Gəncə: Görkəmli yazıçı, ədəbiyyatşünas alim və pedaqoq Mir Cəlal Paşayevin xatirəsi anılıb
Region

Gəncə: Görkəmli yazıçı, ədəbiyyatşünas alim və pedaqoq Mir Cəlal Paşayevin xatirəsi anılıb

Gəncədə Bakı Dövlət Universitetinin təşkilatçılığı, Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə görkəmli ədib, Əməkdar elm xadimi Mir Cəlal Paşayevin 115 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər keçirilib. 

İlk öncə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev və ali təhsil müəssisəsinin nümayəndə heyəti Gəncədə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, xatirəsinə dərin ehtiramlarını bildiriblər. Sonra  BDU-nun nümayəndə heyəti Gəncədə Mir Cəlal Paşayev adına 39 nömrəli tam orta məktəbdə olub. Görkəmli ədibin büstü önünə gül dəstələri qoyulub. BDU tərəfindən məktəbə “Bestcomp” şirkətinin dəstəyi ilə alınan kompüter dəsti hədiyyə edilib. Bundan əlavə, məktəbə BDU Elmi Kitabxanasından 102 adda 125-dək kitab təqdim edilib. 

Daha sonra, məktəbin şagirdlərinin ifasında Mir Cəlal Paşayevin əsərləri əsasında hazırlanmış səhnəciklər göstərilib, görkəmli yazıçının məşhur aforizmlərindən seçmələr səsləndirilib. Mir Cəlal Paşayevin 115 illik yubileyinə həsr olunmuş tədbir görkəmli ədibin Gəncə şəhərində yerləşən ev-muzeyində davam edib. Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, ADA Universitetinin rektoru Hafiz Paşayev, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Bakı Dövlət Universitetinin professoru Ədibə Paşayeva və başqaları iştirak ediblər. 

Sonra rektor Elçin Babayev ev-muzeyinə görkəmli ədibin az nüsxədə mövcud olan "Seçilmiş hekayələr (1940)", "Sevinc (1950)" kitablarını  və “Bestcomp” şirkətinin dəstəyi ilə alınan kompüter dəstini hədiyyə edib. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxış edərək bildirib ki, Azərbaycan ədəbiyyatının böyük nümayəndəsi, Əməkdar elm xadimi Mir Cəlal Paşayev xalqımızın ziyalı və elmi mühitinin ən parlaq simalarındandır. Bu böyük şəxsiyyət öz yaradıcılığı, ictimai və elmi fəaliyyəti ilə tariximizdə əbədi iz qoyub.

ADA Universitetinin rektoru Hafiz Paşayev Mir Cəlal Paşayevin irsinin öyrənilməsi və təbliği istiqamətində BDU-nun təşəbbüsünü alqışladığını, tələbələrin də bu işdə yaxından iştirakından sevinc hissi keçirdiyini bildirib. Daha sonra BDU-nun tələbələri arasında böyük yazıçı və alim Mir Cəlal Paşayevin 115 illik yubileyi münasibətilə elan edilmiş qısa hekayə müsabiqəsinin nəticələri elan olunub.

Mexanika-riyaziyyat fakültəsinin II kurs magistrantı Fatimə Musayeva və Filologiya fakültəsinin I kurs tələbəsi Aytac Salahlı müsabiqənin xüsusi mükafatını qazanıblar.

 Müsabiqədə I yerin qalibi Fidan Hüseynova öz hekayəsini oxuyub.

 Daha sonra BDU rektoru muzeyin “Xatirə kitabı”na ürək sözlərini yazıb.

 Zabit XƏLİLOV,

“Respublika”.