QALİB AZƏRBAYCAN REGİONDA QLOBAL İQTİSADİ LAYİHƏLƏR REALLAŞDIRIR
İQTİSADİYYAT

QALİB AZƏRBAYCAN REGİONDA QLOBAL İQTİSADİ LAYİHƏLƏR REALLAŞDIRIR

Bu istiqamətdə milli maraqlarımız əsasında mühüm qərarlar Bakıda verilir

"Heç bir digər ölkə Azərbaycanın qərarlarına təsir edə bilməz və ya buna çalışmalı deyil. Qərarlar burada - Bakıda, Azərbaycanın milli maraqları əsasında, mənim tərəfimdən verilir. Əgər kimsə süni bəhanədən istifadə etməyə çalışaraq Azərbaycanı digər ölkə ilə münasibətlərinin olmasında günahlandırıbsa, bu cəhdlər boş çıxıb. Bu, düzgün yol deyil və gətirib dalana çıxaracaq".

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Məlum olduğu kimi, Azərbaycan Prezidenti cənab İlham Əliyev oktyabrın 7-də İtaliyanın məşhur "La Repubblica" qəzetinə müsahibə vermişdir. Həmin müsahibədə dövlət başçısı Azərbaycanın gələcək inkişafını, bölgədəki prosesləri ətraflı şərh edib, bir çox mühüm məsələlərə toxunub.

Dövlət başçısı səsləndirdiyi fikirlərdə növbəti dəfə Azərbaycan dövlətinin və xalqının maraqlarını ifadə edib, ölkəmizə qarşı aparılan çirkin kampaniyalara öz kəskin münasibətini bildirib, eyni zamanda Azərbaycanın postmüharibə dövründə tutacağı yolun konturlarını təsvir edib, prioritetləri göstərib.

Çıxışında müharibədən sonra işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması məsələsinə xüsusi diqqət çəkən dövlət başçısı İtaliyanın bu işdə Azərbaycanla sıx əməkdaşlığından bəhs edib.

Sirr deyil ki, Azərbaycan-İtaliya münasibətləri cənab Prezidentin uzaqgörən siyasəti və fəaliyyəti nəticəsində xüsusən son illərdə dinamik surətdə yüksələn xətlə inkişaf edib. Azərbaycan xalqı münasibətlərdəki bu yaxınlığın bariz nümunəsini Vətən müharibəsi günlərində də İtaliyanın Azərbaycanın yanında olması fonunda daha aydın müşahidə edə bilib. Məhz bu dəstək işğaldan azad edilən torpaqların bərpası prosesində də İtaliyanın xüsusi çəkisini artırıb. Elə dövlət başçısı da bu prosesdə İtaliyanın yaxından iştirakının təsadüf olmadığını bu sözlər ilə ifadə edib: "İtaliya bu işlərə cəlb edilən ilk ölkələrdəndir. İlk ölkə Türkiyədir, ikincisi isə İtaliyadır. Bu, təsadüfi deyil. Bu, bizim seçimimiz idi. Mən demişdim ki, biz Böyük Qayıdışla bağlı yenidənqurma layihələrinə yalnız dost ölkələrdən olan şirkətləri dəvət edəcəyik".

Bu, Azərbaycan dövlətinin məntiqli və haqlı seçimidir. Unutmayaq ki, Azərbaycan dövləti müstəqil siyasət yürütməklə öz dostlarını, müttəfiqlərini, tərəfdaşlarını seçməkdə sərbəstdir. Bu seçim zamanı ikitərəfli münasibətlər və formalaşmış qarşılıqlı etimad mühiti əsas götürülüb. İtaliya hər zaman məhz qarşılıqlı etimad və dəstəyin güclü olduğu dövlətlərdən biri kimi Azərbaycanın yanında olub.

