MULTİREGİONALLIQ PRİNSİPİNƏ ƏSASLANAN UĞURLU XARİCİ SİYASƏT
Siyasət

MULTİREGİONALLIQ PRİNSİPİNƏ ƏSASLANAN UĞURLU XARİCİ SİYASƏT

Dövlət başçımızın səfərləri, qatıldığı beynəlxalq tədbirlərin xronologiyası bunun əyani təzahürüdür

Prezident İlham Əliyevin məharətlə həyata keçirdiyi və müxtəlif regionları əhatə edən fəal xarici siyasəti diqqət çəkməyə bilməz. Bir region çərçivəsində ikitərəfli və bəzi hallarda çoxtərəfli formatlar kontekstində yürüdülən adi diplomatiya bir çox ölkələrə xas olan cəhətdir, lakin dövlət başçımızın diplomatik fəallığı daha çox multiregional və strateji səciyyə daşıyır.

Bu, kifayət qədər geniş bir coğrafiyada Azərbaycanın maraqlarına cavab verən tərəfdaşlıq əlaqələrinin yaradılmasını və inkişaf etdirilməsini ehtiva edən, siyasi, hərbi, iqtisadi və humanitar sahələri əhatə edən yeni hədəfləri müəyyənləşdirir. Mərkəzi Asiya ölkələri ilə tərəfdaşlıq əlaqələrinin inkişaf etdirilməsini qeyd edə bilərik. Belə ki, Prezident cənab İlham Əliyevin son iki ayda bu ölkələrə səfərləri, qarşılıqlı siyasi, iqtisadi və humanitar əlaqələrin inkişafına xidmət edən fəal siyasət dediklərimizin təsdiqidir.

Azərbaycanın daha geniş çərçivədə Asiya ölkələri ilə əməkdaşlığını inkişaf etdirməsi, dövlətimizin başçısı cənab İlham Əliyevin oktyabrın 13-də Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısının plenar iclasında iştirakı da bir çox mühüm məsələlərin həllinə xidmət edir, habelə dövlətlərarası münasibətlərin möhkəmləndirilməsi, Azərbaycanın multiregional xarici siyasətinin önəmli tərkib hissəsidir.

Qeyd etmək lazımdır ki, 1993-cü ildən sonra ulu öndər Heydər Əliyevin ərsəyə gətirdiyi, dövlətimizin başçısı İlham Əliyevin böyük məharətlə inkişaf etdirdiyi xarici siyasət strategiyası sayəsində öz müstəqilliyini bərpa etmiş Azərbaycan yerləşdiyi mövqeyə görə istər Mərkəzi Asiya, istərsə də Avropa ölkələrinin geosiyasi maraqlarında mühüm yer tutmağı bacarıb və bu, respublikamızın iqtisadi potensialına, inkişaf prioritetlərinə, xüsusilə də xarici iqtisadi siyasətinin formalaşmasına müsbət təsir göstərmişdir.

Xüsusilə Ukraynada baş verən müharibə və bununla bağlı cərəyan edən hadisələr fonunda Xəzər regionunun əhəmiyyəti həm böyük neft hövzəsi kimi, həm də ümumiyyətlə strateji və geoiqtisadi baxımdan daha da artıb. Eyni zamanda, Şərq-Qərb, Şimal-Cənub tranzit-kommunikasiya sistemlərinin qovşağında yerləşdiyindən Azərbaycan dünyanın aparıcı dövlətlərinin daim diqqət mərkəzində olub. Bunu şərtləndirən amillərdən biri Azərbaycanın Qafqaz və Mərkəzi Asiya regionunda tutduğu mövqeyi, bu regionda iqtisadi əlaqələrin gücləndirilməsi strategiyasıdır. Digər amil isə respublikamızın mühüm problemlərindən biri olan Xəzərin hüquqi statusu məsələsində Xəzər hövzəsi dövlətlərinin tutduğu mövqeyin təhlili və buna elmi-konseptual yanaşma sərgiləməsidir.

