İranın anti-Azərbaycan mövqeyi qısqanclıqdan başqa bir şey deyil
Siyasət

İranın anti-Azərbaycan mövqeyi qısqanclıqdan başqa bir şey deyil

Azərbaycanın ortaq tarixi keçmişə malik olduğu İranla münasibətləri heç zaman hamar yolla getməyib. Azərbaycan balanslaşdırılmış siyasət yeridən, bütün dünya ölkələri ilə normal münasibətlər saxlamağa can atan dövlət olsa da, bir sıra hallarda bəzi qonşu ölkələr dövlətimizə düşmən münasibətindən əl çəkmir.

Tarix göstərir ki, İran bizə qarşı heç vaxt layiqli davranmayıb. 1994-cü ildən sonra Azərbaycana qarşı İranın təxribatlarının, təzyiqlərinin böyük əksəriyyəti Xəzərin hüquqi statusu, dənizin karbohidrogen ehtiyatlarının dünya bazarına çıxarılması məsələsində Azərbaycanın inadlı, prinsipial mövqeləri ilə bağlı olub. Lakin son dövrlərdə ABŞ-ın təzyiqləri ilə İran Xəzər dənizi məsələsində geri çəkilməyə məcbur olmuşdu. Xüsusilə, İran 2018-ci ilin ilk günlərində daxili iğtişaşlarla silkələndikdən sonra Xəzər dənizi ilə bağlı xeyli güzəştlərə getməli oldu. Bunun səbəbi o idi ki, Azərbaycan Prezidenti İlham Əliyev Bakıda SOCAR və BP-nin rəhbərlik etdiyi konsorsium arasında Azərbaycanın ən böyük neft yataqlarının 2050-ci ilədək istismarına dair saziş imzaladı.

Cənub Qaz Dəhlizinin dörd əsas qolundan biri olan TANAP-ın açılışının edilməsi də ölkəmizə qarşı İranın ən müxtəlif təhdidlərilə müşahidə olundu. Üstəlik özünün əbədi müttəfiqi hesab etdiyi Ermənistan ondan üz döndərərək Qərbə doğru meyilləndi. Ermənistanı müttəfiq kimi itirməkdə olan İran Xəzərlə bağlı məsələdə isə qeyri-konstruktiv mövqedən çəkinmədi. Azərbaycanın Vətən müharibəsindəki Zəfəri, müttəfiqi olan Ermənistanın məğlubiyyəti isə İranın Azərbaycana qarşı münasibətlərində mənfi mövqeyini daha aydın göstərdi. Belə ki, 2021-ci ilin sentyabrında İran İslam Respublikası Silahlı Qüvvələri bölmələrinin və hərbi texnikasının bir hissəsini şimal-qərb sərhədlərinə keçirməyə başladı. Oktyabrın 1-də rəsmən başlanmış "Xeybər fatehləri" hərbi təlimləri Azərbaycanın, eləcə də dünya miqyasında bir çox dövlətin narahatlığına səbəb oldu. Bütün bu mənfi reaksiyalara cavab olaraq, Azərbaycan Türkiyə ordusu ilə birgə hərbi təlimlərinə start verdi. Oktyabrın 5-dən 8-dək Azərbaycanın İranla sərhədində, Naxçıvan Muxtar Respublikasında "Sarsılmaz qardaşlıq" təlimi keçirildi. Təlimin elə ilk günündə İranın öz hava məkanını Azərbaycan Hərbi Hava Qüvvələrinin üzünə bağlaması açıq şəkildə iki ölkə arasında yüksək dərəcədə inamsızlığın olduğunu göstərdi.

2021-ci ilin sentyabrında yenidən uzaqlaşmaya və gərginliyin artmasına səbəb olan başqa bir hadisə baş verdi. Əslində, münasibətlərin gərginləşməsinin başlanğıcı kimi İranın Xankəndiyə qanunsuz yük daşımaları həyata keçirməsi oldu. Nəticədə, çoxsaylı xəbərdarlıqlar edən Bakı İran-Ermənistan marşrutu ilə hərəkət edən yük maşınlarına vergi tətbiq etdi, həmçinin iki iranlı yük maşını sürücüsünü saxladı.