Prezidentin müsahibəsi zamanı diqqət yetirdiyi digər bir məqam işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı və sürətli bərpa və yenidənqurma işləri olub. Azərbaycan dövləti müharibə başa çatandan dərhal sonra Böyük Qayıdışın sağlam təməllərini atmağa başlayıb. Bu istiqamətdə yol-nəqliyyat, enerji təchizatı və bir çox infrastruktur layihələrinin həyata keçirilməsi nəzərdə tutulub, bunlardan bir qisminin icrasına artıq başlanılıb.

Azərbaycan dövləti müharibədən sonrakı dövrdə həmçinin vətəndaşlarının illərdir həsrət qaldıqları öz doğma yurd-yuvalarına ən qısa zamanda qayıtmasını prioritet vəzifə kimi qarşıya qoyub. Heç şübhəsiz ki, bütün bu işlərin icrası üçün böyük resurs və sərmayə tələb olunur.

Müharibədən qalib çıxan, öz parlaq zəfəri ilə dünyada adından bəhs etdirən Azərbaycan dövlətinin qüdrəti sadəcə hərb sahəsində ön plana çıxmır. İlham Əliyevin çoxsaylı çıxışlarında da qeyd etdiyi kimi dövlətimiz bu işləri layiqincə yerinə yetirmək üçün kifayət qədər böyük iqtisadi resurslara sahibdir. Bütün bunlar isə Azərbaycanda uzun illərdir həyata keçirilən uzaqgörən siyasətin və aparılan hərtərəfli islahatların, respublikamızda quruculuq işlərinin məntiqi nəticəsidir.

İqtisadi qüdrətini gündən-günə artıran Azərbaycan dövləti azad edilmiş ərazilərlə bağlı xüsusi investisiya proqramı qəbul edib. Bu istiqamətdə sadəcə cari il üçün nəzərdə tutulmuş məbləğ isə 1.3 milyard ABŞ dollarına bərabər olub. Bu cür nəhəng layihələrin icrasını öhdəsinə götürən Azərbaycan dövləti hazırda sahib olduğu genişmiqyaslı layihələrin həyata keçirilməsinə imkan verən potensialını cənab İlham Əliyevin rəhbərliyi ilə atılmış dəqiq və sərrast iqtisadi addımlarla qazanıb.

Ölkə başçısının fikirlərində xüsusi yer ayırdığı bir məqam da Azərbaycanın nəqliyyat potensialı və bu potensiala Avropanın böyük marağının olmasıdır. Dövlət başçısı xüsusilə vurğulayıb ki, Azərbaycan Avrasiyanın müasir infrastruktura və qonşularla şaxələndirilmiş kommunikasiya marşrutlarına malik mühüm nəqliyyat mərkəzinə çevrilir.

Müasir dövrdə kommunikasiya marşrutlarının şaxələndirilməsi iqtisadi inkişafın yüksək templə reallaşdırılmasına da zəmin yaradır. Təsadüfi deyil, bu baxımdan dövlətimiz növbəti dəfə qarşısına irimiqyaslı hədəflər qoyur. Sözügedən məqam həmdə regionun digər dövlətlər üçün də cəlbedici olmasını şərtləndirir. Avropa isə Azərbaycanın əməkdaşlıq və iqtisadi münasibətlərində olduqca mühüm rol oynayır. Dövlət başçısı Qərb mediasına verdiyi müsahibədə səsləndirdiyi fikirlərlə həm də postmüharibə dövrünün yeni reallıqları şəraitində Avropa ilə yüksək səviyyədə əməkdaşlıq qurulması yolunda Azərbaycan dövlətinin qərarlılığını bir daha xatırladır.

Şübhəsiz ki, cənab Prezidentin Qərb mətbuatına verdiyi müsahibələr həmçinin Azərbaycanın mövqeyinin və maraqlarının Qərb oxucusuna çatdırılması və obyektiv reallıqların hər kəs tərəfindən öyrənilməsinə xidmət edir. Dövlət başçısı postmüharibə dövrü və yeni reallıqlar barədə danışarkən Qarabağa müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarının fəaliyyətinə toxundu, bununla yanaşı, son bir ayda İranla yaranmış gərginliyin əsas səbəblərini beynəlxalq ictimaiyyətə izah etdi. Prezident İlham Əliyevin Azərbaycan-İran münasibətlərindəki gərginliklə bağlı səsləndirdiyi dəqiq və olduqca tutarlı fikirlər də müsahibəsində ayrıca xətt təşkil edir.

