Azərbaycanın Çindəki səfirliyində Zəfər Gününə və
Diaspora

Azərbaycanın Çindəki səfirliyində Zəfər Gününə və "Şuşa İli"nə həsr olunan konsert təşkil edilib

Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı səfirliyində 8 Noyabr - Zəfər Gününə və "Şuşa İli"nə həsr olunan konsert proqramı təşkil edilib.

AZƏRTAC xəbər verir ki, səfirliyin "Qarabağ" zalında keçirilən konsertdə Çin ictimaiyyətinin, Pekindəki diplomatik korpusun, bu ölkədəki Azərbaycan və türk diasporlarının nümayəndələri iştirak ediblər.

Azərbaycanın Çindəki səfiri Əkrəm Zeynallı 2020-ci ilin payızındakı 44 günlük Vətən müharibəsi zamanı noyabrın 8-də ölkəmizin mədəniyyət paytaxtı və xalqımız üçün müstəsna mənəvi əhəmiyyəti olan Şuşa şəhərinin Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu tərəfindən işğaldan azad edildiyini diqqətə çatdırıb. Şuşanın azad olunmasının noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli Bəyanatının imzalanması ilə nəticələndiyini, 30 ilə yaxın davam edən keçmiş Qarabağ münaqişəsinin sona çatdığını və Azərbaycanın ərazi bütövlüyünün təmin olunduğunu vurğulayan səfir bu böyük Zəfərdən sonra Cənubi Qafqaz regionunda uzun zamandır gözlənilən sülhün bərqərar olmasına tarixi imkanın yarandığını bildirib.

Diqqətə çatdırılıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq, 8 noyabr tarixi təqvimimizə Zəfər Günü kimi daxil olub. Səfir Azərbaycan xalqının bu qürurverici tarixin nəinki ölkəmizdə, habelə onun hüdudlarından kənarda da böyük coşqu və təntənə ilə qeyd etdiyini vurğulayıb.

Diplomat, həmçinin bildirib ki, ərazisinin 20 faizinin 30 ilə yaxın bir müddətdə işğal altında qalmasına, Ermənistanın hərbi təcavüzü nəticəsində 1 milyondan çox soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsinə, işğal altındakı torpaqlarımızda bütün yaşayış məskənlərinin və infrastrukturun tamamilə məhv edilməsinə, ümumiyyətlə, xalqımızın yaşadığı bütün ağrı-acılara baxmayaraq, Azərbaycan tarixin bu səhifəsini çevirərək, Ermənistana sülh müqaviləsi bağlamağı təklif edib. Ə.Zeynallı Ermənistanın konstruktivlik nümayiş etdirəcəyi təqdirdə, sülh müqaviləsinin yaxın zamanlarda imzalana biləcəyini, bununla da Cənubi Qafqaz regionunda sülhün və əmin-amanlığın bərqərar olunacağına inamını ifadə edib.

Səfir Əkrəm Zeynallı Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edildiyini bildirib, əsası 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulmuş şəhərin Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olduğunu, xalqımız üçün müstəsna mənəvi dəyər daşıdığını vurğulayıb. O, Şuşanın Şərqin konservatoriyası kimi də tanındığını bildirərək, bu şəhərin mədəniyyətimizə və ədəbiyyatımıza bəxş etdiyi dahi şəxsiyyətlərdən söz açıb, Şuşa şəhərinin işğaldan əvvəlki görkəminin bərpası, şöhrətinin özünə qaytarılması, ənənəvi dolğun mədəni həyatına qovuşması üçün dövlətimizin gördüyü genişmiqyaslı işlərə dair məlumat verib. Şuşa şəhərinin Azərbaycanın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin parlaq incisi kimi beynəlxalq aləmdə təbliği məqsədilə 2022-ci ilin ölkəmizdə "Şuşa İli" kimi elan olunduğunu söyləyən səfir konsertin də məhz bu çərçivədə təşkil edildiyini diqqətə çatdırıb.

Sonra İpək Yolu Beynəlxalq İncəsənət Mərkəzinin bədii rəhbəri, dünyaca məşhur virtuoz pianoçu Klaudia Yanq solo konsert proqramı ilə çıxış edib. Azərbaycanın dahi bəstəkarları Üzeyir Hacıbəyli, Qara Qarayev, Vasif Adıgözəlov və Tofiq Quliyevin əsərlərinin böyük məharətlə ifa edildiyi konsert dinləyicilərin böyük marağına səbəb olub.

Sonda qonaqlara Azərbaycan təamlarının təqdim edildiyi ziyafət verilib.

AZƏRTAC