Heydər Əliyev-100: UNUDULMAZ GÖRÜŞ
Region

Heydər Əliyev-100: UNUDULMAZ GÖRÜŞ

Ümummilli lider Heydər Əliyev hakimiyyətdə olduğu hər iki dövrdə  regionların sosial-iqtisadi, mədəni inkişafına, gənclərin təhsilinə və gələcəyin qurucuları kimi hərtərəfli hazırlığına xüsusi diqqət yetirib. Ölkəmizin cənub qapısı olan Astara rayonuna dəfələrlə səfər edib, əməkçi insanlarla iş başında görüşüb, qayğı və problemlərinin həllinə çox həssaslıqla yanaşıb. Astaralılar bu dahi şəxsiyyəti, görkəmli dövlət xadimini daim böyük ehtiramla xatırlayırlar. Rəhbərlə bağlı nəsillərin yaddaşında unudulmaz xatirələr yaşayır.

1982-ci ilin iyun ayının son günləri idi, - deyə Astara Rayon İcra Hakimiyyəti başçısı aparatının hüquq şöbəsinin müdiri Bəsti Əliyeva bizimlə söhbətə davam edir: O vaxt 19 yaşım var idi. Kijəbə qəsəbəsində yaşayırdım. Sovxozda çaybecərən işləyirdim. Qabaqcıl fəhlə, həm də manqabaşçısı idim.

Sovxozun partiya komitə katibi Azad Əliyev ölkə rəhbəri Heydər Əliyevin sabah qəsəbəmizə gələcəyini, gənclər adından mənə çıxış veriləcəyini söylədi. Çox həyəcanlandım. Dedim ki, Heydər Əliyev kimi müdrik rəhbərin qarşısında çıxış etmək böyük məsuliyyətdir. Mən buna hazır deyiləm. Partiya komitə katibi təkidlə bildirdi ki, artıq gecdir, bu qərarı rayonun birinci katibi verib.

Bütün gecəni narahatlıqla keçirdim,  qısa bir çıxış hazırladım. Rəhbərin verəcəyi suallara necə cavab verəcəyimi dönə-dönə düşündüm.  

Səhər saatlarında çay sahəsinin tarla düşərgəsinin qarşısında rayonumuzun rəhbərləri, sovxozun fəhlələri toplaşmışdı. Hamı intizarla Heydər Əliyevin gəlişini gözləyirdi. Bir azdan dövlət nömrəli bir neçə maşın həyətə daxil oldu. Xalqımızın sevimli rəhbəri maşından düşdü.

Heydər Əliyevə rayonda çayçılığın vəziyyəti barədə məlumat verildi. Gənclər adından mən danışdım. Ulu öndər çıxışımı bəyəndi. Məndən nə qədər məhsul yığdığımı, fəhlə-kəndli gənclərin vəziyyətini, problemlərini soruşdu. Cavablarımdan razı qaldı. Dedi: “Qızım, görürəm ki, savadlısan. Sənin kimi gənclər oxumalı, ali təhsil almalıdır”. Dedim ki, universitetin hüquq fakültəsinə hazırlaşıram. Sənədlərimi hüquq fakültəsinə vermək üçün 2 il iş təcrübəsi tələb olunur”.

Bu sözüm Heydər Əliyevin xoşuna gəldi. Bəs hüquqşünas olmaqda məqsədin nədir? Prokuror olacaqsan, yoxsa hakim?” - deyə soruşdu. Dedim ki, ədaləti qorumaq, haqqı müdafiə etmək üçün hakim olmaq istəyirəm. Ulu öndər qolumdan tutub gülə-gülə dedi: “İnanıram ki, hüquqşünas da olacaqsan, hakim də”. Bu, müdrik, uzaqgörən rəhbərin mənim kimi sadə kəndli balasına,  fəhlə qızına xeyir-duası idi.

Bu görüş üzərimə çox böyük məsuliyyət qoydu. Gündüzlər çay sahəsində işləyir, gecələr isə imtahanlara hazırlaşırdım. Yadımdadır. IX sinifdə oxuyanda ümummilli liderin “Literaturnaya qazeta”da çap olunmuş “Qoy ədalət zəfər çalsın!” adlı müsahibəsi keçmiş ittifaqa böyük səs salmışdı. Bu yazı məndə də böyük təsir oyatmışdı. Ədalətə çox inanırdım. Heydər Əliyevin tapşırığı ilə Bakı Dövlət Universitetinin hüquq fakültəsinə qəbul zamanı fəhlələrin, sadə zəhmət adamlarının övladlarına üstünlük verilirdi.

 1982-ci ilin yayında sənədlərimi həmin fakültəyə verdim. İmtahanlar çox obyektiv, şəffaf qaydada gedirdi. İki imtahandan “əla”, digər iki imtahandan isə “yaxşı” qiymət alıb tələbə adını qazandım.  

Bəsti xanım universiteti yüksək qiymətlərlə bitirib Astara rayonuna təyinat alıb. Bir müddər vəkillik fəaliyyəti ilə məşğul olub. Savadını, işgüzarlığını, ictimai faəllığını nəzərə alaraq Astara Rayon İcra Hakimiyyətinə məsul vəzifəyə irəli çəkilib. Artıq 20 ildən çoxdur ki, icra aparatında hüquq şöbəsinin müdiri işləyir.

Gözəl ailəsi var. Ömür-gün yoldaşı Söhrabla Vətənə, dövlətçiliyə sadiq övladlar böyüdüb ərsəyə çatdırıb. Oğlu Rasim anasının peşəsini davam etdirir. İxtisasca hüquqşünasdır, Astara rayon məhkəməsində işləyir. Vətən müharibəsi başlayanda könüllü cəbhəyə gedib, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə fədakarlıq, şücaət göstərib. Qızı Fəridə Ağazadə ixtisasca jurnalistdir. Respublika mətbuatında dəst-xətti ilə tanınan istedadlı qələm sahibidir, Mətbuat Şurasının icra katibinin müavini vəzifəsində çalışır.  Ailənin sonbeşiyi Kəmalə həkimdir.

Bəsti xanım ulu öndərin bölgələrdə, o cümlədən Astara rayonunda  savadlı, ixtisaslı kadrların yetişməsinə, onların dövlət və hakimiyyət orqanlarında yüksək vəzifələrə irəli çəkilməsinə xüsusi qayğı göstərdiyini bildirir. O, istəyirdi ki, bütün sahələrdə savadlı, bilikli, peşəkar kadrlar olsun. İndi bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Bunu Astara rayonunun timsalında da aydın görmək olur.

Həmsöhbətim son olaraq dedi: - Müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, xalqımızın  ümummilli lideri Heydər Əliyevlə bu unudulmaz görüş həyatımın ən xoş, yaddaqalan və ən mənalı anlarından biridir.

Əlisəfa HƏSƏNOV,

“Respublika”.