Prezidentin müsahibəsində Bakı-Tehran münasibətlərində yaşanan xoşagəlməz vəziyyətlə bağlı xüsusilə vurğulandı ki, heç bir ölkə Azərbaycanın qərarlarına təsir göstərə bilməz. Cənab İlham Əliyev qətiyyətlə bildirdi ki, əgər kimsə süni bəhanədən istifadə etməyə çalışaraq Azərbaycanı digər ölkə ilə münasibətlərinin olmasında günahlandırıbsa, bu cəhdlər boş çıxıb. Bu, düzgün yol deyil və gətirib dalana çıxaracaq.

Dövlət başçısı bu halda da Azərbaycan tərəfinin hər zaman sadiq olduğu diplomatik etika qaydalarına uyğun təmkinli davranış nümayiş etdirib. Öz fikirlərindəki məntiqi və arqumentləri dəqiqliklə ortaya qoymaqla məsələnin mahiyyətini Qərb oxucuları üçün aydınlaşdırıb.

Ancaq İran dövləti barədə eyni sözləri demək mümkün deyil, İran tərəfi atdığı isterik addımlar, rəsmi şəxslərin, dindarların dilindən verilən yersiz bəyanatlarla məsələnin əsl mahiyyətindən yayınmağa çalışıb.

Ancaq dövlət başçısı İlham Əliyev müsahibə zamanı məsələnin əsl mahiyyətini də məharətlə hamı üçün izah edib: "Baş verənlərin səbəbi çox sadədir. Azərbaycan öz sərhədlərinə hörmətlə yanaşılmasını istəyir. Qarabağın azad edilməsindən sonra biz Ermənistanla öz sərhədimizə çıxdıq. Biz öz sərhədimizə gəlib, orada yerləşdik. Ermənistanın bəzi şəhərləri arasındakı yol Azərbaycanın ərazisindən keçir. Bu yoldan Qarabağa, bizim ərazimizə malların qeyri-qanuni daşınmasında istifadə olunduğunu görməyə başladıq. Bu, qəbuledilməzdir. Biz öz sərhədlərimizə hörmətlə yanaşılmasını tələb edirik. Biz hər hansı digər ölkənin sərhədini qeyri-qanuni olaraq pozmuruq. Beləliklə, mesajımız çox sadə idi - dayandırın bunu!".

Dövlət başçısı səsləndirdiyi bu fikirlərlə həm də növbəti dəfə Azərbaycana diktə etməyin faydasız və mənasız olması barədə bütün dünyaya mesaj verib. Bu mesajın əsasını isə bu anlayış təşkil edir: Azərbaycan dövləti və onun lideri tam müstəqil siyasət aparmaqla mehriban münasibətlərin formalaşdırılması və möhkəmləndirilməsində maraqlıdır, ancaq bütün bunlar qarşılıqlı hörmət və ehtiram çərçivəsində olmalıdır. Bunun əksi olan bütün təşəbbüs və addımlar isə Azərbaycan dövləti tərəfindən zərərsizləşdirilir və Azərbaycan daim öz müstəqil mövqeyini ortaya qoyur.

Göründüyü kimi, cənab Prezident İranın Azərbaycana qarşı apardığı dostluqdan uzaq və ikitərəfli qonşuluq münasibətlərinə qətiyyən uyğun olmayan siyasəti faktlarla ortaya qoyub. Bakı Tehran rejimindən haqlı olaraq hörmət tələb edir. Azərbaycan bir çox beynəlxalq layihələrin ən fəal iştirakçısıdır. Bakı ilə təhdid dilində danışan Tehran isə özünü daha da təcrid edir, dalana salır. Onsuz da sosial və iqtisadi problemləri günü-gündən kəskinləşən İran üçün belə layihələrdə iştirak cəlbedici olmalı idi. Amma Tehran tam fərqli siyasət yürütməklə, ilk növbədə özünə problem yaratmış oldu.

