərbi məktəbi uğurla bitirdikdən sonra təyinatı üzrə zabit olaraq Milli Ordu sırasına qatılmış, xidməti dövründə xarakterində yer alan yüksək vətənpərvərlik hissini öz əsgərlərinə aşılamış bütün şəxsi heyətin rəğbətini qazanmışdır. Nümunəvi xidmətlərinə görə Müdafiə Nazirinin əmri ilə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi", "Azərbaycan Ordusunun 100 illik yubiley" medalları "Qüsursuz xidmətə görə" 3- dərəcəli medalı ilə təltif olunmuşdur. Kapitan rütbəsinə qədər yüksələn Nizami Yolçuzadə tabor komandirinin müavini vəzifəsində çalışırdı.

Nizami Vahid oğlu Yolçuzadə 18 iyun 2022-ci ildə Naxçıvan Muxtar Respublikası ərazisində xidməti vəzifəsini həyata keçirən zaman həlak olmuşdur. Biləsuvar rayonu ərazisindəki 3 saylı qəsəbə qəbiristanlığının "Şəhidlər məzarlığında" dəfn edilmişdir. Ailəli idi, iki azyaşlı övladı bizlərə yadigar qalıb.

Nizami Yolçuzadənin əmisi oğlu Kamal Yolçuzadə dayısı Zahid Mehdiyev Birinci Qarabağ müharibəsində şəhid olublar.

Ruhunuz qarşısında baş əyirik!

Tofiq HÜSEYN,

"Respublika".