FHN-in qüvvələri Türkiyədə meşə yanğınları ilə mübarizə tədbirlərini davam etdirir
Digər xəbərlər

FHN-in qüvvələri Türkiyədə meşə yanğınları ilə mübarizə tədbirlərini davam etdirir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, hazırda Türkiyədə olan Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN müvafiq yanğın-xilasetmə qüvvələri meşə yanğınları ilə mübarizə tədbirlərini uğurla davam etdirirlər.

FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ötən sutka ərzində nazirliyin qüvvələri qardaş Türkiyənin Köyceğiz bölgəsinin Otmanlar rayonunda, Məntəşə bölgəsinin Yılanlı və Burdur bölgəsinin Bucak rayonunda soyutma tədbirlərini həyata keçiriblər. Tüstülənmə qeyd olunan yerlərdə yanğının baş verməsinin qarşısı alınıb.

Eyni zamanda, FHN-in qüvvələri tərəfindən Milas bölgəsindəki Yeniköy və Kemerköy İstilik Elektrik stansiyalarının sutkalıq fasiləsiz mühafizəsi də davam etdirilib.

Bundan başqa, soyutma tədbirlərinə cəlb edilən FHN-ə məxsus “BE-200ÇS” tipli amfibiya təyyarəsi ötən sutka ərzində Burdur istiqamətində 7 uçuş həyata keçirməklə 63 ton, helikopter isə Köyceğiz istiqamətində 28 uçuş həyata keçirməklə 70 ton su töküb.

Əməliyyatların mürəkkəb relyefli dağlıq ərazilərdə həyata keçirilməsinə baxmayaraq, bəzi istiqamətlərdə təcili və təxirəsalınmaz tədbirlər çərçivəsində əməliyyatlar gecə saatlarında da davam etdirilib. FHN-in yanğın-xilasetmə qüvvələri türkiyəli yanğınsöndürənlərlə birgə koordinasiyalı şəkildə fəaliyyət göstərirlər.

AZƏRTAC