Dövlət başçısı müsahibədə Qarabağdakı Rusiya sülhməramlılarının fəaliyyəti barədə suala da cavab verib. Müharibənin başa çatması, Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasında olan ərazilərə qanunsuz daxilolmaların qarşısının tam alınması məsələsinə toxunan Prezident İlham Əliyev qeyd edib ki, bu müddət ərzində bəzi xırda insidentlər istisna olmaqla vəziyyət sabitdir.

Müsahibəsində Avropanın Cənubi Qafqazda daha geniş iştirakı məsələsinə toxunan cənab Prezident bildirib ki, bu gün Avropa İttifaqı Azərbaycanın nəqliyyat potensialına böyük maraq göstərir və bu sahədə fəal iştirak edir: "Çünki biz Azərbaycanı Avrasiyanın müasir infrastruktura və qonşularla şaxələnmiş kommunikasiya marşrutlarına malik mühüm nəqliyyat mərkəzinə çeviririk. Avropa İttifaqı bu prosesin bir hissəsi olmağı planlaşdırır. Biz, həmçinin Cənubi Qafqazda postmüharibə dövrünün inkişafında da Avropa İttifaqının rolunu müzakirə edirik".

Qeyd edək ki, Cənub Qaz Dəhlizinin sonuncu hissəsi olan Trans-Adriatik boru xəttinin işə düşməsi və İtaliyanın artıq Azərbaycandan qaz qəbul etməyə başlaması, həmçinin, Azərbaycanın enerji ehtiyatları, ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində artan rolu ilə bağlı ölkə liderinin dedikləri də maraq doğurur. Dövlət başçısı bildirib ki, Cənub Qaz Dəhlizi İtaliya bazarını 8 milyard kubmetr və hətta bundan da artıq həcmdə qazla təmin edəcək: "Yəni, bu iş artıq başa çatdırılıb. İndi isə biz gələcəyə baxmalıyıq, çünki biz yeni qaz yataqları kəşf etmişik. Bununla yanaşı, mövcud yataqlardan da daha çox qaz hasil etməyi planlaşdırırıq. Həmçinin xarici investorlarla bərabər yenilənən enerji mənbələrinə böyük sərmayə qoyuruq".

Prezidentin bəhs etdiyi layihədə Azərbaycanın təşkilatçı kimi rolu çox böyükdür. Məhz bu səbəbə görə ABŞ və Avropa İttifaqı Azərbaycana daha çox diqqət yetirməyə başlayıb və Azərbaycanı mühüm strateji tərəfdaş hesab edir. "Şahdəniz-1" və "Şahdəniz-2" layihəsindən sonra Azərbaycanın Avropa bazarlarına 20 milyard kubmetr qaz ötürmək imkanı yaranacaq. Əslində, sözügedən həmin layihənin tam gücü ilə işə düşməsi bütün bölgə üçün çox cəlbedici və faydalıdır.

Cənab İlham Əliyev müsahibədə azad edilmiş bölgələrə və Azərbaycana yeni investisiya perspektivlərindən də danışıb: "Biz artıq sərmayə yatırırıq. Azad edilmiş ərazilərlə bağlı xüsusi investisiya proqramı qəbul edilib".

Əsas nəticə ondan ibarətdir ki, Azərbaycan Avrasiyanın müasir infrastruktura və qonşularla şaxələnmiş kommunikasiya marşrutlarına malik mühüm nəqliyyat mərkəzinə çevrilir. Bu barədə ölkə başçısı açıq danışır. Avropa İttifaqının bu prosesə maraq göstərməsi isə Cənubi Qafqazda postmüharibə dövrünün yeni reallıqlarını göstərir.

Beləliklə, 44 günlük müharibədən sonra bölgədə yeni reallıq yaranıb, Azərbaycan artıq regional gücə çevrilib. Bakının maraqlarını heç kəs görməzdən gələ bilməz.

Emin QASIMOV,

"Respublika".