Ölkəmizdə azsaylı xalqlara və onların mədəni irsinə hörmətlə yanaşılır
Region

Ölkəmizdə azsaylı xalqlara və onların mədəni irsinə hörmətlə yanaşılır

Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ralf Horlemann Göygöl rayonuna gəlib. Səfir rayon icra hakimiyyətinin başçısı Elvin Paşayev, Prezident Administrasiyasının nümayəndəsi Emin Eyvazovla birgə Alman İcmasının Tarixi Muzeyində olub. 

Səfirə muzeydə aparılmış əsaslı təmir-bərpa işləri və eksponatların konservasiyası barədə ətraflı məlumat verilib. Ralf Horlemann təmir işlərini yüksək qiymətləndirərək Azərbaycanın dövlət başçısı İlham Əliyevə və bu işdə əməyi olan hər bir kəsə dərin minnətdarlığını bildirərək muzeyin Azərbaycan ilə Almaniya arasında dostluq əlaqələrinin gözəl nümunəsi olduğunu vurğulayıb. Eyni zamanda bildirib ki, vaxtilə alman xalqının bu bölgədə məskunlaşması, uzun müddət yerli əhali ilə dostluq və mehribanlıq şəraitində yaşaması dövlətlərimizin tarixidir və bu tarixə hər birimiz hörmətlə yanaşırıq. Səfir muzeyin turizmin inkişaf etdirilməsinə müsbət təsir göstərəcəyini xüsusi olaraq qeyd edib.

Hər zaman olduğu kimi, bu gün də Azərbaycanda milli və dini azlıqlara, onların maddi-mədəni irsinə hörmətlə yanaşılır. Hazırda dünyanın çox yerində azsaylı xalqların əzildiyi, cəmiyyətdən təcrid olunduğu bir vaxtda, Azərbaycanda nəinki bu millətlərə, eləcə də onların qoyub getdikləri irsə qayğı göstərilir. 200 il əvvəl Göygöldə yaşamış almanlara məxsus abidələrin bərpası və qorunması da bunun bariz nümunəsidir.

Zabit XƏLİLOV,

"Respublika".