Ötən il ölkədə 72,5 milyard manatlıq ÜDM istehsal olunub
İQTİSADİYYAT

Ötən il ölkədə 72,5 milyard manatlıq ÜDM istehsal olunub

Bunun 51 milyard manata yaxınını qeyri-neft sektoru təşkil edir və bu sahənin ixrac payı getdikcə artır

Azərbaycanda qeyri-neft sektorunun ölkənin iqtisadi siyasətində əsas prioritet istiqamət olmasına neft strategiyasının reallaşdırıldığı ilk illərdən başlanılmışdır. Ulu öndərimiz Heydər Əliyev hələ ötən əsrin 1990-cı illərin əvvəlində bildirmişdir ki, Azərbaycanın neft hasil etdiyini unutmaq lazımdır, onun böyük ehtiyatları, böyük perspektivləri var - bunu bir tərəfə qoyun. Bəli, bunu bizə təbiət vermişdir, amma biz gələcəyimizi bunun əsasında qura bilmərik, ciddi sənaye yaratmadan biz Azərbaycanın inkişafını təmin edə bilmərik. Bəli, Xəzərin sərvətləri hesabına daha 30 il ehtiyac hiss etmədən yaşaya bilərik, bu mümkündür, bizdə hər şey nəzərə alınıbdır. Bəs sonra nə olacaqdır? İqtisadiyyatın digər sahələrinin inkişaf etdirilməsi indi ön sıraya çıxır.

Azərbaycan iqtisadiyyatı 2000-ci illərin əvvəllərindən başlayaraq, qeyri-neft sektoru sahələrinin inkişaf etdirilməsi (İKT, kosmos sənayesi və s.) prosesləri isə intensivləşdirilmişdir. Bir-birinin ardınca ölkənin bütün iqtisadiyyat sahələrini və regionlarını əhatə edən Dövlət proqramları qəbul edilmişdir. Bu proqramlardan çoxu uğurla icra olunmuş, proses davam etdirilməkdədir. Bu dövlət proqramları ilə yanaşı, qeyri-neft sektorunun hərtərəfli inkişafı üçün digər zəruri təşkilati tədbirlərin siyahısı və coğrafiyası da xeyli genişləndirilmişdir.

Prezident İlham Əliyev qeyri-neft sektorunun inkişafı konsepsiyasının formalaşmasının və şaxələndirilməsinin reallaşdırılması üçün çoxlu sayda sərəncamlar, fərmanlar vermiş, bu sahənin inkişaf prosesləri daim ciddi səviyyələrdə müzakirə edilmiş, müvafiq qərarlar qəbul olunmuşdur.

İlham Əliyev bildirmişdir ki, qeyri-neft sektorunun və kənd təsərrüfatının inkişafı Azərbaycanın gələcəyini müəyyən edən amillərdir. Mən hökumət üzvlərinə müraciət edərək demişdim ki, gərək biz hamımız neft amilini kənara qoyaq. Orada işlər çox uğurla davam edir və bu sahə Azərbaycana böyük həcmdə valyuta ehtiyatları gətirəcəkdir. Biz öz siyasətimizi elə aparmalıyıq ki, sanki Azərbaycanda neft yoxdur. İqtisadiyyatın bütün sahələri, ilk növbədə qeyri-neft sektoru, infrastruktur inkişaf etməlidir. Ancaq bu yolla biz Azərbaycanı inkişaf etmiş ölkəyə çevirə bilərik.

Son 15-16 ildə isə Azərbaycan iqtisadiyyatı güclü inkişaf etmiş, onun ixrac potensialı da artmışdır. Məsələn, bu ilin birinci rübü ərzində Azərbaycanın ixracı 4,1 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə isə 501,5 milyon dollar təşkil edib. Beləliklə, qeyri-neft sektoru üzrə isə ixrac 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 70,6 milyon dollar və ya 16,4% artıb.

Qeyri-neft sektorunun Azərbaycanın ixracında payı ötən ilin müvafiq rübü ilə müqayisədə 2 faiz artaraq 12,1% olub. Bu dövr ərzində qeyri-neft məhsullarının ixracı üzrə 393 mal mövqeyi müəyyənləşdirilib ki, bu da mal və məhsulların diversifikasiyası nöqteyi-nəzərdən Cənubi Qafqaz ölkələri üzrə ən yüksək göstəricidir.

2021-ci ilin birinci rübü ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pambıq mahlıcı birinci olub. Bu siyahıda qızıl ikinci, xurma isə üçüncü yerdə qərarlaşıb.

2021-ci ilin birinci rübü ərzində Türkiyəyə 163,1 milyon dollar, Rusiyaya 129,8 milyon dollar, İsveçrəyə 44,7 milyon dollar, Gürcüstana 38 milyon dollar və ABŞ-a 18,3 milyon dollar dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

2021-ci ilin mart ayında qeyri-neft sektoru üzrə ixrac 170 milyon dollar təşkil edib. 2021-ci ilin mart ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Türkiyə (56,2 milyon dollar) liderliyini qoruyub. Bu siyahıda Rusiya ikinci (44,3 milyon dollar) və Gürcüstan üçüncü (9,7 milyon dollar) olub.

2021-ci ilin mart ayında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pambıq mahlıcı (31,4 milyon dollar) birinci, polimerləşmə nəticəsində əmələ gələn ilkin formalı digər maddələr (13,7 milyon dollar) ikinci və qabığı təmizlənmiş meşə fındığı (9,7 milyon dollar) üçüncü olub.

Meyvə-tərəvəz ixracı 97,2 milyon dollar, pambıq lifi ixracı 69 milyon dollar, alüminium və ondan hazırlanan məmulatların ixracı 42,4 milyon dollar, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 22,2 milyon dollar, pambıq ipliyi ixracı 10,3 milyon dollar, kimya sənayesi məhsullarının ixracı 9 milyon dollar, şəkər ixracı 9 milyon dollar, heyvan mənşəli piylər və yağlar ixracı 8,4 milyon dollar, spirtli və spirtsiz içkilərin ixracı 3,4 milyon dollar, bitki və çay ixracı 2 milyon dollar təşkil edib. Qeyd edilən mal və məhsullar qeyri-neft ixracının 45%-ni təşkil edir. Bu göstərici qeyri-neft ixracının artımı fonunda mal və məhsulların ötən illərlə müqayisədə daha çox diversifikasiya olunmasını özündə ehtiva edir.

Nəriman CAVADOV,

“Respublika”.