Diaspora

"Biz birlikdə güclüyük"

İstanbul

"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlığa dair Saziş"in imzalanmasına həsr olunan tədbir İstanbulun Ümraniye Bələdiyyəsi, "Xarıbülbül" Azərbaycan Vizyon Teatr Birliyi və İnsan Haqları, Təhsil, Mədəniyyət və Həmrəylik Dərnəyinin birgə təşkilatçılığı ilə keçirilib. Mərasim yerli dövlət orqanlarının, Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun, Diasporla İş üzrə Dövlət Komitəsinin, Azərbaycan Diasporuna Dəstək Fondunun əməkdaşlarının, sənətsevərlərin, Türkiyədə yaşayan və fəaliyyət göstərən həmvətənlərimizin iştirakı ilə baş tutub.

Ümraniyə Bələdiyyəsinin Mədəniyyət Mərkəzində keçirilən tədbirdə azərbaycanlı sənətkarların əl işlərindən ibarət "Biz birlikdə güclüyük!" adlı sərgi açılıb. Sərgidə Azərbaycan Rəssamlar İttifaqının üzvləri Lətafət Rafiqin, Tariyel Əlizadənin, Aynur Novruzovanın, miniatür sənətçisi Pərinisa Əsgərovanın, əl işləri sənətçiləri Səadət Qasımova və Fatimə Abdalın sənət əsərləri sərgilənib.

Tədbirdə Ümraniye Bələdiyyəsinin sədri İsmet Yıldırım, ölkələrimiz arasında qədim tarixi bağların ildən-ilə möhkəmləndiyini və hər bir sahədə Azərbaycanla Türkiyənin birlikdə addımladığını diqqətə çatdırıb. Müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin "Bir millət, iki dövlət" kəlamını və 44 günlük Vətən müharibəsini xatırladan bələdiyyə sədri Qarabağdakı parlaq Zəfərimizi bütün türk dünyasının qüruru kimi qiymətləndirib. O, çıxışını görkəmli şairimiz Bəxtiyar Vahabzadənin "Azərbaycan-Türkiyə" şeirindən misraları səsləndirməklə tamamlayıb.

İnsan Haqları, Təhsil, Mədəniyyət və Həmrəylik Dərnəyinin rəhbəri Məhsəti Şərif Özyürək bildirib ki, bəzən siyasətdə əldə edilə bilməyən uğurlar mədəniyyətdə qazanılır. Bizim ölkəmiz artıq siyasətdə öz sözünü dedi. İndi isə mədəniyyətimizi beynəlxalq səviyyədə təmsil etmək zamanıdır. Dərnək rəhbəri sonda hər iki ölkədə keçiriləcək seçkilərlə bağlı danışaraq "Zəfər yoluna" uğurlar arzulayıb.

Ümraniye kaymakamı Abdulaziz Aydın iki qardaş ölkə arasında keçmişdən gələcəyə uzanan qardaşlıq və birlikdən bəhs edib. O, "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlığa dair imzalanan Saziş"in mədəni əlaqələrimizin daha da dərinləşməsinə töhfə verəcəyini və Azərbaycanın Türkiyə üçün bir dövlət deyil, qan qardaşı olduğunu bildirib.

Mərasimdə çıxış edən "Xarıbülbül" Azərbaycan Vizyon Teatr Birliyinin rəhbəri Kəmalə Kamal Cabbarova Azərbaycan ilə Türkiyə arasında mədəniyyət sahəsində əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayıb.

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Kənan Məmmədov iki ölkə arasında əməkdaşlığın bütün sahələri, o cümlədən mədəniyyət və incəsənət sahələri üzrə inkişafından danışıb. O, tədbiri bu əməkdaşlığın bariz nümunəsi adlandırıb. K.Məmmədov Azərbaycan dövlətinin Türkiyədə yaşayan soydaşlarımızın mədəniyyət və incəsənət sahələrinə bəxş etdikləri töhfələri yüksək qiymətləndirdiyini və Komitənin bu istiqamətdə həyata keçirdiyi layihələri diqqətə çatdırıb.

Sonra 7 fevral növbədənkənar prezident seçkiləri ilə əlaqədar yaradılmış "Biz - Zəfər yoluna davam" təşəbbüs qrupunun Türkiyədən olan üzvləri adından Türkiyədə yaşayan Azərbaycan vətəndaşlarına müraciət səsləndirilib.

Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası İdarə Heyəti sədrinin müavini Pərviz Məmmədzadənin səsləndirdiyi müraciətdə Türkiyədə yaşayan həmvətənlərimiz seçkilərdə aktiv iştirak etməyə çağırılıb.

Esmira Yazkan ASLANOVA,

"Respublika" qəzetinin

Türkiyə üzrə müxbiri.