Ağdam yolundan istifadə Qarabağdakı ermənilər üçün böyük şansdır
Region

Ağdam yolundan istifadə Qarabağdakı ermənilər üçün böyük şansdır

Məlum olduğu kimi, sonuncu Brüssel görüşü bir sıra vacib məqamlarla yadda qalıb. Bunlardan biri də Azərbaycanın Qarabağda yaşayan ermənilərə ərzaq tədarükünün Ağdam yolu üzərindən həyata keçirilməsi təklifi ilə bağlı idi. Ölkəmizin bu təklifi Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel tərəfindən dəstəklənsə də, Ermənistan sülhə maraqlı olmadığını, hər vəchlə sabitliyə əngəl törətmək niyyətini bir daha göstərdi.

Məsələyə münasibət bildirən millət vəkili Aydın Hüseynov Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Brüsseldə keçirilən sonuncu görüşdə Xankəndiyə humanitar yardımların Ağdam yolu ilə çatdırılması barədə fikir mübadiləsi aparıldığını qeyd edib. Rəsmi Bakı növbəti dəfə Qarabağdakı ermənilərə qarşı humanizm nümayiş etdirərək onlara hərtərəfli dəstək verməyə hazır olduğunu ortaya qoydu. Şarl Mişelin bu təşəbbüsü dəstəkləməsinə baxmayaraq, erməni tərəfi yoldan istifadədən imtina etdi. Ermənilərin yoldan imtina üçün heç bir arqumentləri yoxdur. Əgər təkliflə razılaşsaydılar bu, həm də Qarabağdakı ermənilərə logistik baxımından da sərfəli ola bilərdi. Çünki Ağdam yolu daha qısadır və daşınma ucuz başa gələcəkdi. Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bərdə şəhərində nümayəndəliyinin olması da Ağdam-Xankəndi yolunun üstün cəhətlərdəndir. Belə olan təqdirdə, Bərdədən Ağdama, buradan Xankəndiyə olan ümumi məsafə İrəvandan Xankəndiyə qədər olan yoldan daha əlverişlidir.

Bunun əksinə, Azərbaycan tərəfinin humanist təşəbbüsünə qarşı kəskin reaksiyaların şahidi oluruq. Ermənilər bir neçə gün çaşqınlıq içində qalsalar da, bir müddət sonra yenə öz xain xislətlərini ortaya qoyub bu təklifin onların ziyanına olduğunu iddia etdilər. Ermənilərin Ağdam yolundan istifadədən imtina etməsi siyasi spekulyasiya və rasist yanaşmanın göstəricisidir. Həmişəki kimi, Azərbaycanın xoş məramları qarşısında ermənilər əngəl törətməkdə davam edirlər. Ancaq nə etsələr də öz mənfur niyyətlərini sona qədər reallaşdıra bilməyəcəklər.

Onu da qeyd edək ki, Azərbaycan tərəfindən təklif edilən Ağdam-Xankəndi yolu ən yüksək beynəlxalq standartlara cavab verən yoldur. Bu yol üzərində müasir infrastruktur vasitələri mövcuddur. Yəni ermənilərin bununla bağlı hər hansı bir bəhanəsi ola bilməz. Təəssüf ki, rəsmi İrəvan yoldan istifadəyə narazılıq edir. Bu da o deməkdir ki, İrəvan sülh danışıqlarında maraqlı deyil.

Nəzrin ELDARQIZI,

"Respublika".