Köç Laçın yaylağındadır
Region

Köç Laçın yaylağındadır

- Laçın rayonu bizim dədə-baba yaylaq yerimizdir, - Cəbrayıl rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Şahin Şirinov belə deyir. İşğaldan əvvəl bu rayonun axar-baxarlı guşələrində bizim rayonumuza 10 min hektar yaylaq yeri ayrılmışdı. Hər il yay ayları başlar-başlamaz Laçın yaylağına rayonumuzdan köç gedirdi. Çox yaxşıdır ki,bu ilin yaylaq mövsümündə fermer Əşrəf Qəhramanov öz sürülərini Laçına apardı.

 Direktor onu da bildirir ki, fermer Əşrəf Qəhramanov köçkünlük illərində də öz təsərrüfatında qoyun-quzu, mal-qara bəslərdi. Hazırda onun təsərrüfatında 300 başa yaxın iri və xırdabuynuzlu heyvan var. Əşrəf şəhid atasıdır. Övladı Aprel döyüşlərində şəhidlik zirvəsinə yüksəlib. Hələlik Laçın yaylağına rayonumuzdan köç edən tək fermerdir. Yaxın illərdə fermerlərin sayı artacaq.

 Şahin Şirinov sözünə davam edir:

- Laçın rayonunda heyvandarlığın inkişafı üçün böyük potensial mövcuddur. Yaylaqlarda son dərəcə zəngin bitki örtüyü və yem ehtiyatı var. İşğaldan əvvəlki dövrdə bu yaylaqlar Azərbaycanın müxtəlif bölgələrində fəaliyyət göstərən təsərrüfatların əsas köç yeri olub. 30-dan çox rayonun təsərrüfatları mövsüm ərzində Kəlbəcərin və Laçının yaylaqlarına köç edib. Torpaqlarımız işğaldan azad edildikdən sonra artıq ikinci ildir ki, qoyunçuluq təsərrüfatlarının Kəlbəcər və Laçın yaylaqlarına köçü təşkil olunur.

Kənd Təsəsrrüfatı Nazirliyi Aqrar Xidmətlər Agentliyinin əməkdaşları Kəlbəcər və Laçın yaylaqlarına köçürülmüş qoyunçuluq təsərrüfatlarında monitorinqlər keçirir. Monitorinqlərin keçirilməsində məqsəd yaylaqlardakı sürülərin ümumi vəziyyətinə baxış keçirmək və müalicəyə ehtiyacı olan heyvanlara yerində baytarlıq yardımı göstərməkdir. Azad olunmuş ərazilərə köçlə əlaqədar təsdiqlənmiş reqlamentə əsasən, yaylaqlara gedən sürülərdə heyvan xəstəliklərinin profilaktikası ilə əlaqədar müvafiq preventiv tədbirlər həyata keçirilir. Xüsusi təhlükəli xəstəliklərə qarşı peyvəndləndikdən sonra heyvanların köçünə icazə verilib. Rayon DAİM-i fermerlə müntəzəm olaraq əlaqə saxlayır. Yaylaq mövsümü xoş ovqatla davam edir.

T.YADULLAOĞLU,

"Respublika".