Bu baxımdan, müstəqil Azərbaycan Respublikasının Mərkəzi Asiya dövlətləri ilə sosial-iqtisadi əlaqələrinin tədqiqi həm nəzəri, həm də praktiki əhəmiyyət kəsb edir. Burada müasir dünya iqtisadiyyatında Mərkəzi Asiya ölkələrinin yeri və rolu, Azərbaycanın ölkələrlə iqtisadi əlaqələrinin daha da inkişaf etdirilməsinin zəruriliyi, Mərkəzi Asiya region ölkələrinin tranzit-kommunikasiya sistemlərinin formalaşması və "İpək Yolu" layihəsinin həyata keçirilməsinin labüdlüyü, Azərbaycanın və Mərkəzi Asiya region ölkələrinin geoiqtisadi mövqeyinin güclənməsi və iqtisadi təhlükəsizliyin təmin olunması böyük əhəmiyyətə malikdir və xüsusilə qeyd edilməlidir.

Azərbaycan dövlətinin sülhsevər xarici siyasətinin mühüm istiqamətlərindən biri coğrafi nöqteyi-nəzərdən mühüm prioritet təşkil edən MDB üzvü olan Asiya dövlətləri ilə münasibətlərdir. Azərbaycan xarici siyasətində bu dövlətlərin tutduqları mövqeyi və rolu şərtləndirən amillərə söykənir. Burada ilk öncə qeyd etmək lazımdır ki, Azərbaycan və MDB üzvü olan digər Asiya dövlətləri təxminən iki əsrə yaxın əvvəlcə Rusiya imperiyasının, sonra isə SSRİ-nin tərkibində vahid siyasi-iqtisadi-ideoloji sistemdə olmuşdur. Bu dövlətlər arasında əsl beynəlxalq münasibətlərin qurulması əslində sıfırdan başlamışdır. Çünki son iki əsrdə belə mü-nasibətlər heç vaxt olmayıb.

Həmin ölkələri tarixən birləşdirən coğrafi-siyasi, elmi-texniki, mədəni, humanitar əlaqələr indi müstəqil dövlətlər kimi həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlığa şərait yaradır. Bununla bərabər, 90-cı illərdə Mərkəzi Asiya ölkələrinin yeni bazarlara çıxmaqda böyük çətinliklərlə üzləşməsi və bu səbəbdən istehsal sahələrini dayandırması həmin dövlətlərin demək olar ki, hər birini eyni vəziyyətə salmışdır. Həmçinin əvvəllər bir ölkədə yaşamış, indi isə ayrı-ayrı dövlətlərin vətəndaşları olan müxtəlif millətlərin nümayəndələri az qala MDB-nin bütün ölkələrinə səpələnmişlər. Məsələn, ölkəmizin sərhədlərindən kənarda MDB-yə üzv olan dövlətlərdə təxminən 3 milyondan artıq azərbaycanlı yaşayır. Təkcə bu amilin özü dövlətlərarası münasibətlərdə Azərbaycanın bu istiqamətdəki prioritetlərini müəyyənləşdirmişdir.

Dövlətimizin MDB üzvü olan Asiya dövlətləri ilə də münasibətlərinin əsasını dünya birliyi tərəfindən qəbul edilmiş beynəlxalq normalardan irəli gələn prinsiplər təşkil edir. Azərbaycan məhz bu prinsiplər əsasında həmin ölkələrlə münasibətlər qurub və inkişaf etdirir. Azərbaycan MDB üzvü olan Mərkəzi Asiya dövlətləri ilə münasibətlərini diplomatik fəaliyyətin müxtəlif formaları - yazışmalar, qarşılıqlı səfərlər, siyasi, iqtisadi, elmi-texniki, mədəni, humanitar və başqa sahələrə aid sənədlərin imzalanması, müzakirələr, konfranslar, məsləhətləşmələr və s. şəklində saxlayır.

MDB-nin Asiya ölkələri ilə Azərbaycan dövlətinin beynəlxalq münasibətlərini şərtləndirən amillərin hər hansı birini təhlil etsək, görərik ki, bunlar beynəlxalq hüquq və normalara tam cavab verir. Ölkə rəhbərlərinin qarşılıqlı səfərləri, beynəlxalq təşkilatların konfrans və yığıncaqlarındakı çıxışları, görüşləri deyilənləri bir daha təsdiq edir.

Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ilə əlaqələrin inkişaf etdirilməsi, cənab Prezidentin 2022-ci il sentyabrın 16-da ŞƏT-in Sammitində iştirakı dövlət başçımızın dünya miqyasında nüfuzunun və ona göstərilən yüksək ehtiramın əyani sübutudur. Azərbaycanın ŞƏT ölkələri, xüsusilə Çinlə əlaqələrini inkişaf etdirməsi, Şərq-Qərb nəqliyyat-tranzit dəhlizində önəmli yer tutması, bu gün nəinki regionumuzda, beynəlxalq səviyyədə müzakirə olunan əsas məsələlər sırasındadır. Belə ki, Azərbaycan və Çin arasında möhkəm təmələ söykənən strateji tərəfdaşlıq münasibətləri, qarşılıqlı hörmətə, beynəlxalq hüquq və prinsiplərə əsaslanan diplomatik əlaqələr mövcuddur. Bir çox sahələrdə ölkələrimiz ən yüksək səviyyədə təmaslar qura bilmişlər. Ümumilikdə iki ölkə arasında əməkdaşlığın böyük tarixi var. Qədim İpək Yolunun Çindən başlayaraq Hindistan, Tacikistan, Özbəkistan, İran və Azərbaycana, buradan isə Avropaya qədər uzanması Azərbaycan və Çin arasında əlaqələri bir çox istiqamətlərdə inkişaf etdirmişdir.

Bu ilin sentyabrında Səmərqənddə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə görüşü olub. Görüşdə Sədr Si Cinpin Azərbaycan ilə Çin arasında diplomatik münasibətlərin qurulmasının, həmçinin Yeni Azərbaycan Partiyasının yaradılmasının otuz illiyi münasibətilə dövlət başçımıza təbriklərini çatdıraraq bildirib ki, Azərbaycan ilə Çin arasında əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır və yüksək səviyyədə inkişaf edir. "Sizin Azərbaycan ilə Çin arasında əlaqələrin inkişafına mühüm əhəmiyyət verməyinizi çox yüksək qiymətləndiririk. Biz əlaqələrimizin strateji səviyyədə hərtərəfli inkişafını dəstəkləyirik", - deyə Si Cinpin bildirib.

Prezident cənab İlham Əliyev Çinin lideri Si Cinpin ilə görüşdən çox məmnun olduğunu və əvvəlki görüşlərini məmnuniyyətlə xatırladığını, xüsusilə 2019-cu ildə "Bir kəmər, bir yol" Forumunda iştirak etmək üçün Çin Xalq Respublikasına səfərini yüksək qiymətləndirdiyini vurğulayıb. Dövlətimizin başçısı da Azərbaycan ilə Çin arasındakı münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığını, ölkələrimizin bir çox sahələrdə uğurla əməkdaşlıq etdiyini diqqətə çatdırıb.

Yeni Azərbaycan Partiyasının yaranmasının otuz illiyi münasibətilə təbriklərə görə Sədr Si Cinpinə təşəkkürünü bildirən dövlətimizin başçısı iki ölkənin hakim partiyaları arasında çox yaxşı əlaqələrin olduğunu da qeyd edib. Azərbaycan-Çin diplomatik əlaqələrinin otuz illiyinin uğurlu nəticələrlə qeyd olunduğunu vurğulayan dövlətimizin başçısı ölkələrimiz arasında bütün sahələrdə çox faydalı və səmərəli əməkdaşlığın qurulduğunu bildirib. Prezident cənab İlham Əliyev COVID-19 pandemiyasına qarşı mübarizədə Çinin Azərbaycana göstərdiyi dəstəyi bir daha yüksək qiymətləndirdiyini, Çindən alınmış peyvəndlər sayəsində Azərbaycanın vaksinasiya prosesinə başlayan ilk ölkələrdən olmasını həmrəyliyin nümunəsi kimi dəyərləndirib. Azərbaycan Prezidenti "Orta dəhliz", "Bir kəmər, bir yol" layihələri çərçivəsində də əməkdaşlıq və tərəfdaşlıq üçün böyük perspektivlərin olduğunu vurğulayıb. Dövlətimizin başçısı bildirib ki, Azərbaycan Çin ilə Avropa arasında nəqliyyat prosesində mühüm rol oynayır və ölkəmizin nəqliyyat-logistika imkanları beynəlxalq yükdaşımalarda böyük əhəmiyyətə malikdir. Azərbaycan Çindən Avropaya və əks istiqamətdə qatarlarla və digər yükdaşımaların artırılmasını tam şəkildə dəstəkləyir.

Emin QASIMOV,

"Respublika".