Mərdlik və mətinlik nümunəsi
Region

Mərdlik və mətinlik nümunəsi

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş İsrayıl Hacıyev və Vacib Məmmədovun ildönümlərində məzarlarını ziyarət edib, ailələrinə baş çəkib. İcra başçısı əvvəlcə şəhidin ailə üzvləri, Vətən müharibəsi iştirakçıları və qazilərlə birlikdə qəhrəmanların məzarları önünə tər çiçəklər düzüb, xatirələrini ehtiramla yad edib.

Mərasimdə Rəşad Tağıyev bildirib ki, milli-mənəvi birliyimiz, Vətən oğullarının doğma el-obaya sədaqəti, mərdliyi və mətinliyi 44 günlük müharibədə özünü daha parlaq göstərdi.

İsrayıl Hacıyev 28 fevral 2002-ci ildə Şəmkir rayonunun Zəyəm Cırdaxan kəndində anadan olub. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan İsrayıl Hacıyev İkinci Qarabağ müharibəsi zamanı Füzuli rayonu uğrunda gedən döyüşlərdə şəhid olmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə İsrayıl Hacıyev ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

Vacib Zabit oğlu Məmmədov isə 2001-ci il fevralın 27-də Şəmkir rayonunun Morul yaşayış massivində anadan olub. Vacib Məmmədov sentyabrın 30-da Talış döyüşləri zamanı şəhid olub. Şəmkir şəhərində dəfn olunub.

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Vacib Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.

Qəhrəman şəhidlərimizin keçdikləri döyüş yolundan, göstərdikləri vətənpərvərlik nümunəsindən söz açan icra başçısı illər keçsə də, şəhidlərimizin və onların qəhrəmanlıqlarının unudulmayacağını vurğulayıb.

Şəhid Vacib Məmmədovun ildönümündə ailəsi və yaxınları tərəfindən şəhidin xatirəsinə ucaldılmış bulaq kompleksinin açılış mərasimi də keçirilib. Şəhid ailələri hər zaman dövlət qayğısı ilə əhatə olunduqlarına görə razılıqlarını ifadə edib, ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər. Övladları və onlar kimi igid Vətən oğulları ilə hər zaman qürur duyacaqlarını söyləyiblər.

Vəli VƏLİYEV,

"Respublika".