İstanbul: Vətən müharibəsi haqqında kitabın təqdimatı
Diaspora

İstanbul: Vətən müharibəsi haqqında kitabın təqdimatı

İstanbulda tanınmış diplomat, Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıçın “44 gün Vətən müharibəsi, Hulusi Kılıç informasiya cəbhəsində” kitabının təqdimatı keçirilib. Kitabda Hulusi Kılıçın 44 günlük müharibə dönəmində fəaliyyəti, ayrı-ayrı agentliklərə verdiyi açıqlamalar və müsahibələr,  media qurumları ilə fəal əməkdaşlığın real nəticələri öz əksini tapıb. Jurnalist Günel Yazın təşəbbüsü ilə Hulusi Kılıçın bu gərgin dönəmlərdə verdiyi müsahibələrin toplanaraq kitab şəklində çap olunması  Azərbaycan oxucusu tərəfindən rəğbətlə qarşılanıb. Hulusi Kılıç Azərbaycanda vəzifəyə başladığı gündən bu günə kimi özünü haqq tərəfdarı, əsl diplomat və vətənsevər bir ziyalı kimi göstərib. O, dünyanın harasında olursa-olsun,  həm də Azərbaycanı təmsil edir. Yaxasındakı “Dostluq” ordeni və “Xarıbülbül” emblemi onun Azərbaycan sevdasının simvoludu.

Tədbirdə Türkiyə-Azərbaycan Biznes Şurasının sədri Səlcuk Akat, Azərbaycan-Türkiyə İş Adamları Birliyi İdarə Heyətinin sədri Cemal Yangın, Azərbaycanın Əməkdar rəssamı Teymur Rzayev, Azərbaycan Milli Elmlər Akademiyasının İdarəetmə Sistemləri İnstitutunun şöbə müdiri, akademik Asəf Hacıyev, ölkəmizin İstanbuldakı baş konsulu Nərminə Mustafayeva, diaspor və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mərasimdə çıxış edənlər  Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi zəfərdən, Türkiyənin ölkəmizə göstərdiyi qardaş dəstəyindən, Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi ilə tarixi günlər yaşadığını bildiriblər. Bu şanlı Qələbənin Azərbaycan Prezidenti İlham Əliyevin uzaqgörən siyasəti, cəsarətli çıxışları, Azərbaycan Ordusunun tükənməz gücü və Azərbaycan xalqının sarsılmaz birliyi sayəsində qazanıldığını vurğulayıb, Qələbəmiz  bütün türk dünyasının Zəfəri olaraq qiymətləndirilib, qardaş Türkiyənin həmin mürəkkəb dövrdə Azərbaycanın yanında olduğu qeyd edilib. Vətən müharibəsi zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, Türkiyə Xarici İşlər və Müdafiə Nazirliyinin səviyyəsində dəstək göstərildiyi vurğulanıb, ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” ifadəsinin təkcə sözdən ibarət olmadığının bütün dünyaya sübut edildiyi bildirilib. Hulusi Kılıçın ən çətin və həssas zamanda  Azərbaycan üçün çalışdığını bildirən çıxışçılar həm Azərbaycanda, həm də Moldovada səfir kimi fəaliyyət göstərdiyi dövrdə türkdilli xalqların bir-birinə yaxınlaşmasında xüsusi xidmətindən danışıblar.

Mərasimdə çıxış edən  Hulusi Kılıç deyib:  "Can Azərbaycanımızın 30 ilə yaxındır işğal altında olan torpaqlarını azad etməsinin sevincini, xoşbəxtliyini və qürurunu mən də yaşadım. Vətən müharibəsi zamanı Prezident İlham Əliyevin möhtəşəm tarixi çıxışlarına qulaq asdıqca, qardaş Azərbaycan xalqının dövlət başçısının ətrafında birləşdiyini gördükcə, qəhrəman ordunun zəfər xəbərlərini yaxından izlədikcə böyük həyəcan hissi keçirirdim. Vətən müharibəsində özüm Ankarada olsam da, ruhum Qarabağda, dastan yazan qəhrəman əsgərlərimizin yanında idi. Bunu dəfələrlə söyləmişəm. Qarabağ üçün şəhid düşməyə hazır idim". 

Sabiq səfir daha sonra bildirib: "44 günlük Vətən müharibəsinin sonunda qazanılan tarixi zəfər can Azərbaycanla yanaşı, Türkiyə və türk dünyasında böyük sevinc, qürur hissilə qarşılanıb. Əslində, biz bu savaşda xalqlarımızın sevgisini, dəstəyini qazandıq. Bu, bizim üçün ən böyük uğurdur".

Hulusi Kılıç onu da əlavə edib ki, kitabın Gəncədə də təqdimatı  planlaşdırılır.

Qeyd edək ki, kitabdan əldə edilən gəlir “YAŞAT” Fonduna bağışlanılır.

Esmira Yazkan ASLANOVA,

“Respublika” qəzetinin Türkiyə üzrə müxbiri.