Günəş ömrü yaşayanlar...
Region

Günəş ömrü yaşayanlar...

Mirməhəmmədəli  Tərlan oğlu  Rzazadənin  doğma Azərbaycana sevgi payı şirin canı oldu. Belə ki, İkinci Qarabağ müharibəsində  Ana dediyi, Vətəninin  şərəfini qorumaqdan ötrü özünü odun-alovun içinə atdı.  Döyüş meydanında  vaxtsız- 23 yaşında  şəhid oldu.

Qəhrəmanımız əslən cənub mirvarisi Lənkəran rayonunun Şilavar kəndindəndir.  Dünyaya göz açdığı məkan  isə Sumqayıt şəhəridir.  Həyatının çox hissəsi Şilavar kəndində keçir.  Burada orta məktəbi başa vurur, 2015-ci ildə canında, qanında Vətən sevgisi  ordu sıralarına yola düşür.

Mirməhəmmədəli  Rzazadə  cəbhə bölgəsində  Vətənin  keşiyində durur, nümunəvi əsgər olmaqla  böyük hörmət qazanır.   Həmişə də döyüş meydanında erməni dığaları ilə üz-üzə gəlib onları əzmək  məqamını gözləyir. Nəhayət ki,  2016-cı ildə  aprelin 1-dən 2-nə keçən  gecədə Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri  arasında   cəbhənin  Tərtər, Cəbrayıl-Füzuli  istiqamətində şiddətli  döyüşlər  başlanır.  Bu haqq savaşımızda cəsarətlə vuruşan, düşmənə   qan udduran  cəsur, igid əsgərlərdən bir də Mirməhəmmədəli olur.

İkinci Qarabağ müharibəsi  başlananda  Mirməhəmmədəli əlinə silah alıb ön sırada  düşmənlə savaşa  girir.  Yağının başını  məqamında əzmək üçün həmişə irəlidə gedir.   Ən qaynar nöqtələrdə  hər qarış torpaq uğrunda yağıya qarşı mərdliklə mübarizə aparır. “Qələbə bizim olacaq, o günə lap  az qalıb” deyib  döyüşdən-döyüşə  atılır.  İgid döyüşçü  Cəbrayılın azadlığı uğrunda sözün əsl mənasında, tarix yazır. 15 oktyabrda ağır müharibə meydanında şəhadətə ucalsa da, son damla qanına qədər erməni dığalarına göz açmağa imkan vermir.

 Vətən sevgisi ilə əbədiyyət qazanan Mirməhəmmədəli Rzazadə Lənkəranın  Şilavar kəndindəki məzarlıqda uyuyur. Minlərin qəlbində özünə yurd-yuva quran igid  dövlət tərəfindən  isə  “Vətən uğrunda”, “Cəsur döyüşçü”, Cəbrayılın, Qubadlının azadlığına görə medallara layiq görülüb.

Tərlan kişi oğlu haqqında deyir: “Oğlum elimin başını uca etdi. O, Vətənini öz canından çox istəyirdi. Onu  əsir düşən, Azərbaycanımızın bir parçası  olan Qarabağımız  həmişə düşündürürdü... Mirməhəmmədəli şəhivd olana qədər mənim oğlum idi, indi isə  bütün xalqın oğludur. Bununla fəxr edirəm”.

 Zəfər ORUCOĞLU.