Ölkəmiz tolerantlığın mərkəzidir
Siyasət

Ölkəmiz tolerantlığın mərkəzidir

Vətən müharibəsindən əvvəl Ermənistanın doğma dədə-baba torpaqlarımızda törətdiyi vandalizm göz önündədir. Bu vəhşiliklər təkcə insanlara yox, həmçinin dini-tarixi abidələrimizə, məscidlərimizə, bununla yanaşı, təbii sərvətlərimiz və meşələrimizə qarşı da törədilib. Din müqəddəs və toxunulmazdır. Hər bir xalq, fərd öz növbəsində bütün inanclara hörmət etməlidir. Lakin görünür, Qərb qonşumuz bu hisslərdən çox uzaqdır. İndi də hər zaman olduğu kimi, haylar ictimayi rəyi çaşdırmağa çalışır. Paşinyan otuz il boyunca Qarabağdakı vandalizmə görə SSRİ hakimiyyətini günahlandırır. O, iddia edir ki, işğal altında olan ərazilərdə məscidlər, tarixi abidələr SSRİ hakimiyyəti dövründə dağıdılıb.

Paşinyan bu fikri ortaya atmaqla müəyyən məqsədlər güdür. Məqsəd tarixi həqiqətləri saxtalaşdırmaq, məscidlərə qarşı törədilən vəhşilikləri Sovet hakimiyyətinin üzərinə yıxmaqla müsəlman ölkələrinə, xalqlarına ermənilərin məscidlərə qarşı vandalizm aktı törətmədiyini göstərməkdir. Amma ölkə başçımız müzakirələr zamanı qeyd edib ki, dünya çox kiçikdir, harada nə olduğunu bir anın içində bilmək olur. Ermənistanın dini abidələrimizi, məscidlərimizi, ziyarətgahlarımızı, qəbiristanlıqlarımızı dağıdıb, vəhşilik törətməsi göz qabağındadır. Sözsüz ki, məsuliyyət Paşinyan hakimiyyətinin üzərinə düşür.

Ermənistan hakimiyyətinin 30 il boyunca törətdikləri dedikləri ilə tamamilə tərs mütənasibdir. Ermənistan özünü sanki tolerant dövlət kimi göstərməyə çalışır. Təəssüf ki, qarşımızda daima saxtakarlıq edən və özündən başqa heç bir xalqa, inanca hörmət etməyən qondarma bir dövlət var. İşğal etdiyi torpaqlarda heç bir quruculuq işi görməyən, işi sadəcə çapıb-talamaq olan Ermənistan artıq necə yalanlar uyduracağını bilmir.

Həmin ərazilərdə 10 mindən çox yer adı, daşınmaz tarixi və mədəniyyət abidəsinin adları və yüzlərlə toponim dəyişdirilərək, erməni adları ilə əvəz edilib. Həmçinin 2645 tarixi və mədəniyyət abidəsi, o cümlədən 1814 memarlıq, 747 arxeoloji, 64 bağ-park, monumental və xatirə abidəsi, 23 muzey, 102757 muzey eksponatı, 4 dövlət rəsm qalereyası, 376 rəsm əsəri, 4,6 milyon kitab, 13 arxiv, 260 min arxivləşdirilmiş sənəd, 50 mindən çox vətəndaşın şəxsi kolleksiyasına aid, tarixi əhəmiyyətli ov və məişət əşyaları dağıdılıb, məhv edilib və ya mənimsənilib.

Ermənistanın əksinə olaraq, Azərbaycan Respublikasında 10-dan çox erməni kilsəsi və digər dinlərə mənsub müqəddəs məbədlər mövcuddur. 2016-cı ildə Roma Papası Fransiskin tolerantlıq üzrə Azərbaycanı dünyada model ölkə kimi dəyərləndirməsi əsas göstəricidir. Son illərdə Rus Pravoslav Baş Kafedral Kilsəsi, "Xilaskar" Yevangelik-lüteran kilsəsi, Gəncədəki Aleksandr Nevski Rus Pravoslav Kilsəsi dövlət tərəfindən təmir edilib. Bununla yanaşı, Bakıda Müqəddəs Məryəm kilsəsinin inşası Heydər Əliyev Fondunun "Tolerantlığın ünvanı - Azərbaycan" layihəsi çərçivəsində reallaşdırılıb, erməni kilsəsi təmir edilib.

