Onlara qayğı mənəvi borcumuzdur
Region

Onlara qayğı mənəvi borcumuzdur

44 gün davam edən Vətən müharibəsində Azərbaycan Ordusunun hərbi qulluqçularının göstərdiyi şücaət,  hərbi qulluq vəzifəsini yerinə yetirərkən nümayiş etdirdiyi mərdlik və peşəkarlıq tariximizin səhifələrinə qızıl hərflərlə həkk olunub.  Vətən müharibəsində ən qatı düşmənimiz Ermənistan ordusuna qan udduran igidlərimiz ölümün gözünə dik baxdılar.  Otuz ilə yaxın müddətdə işğal altında olan torpaqlarımız onların dastanlara sığmayan qəhrəmanlıqları nəticəsində azad edildi.

Həmin igidlərdən biri də Tariyel Atayevdir.  Tariyel Fəxrəddin oğlu Atayev 5 sentyabr 1986-cı ildə Ağcabədi rayonunun Minəxorlu kəndində anadan olub.  Dörd yaşı olanda Birinci Qarabağ müharibəsi başlayıb. Ötən əsrin 90-93-cü illəri Azərbaycan tarixinin ən mürəkkəb  və ziddiyyətli səhifələrindən biridir. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində dinc insanlar doğma yurd yerlərindən didərgin salınır, kəndlər, şəhərlər işğala məruz qalırdı. Təbii ki, bütün bu faciəli hadisələr gənc Tariyelin hisslərinə və duyğularına güclü təsir göstərirdi.

Tariyel Atayev Vətən müharibəsində Füzuli,  Ağdərə,  Xocavənd,  Şuşa istiqamətində gedən döyüşlərdə iştirak edib. Qəhrəmanlığı ilə düşmənə göz dağı yaşadıb, yadellilərin bədxah niyyətinə qarşı şərəflə döyüşüb.  Şuşa şəhəri uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.  Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunəsinə görə əsgər Tariyel Atayev  ölümündən sonra "Vətən uğrunda",  "Füzulinin azad olunmasına görə",  "Şuşanın azad olunmasına görə",  “Qubadlının azad olunmasına görə” və "İgidliyə görə" medalları ilə təltif edilib.

Məlum olduğu kimi, dövlət tərəfindən şəhid ailələrinə və qazilərə davamlı olaraq diqqət və qayğı göstərilir.  İgid eloğlumuzun doğulub boya-başa çatdığı Minəxorlu kəndində Vətən müharibəsi şəhidi Tariyel Atayevin ailəsi üçün yeni  və yaraşıqlı ev tikilib. Yeni  ev Udmurtiya-Azərbaycan Dostluq İctimai Mərkəzinin ətrafında birləşən həmvətənlərimizin könüllü topladığı vəsait hesabına inşa olunub.  Qeyd edək ki, üçotaqlı ev su,  elektrik,  qaz və istilik sistemi ilə təmin olunub.  Şəhid ailəsinə məişət əşyaları hədiyyə edilib.  Bu münasibətlə keçirilən mərasimdə rayon rəhbərliyi, ziyalılar, ağsaqqallar və kənd sakinləri iştirak ediblər.

Tədbirdə çıxış edənlər 2020-ci il sentyabrın 27-də başlanan və tarixə 44 günlük müharibə kimi düşən Vətən müharibəsindən,  Azərbaycan Ordusunun qəhrəmanlığından,  qazandığı şanlı qələbədən,  şəhidlərin gənclərə nümunə olan qısa,  lakin şərəfli ömür yolundan danışıblar.  

Yeni evlə təmin olunan şəhidin ailə üzvləri bu kateqoriyadan olan insanlara göstərilən diqqət və qayğıya görə Prezident, Müzəffər ordumuzun Ali Baş Komandanı İlham Əliyevə dərin  minnətdarlıqlarını bildirib,  evin tikintisində əməyi olanlara təşəkkür ediblər. 

                                                        Salman ALIOĞLU,

                                                           “Respublika”.