İgid və mətin tankçı
Region

İgid və mətin tankçı

44 günlük haqq savaşımızda canını fəda edən qeyrətli oğullardan biri də Murad Nadir oğlu Babayev olub. Murad özü əbədiyyətə qovuşsa da, adı qəhrəmanlıq simvoluna dönüb. Dövlət tərəfindən ölümündən sonra layiq görüldüyü "Vətən uğrunda", "Cəsur döyüşçü", "Füzulinin azad olunmasına görə" və "Suqovuşanın azad olunmasına görə" medalları da Muradın Vətənə olan sonsuz sevgisinin ifadəsidir.

Murad Babayev 1982-ci ildə Cəlilabadın Sabirabad kəndində dünyaya gəlib. Orta məktəbi bitirəndə Vətənə məhəbbət, yurda sevgi onun həyat kredosu olub. Vətənpərvərliyi, əxlaqi keyfiyyətləri el-obada, əhatə olunduğu cəmiyyətdə ona hörmət gətirib. 2000-ci ildə ordu sıralarına yola düşüb. Qaynar bölgədə düşmənlə üzbəüz mövqelərdə qəlbən bağlandığı Vətəni uğrunda canından keçməyə hazır olub. Təlimlərdə qorxmazlığı, doğma torpağını qorumaq bacarığı əsgər yoldaşlarına nümunə göstərilib.

Doğma Azərbaycanın güvəndiyi qəhrəmana dönən Murad müqəddəs əsgəri borcunu şərəflə yerinə yetirib, 2002-ci ildə evinə dönüb. Vətənin gələcəyini düşünən, ermənilərin günü-gündən azğınlaşdığını bilən Murad 3 aydan sonra yenidən orduya qayıdıb. Hərbin sirlərini daha mükəmməl öyrənmək üçün gizir təhsili alıb, tank komandiri üzrə kurslarda iştirak edib.

Böyük komandirlər Muradın bilik-bacarığını, peşəkarlığını, intizamını, tapşırıqlara məsuliyyətlə yanaşmasını nəzərə alıb onu fəxri fərmanlarla, yubiley, qüsursuz xidmətə görə medallarla təltif ediblər.

Murad 2016-cı ilin Aprel döyüşlərində xüsusi şücaət göstərib. Qartal tək yağının üstünə şığıyan tank komandirinin Lələ-təpə yüksəkliyinin alınmasında qəhrəmanlığı dillərdə dastana dönüb. Bütün bunlara görə peşəkar tankçının rütbəsi bir pillə də artırılıb.

Vətən müharibəsində Murad Babayev peşəkar tankçı kimi döyüşlərdə iştirak edib. Və haqq savaşımızın ilk saatlarında yağının Füzuli istiqamətində illər boyunca qurduğu, keçilməz bildikləri sədləri sıradan çıxarıb. Vurulan tankı yana-yana Vətən naminə, ölümdən qorxmadan yağının üstünə sürüb, son nəfəsə qədər döyüşüb, qəhrəmancasına şəhadətə ucalıb.

Z.ORUCOĞLU.