Ombudsman İtaliya Parlamenti Komissiyasının sədri ilə görüşüb
Digər xəbərlər

Ombudsman İtaliya Parlamenti Komissiyasının sədri ilə görüşüb

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva İtaliya Respublikası Parlamentinin Deputatlar Palatasının Xarici Əlaqələr və İcma Komissiyasının sədri Piero Fassino ilə görüş keçirib.

Ombudsman görüşdə təsisatın fəaliyyət istiqamətləri, habelə COVID-19 pandemiyası dövründə həssas əhali qruplarının hüquqlarının müdafiəsi və müraciət imkanlarının genişləndirilməsi məqsədilə görülən işlər barədə məlumat verib.

S.Əliyeva Ermənistanın Azərbaycan ərazilərini 30 ilə yaxın işğal altında saxladığını, bu səbəbdən bir milyona yaxın soydaşımızın fundamental hüquqlarının kobudcasına pozulduğunu vurğulayıb. Görüş zamanı qeyd olunub ki, 44 günlük müharibə nəticəsində işğal altında olan torpaqlarımız azad olunsa da, dəqiq mina xəritələrinin verilməməsi həmin ərazilərə sürətli qayıdışın qarşısını alır. Ombudsman minaların yaratdığı təhlükə ilə bağlı hesabatını sədrə təqdim edərək, mina partlayışlarının çoxsaylı tələfat və yaralanma hallarına səbəb olduğunu, qurbanlar arasında jurnalistlərin, yenidənqurma işlərində çalışan şəxslərin də olduğunu bildirib.

Ombudsman Azərbaycanın Ermənistana qarşı "İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında" Konvensiyanın tələblərini pozduğuna görə Beynəlxalq Ədalət Məhkəməsində iddia qaldırdığını da diqqətə çatdırıb.

Daha sonra S.Əliyeva müharibə və postmüharibə dövründə beynəlxalq ictimaiyyətə ünvanladığı hesabatlar, Azərbaycandakı erməni hərbi əsirlər və saxlanılmış hərbi dəstə üzvlərinə başçəkmələri barədə məlumat verib.

P.Fassino Azərbaycan Ombudsmanının pandemiya dövründəki fəaliyyətini, erməni hərbçilərə başçəkmələrini müsbət qiymətləndirdiyini, Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması üçün dialoqun vacibliyini qeyd edib.

Azərbaycan Ombudsmanı səfər çərçivəsində İtaliya Respublikası Senatının prezidenti Maria Elisabetta Alberti Kasellati ilə də görüş keçirib.

Mətbuat xidməti.