“Mənim tanrım gözəllikdir, sevgidir
Region

“Mənim tanrım gözəllikdir, sevgidir"

Şirvan Şəhər Mədəniyyət Mərkəzində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, mütəfəkkir şair və dramaturq Hüseyn Cavidin 140 illik yubileyinə həsr olunmuş "Cavid əbədi deməkdir" adlı tədbir keçirildi.

Tədbiri giriş sözü ilə Mədəniyyət Mərkəzinin direktoru Nəmidə Nəmini açaraq ölkə başçısı cənab İlham Əliyevin Hüseyn Cavidin 140 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzaladığını, bununla bağlı ölkəmizin hər yerində silsilə tədbirlər keçirildiyini bildirdi.

Sonra Hüseyn Cavidin yaradıcılığı, lirikası və dramaturgiyası haqqında 18 nömrəli məktəbin müəllimi İbrahim Həssas geniş mövzuda çıxış etdi. "Mənim Tanrım gözəllikdir, sevgidir", - deyən Hüseyn Cavidin həm də romantik şair, sevgi və gözəllik aşiqi kimi tanındığını, onun poeziyasında dərin həyat fəlsəfəsi, sağlam məntiq, insan kamalına möhkəm inamın öz əksini tapdığı vurğulandı. Azərbaycan ədəbi-bədii fikrinin inkişafında müstəsna rol oynamış Hüseyn Cavidin həyat və yaradıcılığına həsr olunmuş tədbirlərin keçirilməsinin əhəmiyyəti xüsusi qeyd edildi.

Şirvan şəhər 21 və 9 nömrəli tam orta məktəblərin şagirdləri şairin şeirlərini səsləndirdilər. Akif Məmmədovun ifasında "İblis" dramından İblisin monoloqu tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılandı. "Cavid Əfəndi" obrazını həvəskar aktyor Rövşən Babayev canlandırdı.

Tofiq HÜSEYN,

"Respublika".