Müasir dövrün qalib siyasi lideri
Siyasət

Müasir dövrün qalib siyasi lideri

19 ildən artıqdır ki, görkəmli dövlət xadimi, yeni əsrin yeni Lideri olan cənab İlham Əliyev Azərbaycan Respublikasına rəhbərlik edir. Ümummilli liderin layiqli davamçısı, Prezident İlham Əliyev ölkəmizin uğurlu inkişafını inamla davam etdirərək xaqımızın böyük rəğbətini və etimadını qazanmışdır.      

Ötən dövr Azərbaycanın bütün sahələrdə sürətli inkişafı, bölgədə və dünyada ölkəmizin mövqelərinin möhkəmlənməsi ilə xarakterizə edirlir. Prezident İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanın müttəfiqlərinin və dostlarının sayının artmasına, ölkəmizin beynəlxalq aləmdə öz mövqelərini möhkəmləndirməsinə geniş imkan yaratmışdır. Regional və qlobal təşəbbüslər Azərbaycanın dünyadakı imicini formalaşdırmaqla, həmçinin regional əməkdaşlığın inkişafına da kömək etmişdir.

Cənab İlham Əliyevin uğurlarının əsas səbəbi böyük idarəçilik istedadı, müdrik siyasətçi olması, həmçinin ulu öndər Heydər Əliyevin siyasi məktəbini keçməsi və xalqa arxalanmasıdır. Dövlətimizin başçısı təkcə ölkə daxilində deyil, xarici siyasətdə də uzaqgörənliyi, dünyada baş verən hadisələrə vaxtında, obyektiv qiymət verməsi, siyasətçilər arasında iti fəhmi ilə bir daha Heydər Əliyev kursunun əvəzedilməz davamçısı olduğunu sübut etdi. 

2018-ci il aprelin 18-də Prezident İlham Əliyev yeni islahatların başlanılmasını elan etdi və ölkənin ictimai-siyasi və mədəni həyatının bütün sahələrini əhatə edən çoxşaxəli dəyişikliklərin yeni mərhələsinə başladı. Dövlət başçısı islahatlar modelini belə səciyyələndirdi: "Biz ölkəmizin inkişafına yeni təkan vermək, hələ həll olunmamış problemləri həll etmək, nöqsanları, mənfi halları və çatışmazlıqları aradan qaldırmaq üçün məqsədyönlü və düşünülmüş addımlar atırıq və biz bunu edirik".

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan güclü regional siyasi və iqtisadi tərəfdaşlığın inkişafı istiqaməti üzrə səmərəli siyasətini davam etdirir. Bununla əlaqədar olaraq bütün regionun rifahı naminə regional alyansların yaradılmasının inkişafına kömək edən bir sıra amilləri vurğulamaq vacibdir. Məsələn, müasir dövrdə Azərbaycanın geosiyasi və strateji vəziyyəti, Qarabağ regionu ilə əlaqəli olan vahid mövqeyi, səmərəli struktur və beynəlxalq siyasi islahatlar, iqtisadi təşəbbüs, sülhməramlı missiyalarda iştirak bütün dünyada yüksək qiymətləndirilmişdir.

İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Respublikasının Prezidenti böyük sərkərdəlik istedadı nümunəsi göstərmişdir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Qarabağ Zəfəri xalqımızın qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazıldı. Azərbaycan qalib ölkəyə, xalqımız qalib xalqa çevrildi. Bu qələbə sayəsində regionda yeni reallıqlar yarandı. 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müntəzəm müraciətlər etdi və bu müraciətlər xalqımızı ayağa qaldırdı, onu yumruq kimi sıx birləşdirdi, müharibənin gedişatına və taleyinə güclü təsir göstərdi.

2020-ci il noyabrın 8-i Azərbaycan tarixinə qızıl hərflərlə Zəfər Günü kimi yazıldı. Prezident İlham Əliyev xalqa sayca yeddinci müraciətini Şəhidlər xiyabanından edərək Şuşa şəhərinin işğaldan azad olunmasını Azərbaycan xalqına, bütün dünya azərbaycanlılarına elan etdi: "Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, ulu öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları! …Bu gün Azərbaycan xalqı bu yumruq kimi birləşib! Həmişə belə olacaq! Bu birlik əbədi olacaq! Bu birlik bizə gələcəkdə də bütün vəzifələri icra etmək üçün imkan yaradacaq… Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!".

İki yüz ilə yaxın idi ki, Azərbaycan öz tarixi torpaqlarını itirmişdir. 27 sentyabr 2020-ci ildə tamamilə başqa bir Azərbaycan doğuldu. 4 oktyabr Cəbrayıl, 17 oktyabr Füzuli, 20 oktyabr Zəngilan, 25 oktyabr Qubadlı, 8 noyabr Şuşa üç onillikdən sonra düşmən əsirliyindən azad olundu. 20 noyabrda Ağdam, 25 noyabrda Kəlbəcər, 1 dekabrda isə Laçın rayonu Azərbaycana qaytarıldı. İki il bundan qabaq rayonlarımızın işğal günlərini qeyd edirdiksə, bu gün qürurla İkinci Qarabağ savaşından sonra Qurtuluş və Qələbə Gününü qeyd edirik. Bu tarixi qələbə cənab İlham Əliyevi, sözün əsl mənasında milli liderə çevirdi. Dövlətimizin başçısı müdrik siyasətçi, qətiyyətli Ali Baş Komandan və xalqın ən yüksək ümidlərini doğrultmuş bacarıqlı diplomatdır. İndi Azərbaycan qalib, məğrur və böyük dövlət kimi yeni inkişaf mərhələsinə qədəm qoyur. Prezidentin "Mən hər bir azərbaycanlının Prezidentiyəm"  ifadəsi indi ümumxalq məhəbbətinin ifadəsidir.

Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin siyasi xəttini inkişaf etdirərək müasir Azərbaycan dövlətini daha da inkişaf etdirdi. Əgər ümummilli lider Azərbaycanı bölünmək, siyasi xəritədən silinib məhv olmaq təhlükəsindən xilas edib davamlı inkişaf yoluna çıxarıbsa, İlham Əliyev Azərbaycanın güclü dövlətə çevrilməsinə nail olub, ərazi bütövlüyümüzün bərpası üçün bütün dövlət imkanlarını səfərbər edib və möhtəşəm uğurlar nail olub.

Nəzrin TAĞIYEVA,

 Dövlət İdarəçilik Akademiyasının

 I kurs magistrantı.