Ötən il ərzində ölkə əhalisinin sayı 37 min 233 nəfər və ya 0,4 faiz artaraq 2022-ci il yanvar ayının 1-i vəziyyətinə 10 milyon 156 min 366 nəfərə çatıb. Əhalinin 53 faizini şəhər, 47 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edib.
Bu barədə AZƏRTAC-a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilib ki, cari ilin əvvəlinə əhalinin 4,6 faizi Naxçıvan Muxtar Respublikasında, 22,7 faizi Bakı şəhərində, 9,5 faizi Lənkəran-Astara, 8,9 faizi Qarabağ, 7,3 faizi Mərkəzi Aran, 6,8 faizi Qazax-Tovuz, 6,2 faizi Şəki-Zaqatala, 6 faizi Gəncə-Daşkəsən, 5,7 faizi Abşeron-Xızı, 5,5 faizi Quba-Xaçmaz, 5,2 faizi Mil-Muğan, 5 faizi Şirvan-Salyan, 3,4 faizi Şərqi Zəngəzur, 3,2 faizi Dağlıq Şirvan iqtisadi rayonlarında yaşayıb. Ölkə üzrə bir kvadratkilometrə düşən əhalinin sayı 117 nəfər təşkil edib. Həmin göstərici Bakı şəhərində (1076 nəfər), Lənkəran-Astara (158 nəfər), Abşeron-Xızı (155 nəfər) iqtisadi rayonlarında ölkə səviyyəsindən yüksək olub.
AZƏRTAC