Qürurla anırıq: Akif Əkbərov
Sosial həyat

Qürurla anırıq: Akif Əkbərov

Azərbaycan torpaqlarına erməni vandalları göz dikəndə, daşnaklar havadarlarının köməyi ilə mənfur niyyətlərini həyata keçirəndə, Vətənin taleyi təhlükədə olanda yurdumuzun cəsur oğulları silaha sarılaraq ölüm-dirim savaşına başlamışlar. XX əsrin  90-cı illərində erməni təcavüzünün qarşısının alınmasında polis işçisi Akif Əkbərov şəxsi igidlik göstərmiş, dəfələrlə döyüş yoldaşları ilə atəş nöqtələrini susdurmağa nail olmuşdur.

Akif Abbas oğlu  Əkbərov 2 fevral 1952-ci ildə Cəbrayıl rayonunun Balyand kəndində dünyaya göz açmışdır. 1969-cu ildə 1 saylı Beyləqan şəhər orta məktəbini bitirmiş, 1970-ci ildə ordu sıralarına yollanmış, xidmət dövründə komandanlığın təşəkkürnamələrinə və qiymətli hədiyyələrinə layiq görülmüşdür.

O, 1972-ci ildə ordu sıralarından tərxis olunmuş, sonra isə Beyləqan Rayon Daxili İşlər şöbəsində polis nəfəri kimi fəaliyyətə başlamışdır. Sonuncu iş yeri polis şöbəsinin dövlət avtomobil müfəttişliyi bölməsi olmuşdu.

Avqustun 12-də erməni quldurları Cermuk şəhəri tərəfdən “Sarı yer” yaylağına qəflətən hücuma keçdilər. Əhalinin təhlükəsizliyini təmin etmək üçün polis əməkdaşları ermənilərlə döyüşə başladılar. Akif elə döyüş mövqeyi tutmuşdu ki, ermənilər səngərlərdən belə başlarını qaldırmağa macal tapmırdılar. Bütün polis işçiləri kimi, Akif də postunda ayıq-sayıq dayanmışdı. Təxminən 6 saat davam edən döyüşdə Akif Əkbərov düşmənə aman vermədi. Ağır  döyüşlərdə ermənilərin xeyli canlı qüvvəsi  məhv edildi və döyüş sursatları ələ keçirildi. Qəfil  düşmən gülləsinə tuş gələn Akif Vətənin ərazi bütövlüyünü qoruyarkən qəhrəmancasına həlak oldu, Beyləqan rayonundakı qəbiristanlıqda dəfn edildi.

Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı Fərmanı ilə Akif Abbas oğlu Əkbərov ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülmüşdür.

Qəhrəman döyüşçünün Beyləqan rayonunda büstü qoyulmuş, rayonun küçələrindən birinə Akif Əkbərovun adı verilmişdir.

Bu gün cəsur polis işçisinin ruhu şaddır. Çünki onun hər qarışında ayaq izləri qalmış Cəbrayıl rayonu 44 günlük Vətən müharibəsində işğaldan azad olunmuşdur.

Qədir ASLAN,

“Respublika”,