Ən qürurlu məqam - Şəhidlik
Region

Ən qürurlu məqam - Şəhidlik

Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olan baş leytenant Ruslan Nüsrət oğlu Rüstəmovun anım günü qeyd edildi.

Şirvan şəhərində qeydiyyatda olan, lakin doğulub boya-başa çatdığı, hazırda doğmalarının yaşadığı Hacıqabul rayonun Şorbaçı kəndində dəfn edilən şəhid Rüstəmov Ruslanın anım günü münasibətilə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvləri, döyüş yoldaşları, dostları öncə Hacıqabul Rayon Şorbaçı kəndində el qəbiristanlığında şəhidin məzarını ziyarət etdilər. RİH başçısı İlqar Abbasov şəhidlərimizin əbədi ehtirama layiq olduğunu bildirərək Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, şəhidin anasına Vətənimiz üçün ləyaqətli övlad böyütdüyünə görə təşəkkür etdi. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin əmri hər bir zabitin, hər bir əsgərin silaha sarılıb ölkə başçısının Dəmir yumruğu ətrafında sıx birləşən ordumuzun gücü və xalqımızın inamı nəticəsində 30 ilə yaxın işğal altında olan torpaqlarımızın mənfur düşmənlərimizdən azad edilməsinin tariximizin ən şanlı səhifələrindən biri olduğunu diqqətə çatdırdı. Şəhidliyin kainatın ən yüksək zirvəsi olduğunu vurğuladı. İcra başçısı bildirdi ki, hər birimiz şəhidlərimizin ruhu qarşısında baş əyirik, məhz onların sayəsində qürurla gəzirik, qalib ölkənin vətəndaşı kimi iftixar hissi keçiririk.

Şanlı tariximizə adını yazan, xalqımıza zəfər sevinci yaşadan bütün əsgər və zabitlərimiz kimi Ruslanın da ömür yolu gənclərə nümunədir, gələcək nəsillərin vətənpərvərlik tərbiyəsində əhəmiyyətli rol oynayacaq. Şəhid baş leytenant Ruslan Rüstəmovun 5 övladı dövlətimizə əmanətdir. Onların da ataları kimi vətənə layiqli, şərəfli övlad kimi böyümələrini arzulayırıq. Sonra tədbir iştirakçıları şəhid baş leytenant Rüstəmov Ruslan Nüsrət oğlunun Şorbaçı kəndində yaradılan xatirə barelyefinin qarşısında şəhidin keçdiyi ömür yolundan, mərdliyindən, şücaətindən söz açdılar. Onun öz istəyi ilə hərbçi peşəsini seçdiyini, sağlığında hərbi hissə rəhbərliyi və yoldaşları arasında dərin hörmət və nüfuz qazandığını, yüksək insani keyfiyyətlərə malik olduğunu vurğuladılar. Qeyd olundu ki, hərbçi olmaq, Vətənə, dövlətə xidmət etmək, torpaqlarımızın azad edilməsində iştirak etmək, üçrəngli bayrağımızı qürurla dalğalandırmaq Ruslanın ən böyük arzusu idi. Döyüş əməliyyatlarında fədakarlıq və şücaət göstərdiyinə görə baş leytenant Rüstəmov Ruslan Nüsrət oğlu dövlət başçısı tərəfindən ordenlə və bir neçə medalla təltif edilib.

Şəhidin anası Fatmaxanım Rüstəmova övladı ilə qürur duyduğunu bildirdi. Şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını ifadə etdi.

Tofiq HÜSEYN,

"Respublika".