Mingəçevir: qışa hazırlıqla əlaqədar əsas işlər görülmüşdür
Region

Mingəçevir: qışa hazırlıqla əlaqədar əsas işlər görülmüşdür

Respublikamızın hər yerində olduğu kimi, Kür qoynunda uyan Mingəçevir şəhərində də həyata keçirilmiş çoxsahəli tədbirlər sistemi,  infrastrukturların yeniləşməsi, vətəndaşlara keyfiyyətli xidmətin yaxşılaşması, rifah halının  yüksəlməsi daha qabarıq görsənir. Hələ sovetlər dövründə  fəhlə şəhəri kimi tanınan Mingəçevirdə, bütün fəsillərə hazırlıq həmişə vaxtında və nümunəvi olmuş, zəhmətkeşlərin rahatlığı üçün  diqqət və qayğı göstərilmişdir. Mingəçevir Şəhər  İcra Hakimiyyəti  başçısı  yanında Şuranın  iş planına uyğun olaraq şəhər təsərrüfatının  müəssisə, idarə və təşkilatlarının 2022-2023-cü illərin payız-qış mövsümünə hazırlıq vəziyyəti ilə bağlı məsələ geniş müzakirə olunmuşdur.  

Ümumiyyətlə Mingəçevirdə payız-qış mövsümünə hazırlıqla əlaqədar şəhərdə görülən işləri qənaətbəxş hesab etmək olar. Belə ki,   elektrik  şəbəkəsinin  balansında olan  35/6 kv-luq “Karxana 601”YS-dan çıxan 6 kv-luq 18 saylı hava xəttinin zədəli kabel xətləri yenisi ilə, o cümlədən 11 saylı hava xəttindən qidalanan 400 kva 9020148 kod saylı yarımstansiyadan güc artımına görə 400 kva transfarmator 630 kva  transformatorla əvəz olunmuşdur.

Tərtər Regional Qaz İstismar İdarəsinin Mingəçevir Xidmət Sahəsi tərəfindən payız-qış mövsümünə hazırlıqla əlaqədar tərtib edilmiş tədbirlər planına əsasən işlər tam icra olunmuşdur.  Naxçıvan, F.Əzimov, H.Hüseynov küçələrində və İnterenerji zavodu ətrafında müxtəlif diametrli yeraltı və həyətlərdən keçən qaz xətləri yerüstü qaz xətti ilə əvəzlənmişdir. Qrafikə uyğun olaraq orta təzyiqli qaz kəmərləri üzərində quraşdırılmış siyirtmələrə texniki baxış keçirilərək texniki qulluq göstərilmişdir. Əhalinin payız-qış aylarında fasiləsiz qazla təminatı üçün tədbirlər planına uyğun nəzərdə tutulan işlər yekunlaşdırılmışdır. İstehlakçılar qış rejiminə uyğun olaraq noyabr ayının 15-dən təbii qazla təmin olunurlar.

 “Sukanal” idarəsi tərəfindən tərtib edilmiş tədbirlər  planında nəzərdə tutulmuş  qrafik üzrə   işlər yerinə yetirilmişdir. Şəhərin İstilik sistemlərinin istismarı sahəsi tərəfindən idarənin balansında olan istilik qazanxanalarında 2022-2023-cü illərin istilik mövsümünə hazırlıqla əlaqədar  istilik sistemləri  sınaq  təzyiqi ilə yoxlanılmış, qazanxanalar təftiş edilmiş, ehtiyat su çənləri, su qizdırıcıları  təmizlənmiş, su sayğacları ilə təmin edilmişdir.

Mingəçevir Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən şəhərin sel sularından mühafizə kanalının 2650 metr hissəsi lil və palçıqdan təmizlənmiş,  240 kubmetr həcmində palçıq kütləsi maşınlara yığılaraq şəhərin zibilxanası ərazisinə daşınmışdır.

  Yaşıllaşdırma  və  Sanitar  Təmizlik İdarəsi tərəfindən, 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəyi əsasında 368 ədəd qurumuş  ağac  kəsilib  götürülmüş, 280  ədəd  ağacın təhlükə törədən budaqları kəsilmiş,  68 ədəd ağacın budanması üçün şəhər  icra hakimiyyətinə  müraciət olunmuşdur.  Mövsümdə şəhərin küçə,  xiyaban və parklarına 550 ədəd çinar tingi, 650 ədəd müxtəlif növ ağac tingi və 800 ədəd küknar tingi əkilmişdir. Ümumilikdə 2400 ədəd ağac əkilmiş, əlavə olaraq mövsümdə yeni ağac tingləri əkmək üçün 3 min çala qazılmışdır.

Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi tərəfindən payız-qış mövsümünə hazırlıqla bağlı  137 binanın  metalkirəmit  dam örtüyündə  və 104 binanın yağış su növlarında cari təmir işləri aparılmışdır.

Şəhərin ən iri sənaye müəssisəsi olan Azərbaycan İstilik Elektrik Stansiyasında nəzərdə tutulan işlər əsasən icra olunmuş və stansiya mövsümə hazır vəziyyətə gətirilmişdir.

Şəhər Təhsil şöbəsində 21 ümumtəhsil məktəbindən 18-də, 21 məktəbəqədər təhsil  müəssisələrindən 13-də istilik sistemi mövcuddur. Şəhər Təhsil şöbəsinin nəzdində olan məktəbdənkənar müəssisələrdə 2, 17, 19 №-li tam orta məktəblərdə, 2, 3, 5, 9, 15, 18, 20, 21 saylı məktəbəqədər təhsil  müəssisələrində istilik sistemi mövcud olmadığı üçün bu müəssisələrdə elektrik qızdırıcılarından istifadə etmək üçün məqsədyönlü tədbirlər nəzərdə tutulmuşdur.

 “Şəhər Mərkəzi Xəstəxanası”  Publik hüquqi şəxs tərəfindən  tabeliyində  olan müəssisələrdə elektrik xətlərində, dam örtüklərində olan nasazlıqlar aradan qaldırılmış, sınmış pəncərə şüşələri yeniləri ilə əvəz olunmuşdur.

Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Mingəçevir Mədəniyyət müəssisələrində  elektrik naqilləri yoxlanılmış, qapı və pəncərələri təmir olunmuş,  otaqlar  standart elektrik sobaları ilə təmin  edilmişdir.

Ümumilikdə şəhərin idarə, müəssisə və təşkilatları tərəfindən payız-qış mövsümünə hazırlıqla bağlı əsas işlər görülmüşdür.

Zabit XƏLİLOV,

“Respublika”.