İsmayıllı: Su aydınlıqdır
Region

İsmayıllı: Su aydınlıqdır

İvanovkanın daha altı məhəlləsi bu aydınlığın sevincini yaşadı

İsmayıllı rayonunun İvanovka qəsəbəsinin sakinlərinin neçə illərdir həsrətində olduqları içməli su problemi həll edilib. Bu günlərdə kəndin 6 məhəlləsi uzun illərdən bəri davam edən içməli suyun çətinliyindən qurtarıblar. Suyun mənbəyi Xanəgah kəndindən götürülüb. Qəsəbənin magistral su kəməri uzunluğu 2500 poqonmetr, diametri 159 mm olan yeni dəmir borularla əvəz olunub.

Rayon icra hakimiyyətinin başçısı Nahid Bağırov açılış mərasimində çıxış edərək bu münasibətlə İvanovka qəsəbəsinin sakinlərini təbrik edib, son vaxtlar İsmayıllıda həyata keçirilən sosial-iqtisadi layihələr barədə məlumat verib. Qeyd edib ki, hazırda bütün yaşayış məntəqələrinin içməli su və təbii qazla təmin edilməsi, yol infrastrukturunun təzələnməsi istiqamətində  tədbirlər mərhələli şəkildə həyata keçirilir. Rayon icra hakimiyyəti başçısının  qəsəbə üzrə nümayəndəsi İvan Prokofyev, kolxozun müşahidə şurasının sədri Olqa Jabina, ağsaqqal Sergey Kazakov çıxış edərək diqqət və qayğıya görə bu işdə əməyi olan hər bir şəxsə öz təşəkkürlərini bildiriblər. Tədbirdə N.Nikitin adına kolxozun iqtisadi həyatından, qəsəbə əməkçilərinin uğurlarından da söz açılıb.

Qeyd edək ki, İvanovka qəsəbəsinin sakinləri aydınlıq rəmzi olan bu sevincə rayon icra hakimiyyətinin təşəbbüsü, kolxozun və yerli sahibkarın köməkliyi, həmçinin daxili imkanlar hesabına qovuşmuşlar.

Rasim AMANOV,

“Respublika”.