Ümumiyyətlə, İran Azərbaycanın uğurlarına daim qısqanclıqla yanaşıb. Bu, istər Azərbaycanda din pərdəsi altında radikal qruplaşmaların yaradılmasında və qızışdırılmasında, istər rəsmi şəxslərin zaman-zaman Azərbaycanın suverenliyi və mövcudluğunu şübhə altına alan bəyanatlarında, istər Azərbaycanın Qarabağ bölgəsini işğal altında saxlamış Ermənistanla sıx siyasi-iqtisadi əməkdaşlıq qurmasında, istərsə də Azərbaycanın Vətən müharibəsindəki qələbəsindən sonra ölkəmiz üçün yaranmış yeni əlverişli geosiyasi reallığı qəbul etməməsində özünü büruzə verir.

Birinci Qarabağ müharibəsində olduğu kimi, bu dəfə də İran Ermənistan üçün siyasi, hərbi və iqtisadi "nəfəslik" funksiyasını üzərinə götürmüşdü. Amma ordumuzun şanlı qələbəsinə mane ola bilməyən İran bu dəfə Vətən müharibəsindən sonra yaranmış yeni reallığı qəbul etməməyə, Azərbaycanın uğurunun təsirini uzaq perspektivdə azaltmağa çalışırdı. Bu proses bu gün də davam edir və əsasən, Azərbaycanın 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın müvafiq bəndinə uyğun olaraq Azərbaycanın əsas ərazisi ilə Naxçıvan arasında maneəsiz birbaşa əlaqəni təmin etmək üçün yaradılan Zəngəzur dəhlizinin icrasının qarşısını almağa yönəlib. Rəsmi Tehran hər vəchlə bu layihənin reallaşmasına qarşı çıxır və tez-tez Ermənistanın ərazi bütövlüyünün "qırmızı xətt" olduğunu bəyan edir. Halbuki, bölgədə ölkələrin sərhədlərinin toxunulmazlığı və sərhədlərin hər hansı dəyişikliyinə imkan verməyəcəyi barədə İran Prezidenti İbrahim Rəisi, ölkənin Ali rəhbəri Əli Xamneidən tutmuş, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Məhəmməd Baqeri və xarici işlər naziri Əmir Hüseyn Abdullahiana qədər demək olar ki, bütün yüksək ranqlı məmurlar bildirib.

Maraqlıdır ki, cənub qonşumuz Cənubi Qafqazda sərhədlərin toxunulmazlığına bu qədər həssas olduğunu Azərbaycan torpaqlarının 30 ilə yaxın davam edən işğalı dövründə göstərmədi. Əksinə, işğalçı Ermənistanla sərhədlərini açıq saxlayaraq Qarabağın işğal altında qalmasına bilavasitə dəstək oldu, işğala sponsorluq etdi.

Digər tərəfdən, Zəngəzur dəhlizinin açılması ilə ölkələrin ərazi bütövlüyü prinsipi arasında heç bir ziddiyyət yoxdur. Çünki dəhliz Ermənistan liderinin də imzaladığı beynəlxalq sənəd əsasında fəaliyyət göstərəcək və bu, ölkənin ərazi bütövlüyünə heç bir təhdid daşımır. Dəhlizin açılmasından və ticarətin daha da canlanmasından bütün region ölkələri, o cümlədən Ermənistan və İran böyük dividend qazana bilərlər. Amma göründüyü kimi, İran Qafqaz istiqamətində Azərbaycana qarşı qərəzli, praqmatik yanaşmadan çox emosiyalara əsaslanan xarici siyasətini davam etdirir. Bu siyasətin gələcəkdə də davam etməsi İranın regional nüfuzuna xələl gətirə bilər.

İranın Azərbaycanla sərhəddə keçirdiyi təlimlər anti-Azərbaycan xarakterlidir. Bu isə onu göstərir ki, İran öz ənənəsinə sadiq qalaraq ermənipərəst siyasətini davam etdirməkdədir.

Zümrüd QURBANQIZI,

"Respublika".