GƏDƏBƏY: NOVOİVANOVKANIN TURİZM POTENSİALI
Region

GƏDƏBƏY: NOVOİVANOVKANIN TURİZM POTENSİALI

Dövlətimizin başçısı İlham Əliyevin imzaladığı "Regionların sosial-iqtisadi inkişafı" Dövlət proqramları böyük şəhərlərlə yanaşı, ən ucqar kəndlərin də sürətli inkişafını təmin edir. Həyata keçirilən irimiqyaslı layihələr nəticəsində yaşayış məntəqələri günbəgün simasını dəyişir.

Gədəbəy rayonunda da irimiqyaslı infrastruktur layihələrin həyata keçirilməsi davam etdirilir. Gədəbəy dedikdə göz önünə füsunkar gözəllik, ecazkar təbiət, buz bulaqlar, bir sözlə, insanın qəlbini oxşayan bir məkan gəlir.

Bu günlərdə rayonun inkişaf etmiş yaşayış məntəqələrindən birinə - Novoivanovka kəndinə yollandıq. Doğrusu, üzüyuxarı irəlilədikcə sərin hava insanın ruhunu oxşayır. Hər tərəfdə insanların həvəslə kənd təsərrüfatı işləri ilə məşğul olmaları diqqəti cəlb edir. Burada mövcud torpaqlardan zəhmətkeş gədəbəylilər həddindən artıq səmərəli istifadə edir, respublikamızın ərzaq məhsullarına, əsasən kartofa olan tələbatının ödənilməsində ön yerlərdə qərar tuturlar.

Gədəbəy, eyni zamanda turizmin inkişaf etdirilməsi üçün böyük potensiala malikdir. Yay aylarında rayona gələn yerli və xarici turistlərin sayı bir neçə dəfə artır. Gədəbəyin bir kəndində - Novoivanovkada gördüklərimiz bunu bir daha təsdiq edir. Kənd icra nümayəndəliyində bizi, gədəbəylilərə məxsus xüsusi qonaqpərvərliklə qarşıladılar.

İcra nümayəndəsi Bahəddin Tağıyev bildirdi ki, kənddə 605 təsərrüfat, 460 yaşayış evi mövcuddur. Əhalinin sayı 2101 nəfərdir. Sakinlərin əsas məşğuliyyəti əkinçilik, maldarlıq və arıçılıqdır. Bura ekoturizmin inkişaf etdirilməsi üçün çox əlverişli bir məkandır. Novoivanovka Qərbi Azərbaycanın Çəmbərək (Krasnoselo) rayonundan hava xətti ilə cəmi 5 kilometr məsafədə yerləşir.

Məlumdur ki, gədəbəylilər bir qarış da olsun torpaqlarını düşmənə təslim etməmişlər. Adıçəkilən kəndin sakinləri də istər müharibə dövründə, istərsə də sonralar doğma torpaqlarında mətin və mübariz dayanaraq heç yerə getməmiş, bu gün də hər kəs kənddə yaşamağa üstünlük verir. Çünki bu məkanda normal yaşamaq üçün hər bir şərait mövcuddur.

İcra nümayəndəsi qeyd etdi ki, əhali aqrar sahə ilə yanaşı, gəlirli sahə sayılan turizmin inkişafına da son illərdə yüksək qiymət verirlər. Hər il mövsümdə şəxsi evlərdə müvəqqəti yaşamaq üçün, daha doğrusu istirahət etmək üçün gələn turistlərin sayı bir qədər artır.

Novoivanovkanı rayon mərkəzi ilə 35 kilometr uzunluğunda gözəl asfalt yol birləşdirir. Bu da avtomobillərin rahat gediş-gəlişinə şərait yaradır. Kənddə istirahət edən turistlər sakinlərin istehsal etdikləri müxtəlif çeşidli məhsullardan istifadə etməyə daha çox üstünlük verirlər. Bundan həm əhali, həm də turistlər məmnun qalırlar.

Ekoloji təmiz məhsullardan istifadə etmək turistlər üçün maraqlıdır. Hazırda Novoivanovkada sakinlərə məxsus 937 baş iribuynuzlu, 2667 baş xırdabuynuzlu mal-qara və 1002 arı ailəsi mövcuddur. Cənnəti xatırladan bu məkan sıx meşələrlə əhatə olunmuşdur ki, bu da xüsusi bir gözəllik yaradır. Meşələrdə cürbəcür meyvə ağacları, habelə palıd, vələs, şam və s. ağacları, eləcə də müxtəlif vəhşi heyvanlar mövcuddur.

