Estoniya parlamentinin sədri Azərbaycanın bu ölkədəki səfiri ilə görüşüb
Siyasət

Estoniya parlamentinin sədri Azərbaycanın bu ölkədəki səfiri ilə görüşüb

Estoniya parlamentinin (Riiqikoqu) sədri Yuri Ratas Azərbaycanın bu ölkədəki səfiri Anar Məhərrəmovla görüşüb.

Ölkəmizin Estoniyadakı səfirliyindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə əvvəlcə Y.Ratas A.Məhərrəmovu yeni təyinatı münasibətilə  təbrik edib, fəaliyyəti dövründə iki ölkə arasındakı əlaqələrin inkişafına töhfə verəcəyinə əminliyini bildirib.

Parlamentlərarası əlaqələrin inkişafında ölkəsinin maraqlı olduğunu bildirən Y.Ratas, bu baxımdan Avstriyanın paytaxtı Vyana şəhərində keçirilən Parlament Sədrlərinin V Dünya Konfransında Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə ikitərəfli görüşün buna bariz nümunə olduğunu vurğulayıb.

Estoniya parlamentinin sədri Yuri Ratas Sahibə Qafarova ilə Vyanada keçirdiyi görüşü zamanı Azərbaycana rəsmi səfərə dəvət olunduğunu bildirib, dəvətin məmnuniyyətlə qəbul edildiyini və yaxın zamanlarda baş tutacağına ümidvar olduğunu deyib.

Görüşdə səfir Anar Məhərrəmov ölkələr arasında bütün sahələrdə əməkdaşlığın uğurla davam etdirildiyini vurğulayıb, bu baxımdan parlamentlərarası əlaqələrin xüsusi önəm daşıdığını diqqətə çatdırıb. Parlamentlərarası işçi qrupların təmaslarının intensivliyinin vacibliyini bildirən səfir bu baxımdan qarşılıqlı səfərlərin həyata keçirilməsinin faydalı olduğunu qeyd edib.

Söhbət əsnasında səfir A.Məhərrəmov 30 ilə yaxın müddət ərzində Ermənistan tərəfindən işğal altında saxlanılan Azərbaycan ərazilərində bütün infrastrukturun dağıdıldığını, milli mədəni dəyərlərin məhv edildiyini, bəzi şəhərlərin tamamilə yerlə-yeksan olunduğunu diqqətə çatdırıb. Hazırda Azərbaycanın işğaldan azad olunmuş ərazilərində bərpa və yenidənqurma işlərinin böyük sürətlə aparıldığını vurğulayan səfir bu baxımdan eston şirkətlərini bu işlərdə yaxından iştiraka dəvət edib.

Sonda Heydər Əliyev Fondunun təşəbbüsü ilə nəşr etdirilən “Karabakh before and after occupation” adlı kitab Estoniya parlamentinin sədrinə təqdim olunub.

AZƏRTAC