KİTAB SƏRGİSİNİN AÇILIŞI
Region

KİTAB SƏRGİSİNİN AÇILIŞI

Gəncə Şəhər İcra Hakimiyyəti və Gəncə Regional Mədəniyyət İdarəsinin dəstəyi, "Azərbaycan Nəşriyyatları Assosiasiyası" İctimai Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən "II Gəncə Kitab Sərgisi"nin açılışı olub.

Açılış mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, "Azərbaycan Nəşriyyatları Assosiasiyası" İctimai Birliyinin idarə heyətinin sədri Şəmil Sadiq, ziyalılar, ictimaiyyət nümayəndələri, yazıçı və kitabsevərlər iştirak ediblər. Əvvəlcə, Azərbaycanın dövlət müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra tədbir iştirakçılarına "Bölgələrə kitabla gedirik!" şüarı ilə həyata layihə barədə ətraflı məlumat verilib. Bildirilib ki, layihə çərçivəsində artıq iki ildir keçirilən respublikamızın bir çox şəhər və rayonunda kitab sərgiləri təşkil olunur. Əsas məqsəd dövlətçilik dəyərlərimizin intellektual gənclərə kitab vasitəsilə çatdırılması, yerli kitabçılığın inkişafının təmin edilməsidir. Qeyd olunub ki, son zamanlarda gənclər arasında kitaba maraq göstərənlər arasında artım müşahidə olunur ki, bu cür tədbirlərin təşkili də buna öz töhfəsini verməkdədir.

Məlumat üçün bildirək ki, "Nizami yurduna kitabla gəlirik!" şüarı ilə keçirilən “II Gəncə Kitab Sərgisi”ndə ölkənin 30-dan artıq nəşriyyatı və 10-dan çox kitab evi iştirak edir. Sərgidə satışa çıxarılan kitablara 50%-dək endirim tətbiq olunacaq. 3 gün ərzində məşhur şair və yazıçıların iştirakı ilə təqdimatlar, imza mərasimləri, şeir gecələri, uşaqlar üçün nağıl saatları, rəssamların, müxtəlif sənət nümayəndələrinin əsərlərindən ibarət sərgi və bədii proqramlar keçiriləcək. F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının "Urban" Mərkəzində təşkil olunan "II Gəncə Kitab Sərgisi" 13 noyabr 2022-ci il tarixində yekunlaşacaq.

Zabit XƏLİLOV,

"Respublika".