Əvvəllər kənd sakinləri yanacağa olan tələbatı ödəmək üçün meşələrə üz tuturdular. 2019-cu ildə əhali mavi yanacaqla təmin olunubdur. Elə həmin vaxtdan meşələrdə ağacların qırılmasına son qoyulmuşdur. İndi meşələrdə sıxlaşma müşahidə olunur.

Kənddə üçmərtəbəli müasir məktəb binası, həkim məntəqəsi, polis şöbəsi, elektron ATS fəaliyyət göstərir. Eyni zamanda, internet şəbəkəsi mövcuddur. Bir məsələni vurğulamaq lazımdır ki, internet şəbəkəsi zəif olduğundan yeni xətlərin çəkilməsi üçün layihələndirmə işləri aparılır.

Məktəb binası, kəndin girişindəki körpü, eləcə də məscid Novoivanovka kənd sakini, xeyriyyəçi Vidadi Süleymanov (vəfat etmişdir) tərəfindən öz şəxsi vəsaiti hesabına inşa olunmuşdur. Məktəbin istilik sisteminin yenidən qurulmasına ehtiyac var. Bundan başqa, müasir üslubda inşa olunmuş şadlıq sarayı və bir neçə supermarketlər xalqa nümunəvi xidmət göstərir.

Novoivanovkanın içməli su ilə təminatında heç bir problem yaşanmır. Hər evin həyətində su çeşməsi mövcuddur. İçməli su dağlardakı buz bulaqlardan borular vasitəsilə kəndə gətirilmişdir. Sevindirici haldır ki, yerli turistlərlə yanaşı, buraya Rusiya, Ukrayna və başqa yerlərdən də turistlər təşrif buyururlar.

Bahəddin Tağıyev kənd haqqında məlumat verərkən bildirdi ki, ötən əsrlərdən Novoivanovkada albanlar yaşamışlar. Bunu kənd ərazisində bu günümüzədək qalan alban kilsəsi və qalaçalar sübut edir. O, bir məsələni xüsusilə qeyd etdi ki, ermənilər hələ sovetlər birliyi dövründə kilsədə alban hərflərini pozaraq erməni əlifbası yazmış, eləcə də xaçın formasını dəyişməyə cəhd etmişlər.

Göründüyü kimi, xəstə təxəyyüllü ermənilər hər zaman tarixi saxtalaşdırmaqda mahir olmuşlar. 1800-cü illərdən bu kənddə Rusiyanın müxtəlif bölgələrindən sürgün olunmuş ruslar yaşamış, lakin sonralar onlar zaman-zaman öz ata-baba yurdlarına köçməyə üstünlük vermişlər. Bundan sonra, 1948-1950-ci illərdən başlayaraq digər bölgələrə olduğu kimi, adıçəkilən məkana da Qərbi Azərbaycandan deportasiya olunan insanlar gəlmişlər. Hazırda kənddə rus millətindən olan 7 ailə yaşayır. Bununla yanaşı bir nəfər Moldova, 2 nəfər qazax millətindən olan insanlar azərbaycanlılarla mehriban qonşuluq şəraitində yaşayırlar.

Kənd sakini milliyyətcə rus olan Natalya Uvarova azərbaycanlıların həddindən artıq mehriban, sakit, etibarlı millət olduğunu qeyd etdi. Bildirdi ki, 2009-cu ildə Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Gədəbəyə səfəri zamanı rus icmasının nümayəndələri ilə görüşü əbədi olaraq yaddaşımdan silinməyəcək. Bu görüş Azərbaycanda multikulturalizmin və tolerantlığın yüksək təşəkkülünün əyani təcəssümüdür.

Kənddə 360 hektar sahədə taxıl əkini aparılmış, hazırda biçini davam etdirilir. Hər hektardan orta hesabla 3,5 ton buğda əldə olunur. Bir sözlə, Novoivanovkada istehsal olunan ekoloji təmiz məhsullar özlərini və kəndə gələn turistləri təmin etməklə yanaşı, respublika bazarlarında da bolluq yaradır.

Heç şübhəsiz, bu məkanda növbəti illərdə ekoturizmin daha sürətli inkişafını görmək mümkün olacaqdır.

Vəli VƏLİYEV,

"Respublika".