Oğuz: Şəhid ailələrinə və qazilərə diqqət mənəvi borcumuzdur
Sosial həyat

Oğuz: Şəhid ailələrinə və qazilərə diqqət mənəvi borcumuzdur

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid ailələri və qazilərə göstərdiyi xüsusi diqqət və qayğısı ilə həyata keçirilən dövlət siyasətinə uyğun olaraq Oğuz rayonunda da mütəmadi işlər görülür. Rayon rəhbərliyi tərəfindən onlarla vaxtaşırı görüşlər keçirilir, bütün müraciətlərinə həssaslıqla yanaşılır, problem və qayğılarının həlli üçün çalışılır.

Konkret faktlar bunu əyani surətdə təsdiqləyir. İndiyə qədər rayon rəhbərliyi tərəfindən 475 dəfə olmaqla, 115 dəfə şəhid ailəsi və onların yaxınları, 88 dəfə qazi və 272 dəfə müharibə içtirakçıları qəbul edilib. Həmçinin 13 bulaq açılışında, 50 dəfə şəhidin, 7 dəfə şəhid övladlarının doğum günündə, 232 dəfə müxtəlif problem və tədbirlərlə bağlı şəhid ailələri ilə, 17 qazi və 44 müharibə iştirakçısı ilə evlərində görüşlər keçirilib, problemləri dinlənilib və lazım olan köməklik göstərilib.Ötən dövr ərzində 24 şəhid ailəsi imtiyazlı mənzil növbəsinə götürülüb.

Rayon rəhbərliyi tərəfindən həyata keçirilən bu tipli çoxsaylı tədbirlər yerli sakinlər tərəfindən yüksək qiymətləndirildiyindən imtiyazlı şəxslərə mənəvi və maddi köməklik göstərmək artıq rayonda ənənəyə çevrilib. İmkanlı şəxslər və sahibkarlar da dövlət siyasətinin həyata keçirilməsi üçün öz dəstəyini göstərir. Bir şəhid ailəsi iş adamı tərəfindən yeni mənzil ilə təmin olunub.

Vətən müharibəsi şəhidlərinin adları Oğuz rayonunda yerləşən küçələrə, bir nəfər Vətən Müharibəsi Qəhrəmanının adı isə məktəb-liseyə verilərək əbədiləşdirilib. Bir neçə şəhid ailəsi üzvünün işlə təmin olunmasına köməklik göstərilib. Həmçinin Dövlət Məşğulluq Mərkəzi tərəfindən onlar məşğulluq proqramı çərçivəsində iribuynuzlu mal-qara və digər aktivlərlə təmin olunub. Şəhidlərin qəbirüstü abidələrinin qoyulması, il mərasimlərinin keçirilməsi üçün, o cümlədən bayram və digər əlamətdar günlərdə Oğuz Rayon İcra Hakimiyyəti tərəfindən şəhid ailələrinə köməklik göstərilib. Hər bir şəhidin şəklinin əks oldunduğu lövhələr ailə üzvlərinin istəyinə uyğun olaraq kəndlərə, küçə və prospektlərə vurulub. Həmçinin şəhərin girəcəyinə Vətən Müharibəsi Qəhrəmanı şəhid Nail İbrahimlinin şəkli əks olunan iriölçülü baneri yerləşdirilib. Çünki rayon ictimaiyyəti 44 günlük Vətən müharibəsinin şanlı ordumuzun qələbəsi ilə başa çatmasında Oğuzdan olan igidlərin də öz payının olduğunu yüksək dəyərləndirir.

Şəhid ailələri, qazilər və müharibə iştirakçıları ilə rayon rəhbərliyi tərəfindən müntəzəm görüşlər keçirilir. Şəhidlərin doğum günlərində, anım günlərində və şəhid bulaqlarının açılışlarında ailələri ilə birlikdə məzarları ziyarət olunur. Zəfər bayramında Oğuz Rayon İcra Hakimiyyətinin başçısı, kollektivi və digər idarə rəhbərləri tərəfindən bütün şəhidlərin ailələri ilə görüşlər təşkil olunub.

Rayon rəhbərliyi tərəfindən Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə əlaqədar şəhid ailələrinin övladlarına hədiyyələr verilib. Dövlətin şəhid ailələrinin daim dəstək və qayğı göstərəcəyi, o cümlədən hər zaman diqqət mərkəzində olacaqları onlara çatdırılıb.

Vətən müharibəsidə rayondan olan gənclərdən 66 nəfər yaralanıb və indiyə qədər onlardan 12 nəfərin əlilliyi təsdiq olunub. Proses ölkə üzrə davam etdiyi üçün saylarının artacağı ehtimal edilir. Əlilliyi təsdiqlənən qazilərdən 10 nəfəri imtiyazlı mənzil növbəsinə götürülüb və 1 nəfərə müvafiq nazirlik tərəfindən avtomobil verilib.

Ailə üzvləri işlə təmin edilib.

Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə "Qubadlının azad olunmasına görə" və "Zəngilanın azad olunmasına görə" medalları ilə təltif edilən Vətən müharibəsi iştirakçısı Maarif Şükürlü rayon icra hakimiyyəti başçısının sərəncamına əsasən Xaçmaz İnzibati Ərazi Dairəsi üzrə nümayəndəlikdə baş məsləhətçi-baş mühasib vəzifəsinə təyin olunub.

Rayonda həssas əhali qrupları ilə bağlı tədbirlər müntəzəm davam etdirilir. Çünki dövlət siyasətinə uyğun olaraq görülən işlər rayonda hər bir vətəndaş üçün mənəvi borc kimi dəyərləndirilir.

Mikayıl NƏRİMANOĞLU,

"Respublika".