 Prezident İlham Əliyevin Sərəncamı ilə 2017-ci il "İslam Həmrəyliyi İli" elan olunub, bununla yanaşı, ölkəmiz İslam Həmrəyliyi Oyunlarına, həmçinin BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumuna, Mədəniyyətlərarası Dialoq Forumları və Bakı Humanitar Forumu kimi dinlərarası, mədəniyyətlərarası dialoqla bağlı bir çox mötəbər beynəlxalq tədbirlərə evsahibliyi edib. Şübhəsiz ki, bu yanaşmalar Azərbaycanın həm İslam, həm də sivilizasiyalararası dialoqla qlobal sülhə töhfəsinin ifadəsidir.

Azərbaycan dözümlülüyün və tolerantlığın məkanıdır. Hazırda Qarabağ bölgəsində yenidənqurma işləri gedir. Bir sıra dini məbədlərin, ocaqların təmiri artıq başa çatıb. Burada gedən işlər təkcə İslam dininə aid məbədləri, məscidləri deyil, həmçinin kilsə və sinaqoqları da əhatə edir. Bu baxımdan Laçında yerləşən Ağoğlan monastrı xüsusi qeyd edilməlidir. Öz interyer dizaynı, görünüşü ilə diqqətçəkən bu dini ev məharətli konstruktiv həllinə görə alban xristian memarlığı abidələri içərisində xüsusi yer tutur. Lakin saxtakar erməni hakimiyyəti bu fürsəti də əldən buraxmayıb və orada bəzi hiyləgərliklər edərək öz məbədləri kimi qələmə veriblər. Abidənin divarlarının müxtəlif yerlərinə məbədin guya xristianlığın qriqoryan məzhəbinə məxsusluğunu göstərmək üçün 26 yazı lövhəsi bərkidiblər. Kompleksin ümumi giriş qapısının önündə İrəvandan gətirilmiş xaç daşlar basdırıb, binanın fasadını söküb kirəmit və dəmirlə əvəzləyiblər. Bundan sonra 2007-ci ildə hökumətin tapşırığı ilə erməni yepiskopları daxili qərarla abidəyə erməni qriqoryan kilsəsi statusu veriblər. Bununla da işğal olunmuş ərazilərdə Azərbaycan mədəniyyətinə və tarixinə qarşı soyqırımı siyasəti yürütdüklərini bir daha əyani formada göstəriblər.

Dövlət başçımız din məsələsinə olduqca həssas yanaşır və prosesləri yaxından izləyir. Prezident İlham Əliyev öz çıxışlarının birində bildirib: "Azərbaycan xalqı əsrlər boyu öz milli-mənəvi dəyərlərini yaşatmış, qorumuşdur. İslam dəyərləri isə milli-mənəvi dəyərlərimizin tərkib hissəsidir. Ölkəmizdə dini sahədə hökm sürən əmin-amanlıq, qarşılıqlı anlaşma, müsəlmanlar arasında mövcud olan birlik, dinlərarası münasibətlərin yüksək səviyyədə tənzimlənməsi bu gün ölkəmizi gücləndirən amillərdən biridir".

Şübhəsiz ki, Qarabağ təkcə Azərbaycanın yox, həmçinin dünyanın da ən qədim və dəyərli tarixi məkanıdır. Buradakı Azıx mağarası, həmçinin bu torpaqların insanlığın ilk məskənlərindən olması da əlbəttə ki, bölgənin dəyərini daha da artırır. Bu abidələrin dağıdılması və erməni adları ilə dəyişdirilməsinin digər səbəbi də buradakı Azərbaycan izlərinin silinməsi və dünyaya sanki həmin ərazilərin tarixi Ermənistan torpaqları olduğunu sübut etmək idi. Lakin buna nail ola bilmədilər. Bütün bu faktlara əsaslanaraq onu deyə bilərik ki, dini və tarixi abidələrə hər iki ölkənin münasibəti göz qabağındadır. Ermənistan müsəlman inanclarına hörmət qoymayan monoetnik dövlət, Azərbaycan onun əskinə tolerantlığın mərkəzidir.

Töhfə SƏMƏDOVA,

"Respublika".