Qürurla anırıq: Cavid Mahmudov
Sosial həyat

Qürurla anırıq: Cavid Mahmudov

Şanlı qələbəni bizə yaşadanlardan biri - Vətən Müharibəsi Qəhrəmanı Cavid Hilal oğlu Mahmudov 1989-cu il fevralın 6-da Biləsuvar rayonunun Aşağı Cürəli kəndində anadan olub. 1995-2006-cı illərdə Aşağı Cürəli kənd tam orta məktəbində, 2006-2010-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ali hərbi təhsil alıb. 2010-2012-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Daşkəsəndə, 2012-2018-ci illərdə Tovuzda, 2018-2020-ci illərdə isə Göygöl rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət edib. 2020-ci ildən isə Cavid Abşeron rayonunda yerləşən "N" saylı hərbi hissədə hərbi xidmətdə idi. Vətən qarşısında 10 illik qüsursuz xidmətləri ona bu illər ərzində bir çox təltiflər, mükafatlar, medallar qazandırıb. Ali Hərbi Məktəbin magistr pilləsini də bitirir.

Azərbaycan Ordusunun kapitanı olan Cavid Mahmudov 2020-ci il sentyabrın 27-də Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi məqsədilə başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuş və 2020-ci il oktyabrın 5-də qəhrəmancasına şəhid olmuşdur. Şəhid Cavid Mahmudov doğulduğu Biləsuvar rayonunun Aşağı Cürəli kənd qəbiristanlığında dəfn edilmişdur.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Cavid Mahmudova ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adı verilmiş, həmçinin, "Vətən uğrunda" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilmişdir. Xidmət dövründə Cavid Azərbaycan Silahlı Qüvvələrinin 90, 95,  "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medallarına da layiq görülüb.

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş Vətən müharibəsi qəhrəmanlarının və Azərbaycanın Milli qəhrəmanlarının adlarının əbədiləşdirilməsini təmin etmək məqsədilə Biləsuvar Rayonu Uşaq-Gənclər İdman-Şahmat məktəbinə Vətən Müharibəsi Qəhrəmanı Cavid Hilal oğlu Mahmudovun adı verilmişdir.

 Şəhidin atası Hilal Mahmudov deyir: "Oğlumla fəxr edirəm. Dövlətimiz də oğlumun qəhrəmanlığını qiymətləndirdi, Vətən Müharibəsi Qəhrəmanı adı verdi. Vətən sağ olsun!".

Anası onun toy karvanını görmək istəyirdi, ancaq gələn şəhid karvanı oldu... Bir il idi ki, nişanlısının gözünü yolda qoyan tabor komandiri, kapitan Cavid Mahmudov noyabrda özünə toy edib, sevib-seçdiyi qızla ailə həyatı quracaqdı. Amma Vətən sevgisini hər şeydən uca tutdu.

Cavidin anası, həm də sinif müəllimi olan Nəsibə müəllim deyir ki, övlad itkisinə dözmək nə qədər ağır olsa da, Vətənə borcunu layiqincə yerinə yetirdiyi üçün haqqımı ona halal edirəm: "Oğluma toy edəcəyimi gözləyirdim. Oktyabrın 23-də qız toyu olacaqdı, noyabrın 14-də isə oğlan toyu. Toy günü də təyin etmişdik. Amma belə qismət oldu.

Qardaşı Nəbi Mahmudov deyir ki, Cavidin qəhrəmanlığı dillər əzbəri olub: "Əsgərlərinə "Yalnız irəli!" əmrini verən komandir, komandanlığın qarşıya qoyduğu tapşırığın icrasını canından üstün tutub. Şəhadətə yüksələndən sonra onun keçdiyi istehkamları görmək üçün azad olunan ərazilərə getdim. Cavid Füzuli rayonu istiqamətində dörd yüksəkliyi alıb və ermənilərin orada qurduğu istehkamları yararaq keçib. Cavid əks-hücum əməliyyatlarında aldıqları bütün yüksəkliklərə bayrağımızı özü sancırmış. Oktyabrın 5-də həmlə zamanı 200-dən çox əsgərini mühasirədən xilas edən kapitan növbəti - 5-ci yüksəkliyə bayrağımızı sancarkən qəfil düşmən gülləsinə tuş gəlib. Qardaşımla qürur duyuram".

Cavidin şəhidlik zirvəsinə yüksəldiyi torpaqlarımız bu gün tam azaddır. Azərbaycan xalqı və dövləti düşmən üzərində parlaq, inamlı Qələbə qazanmaqla öz gücünü dünyaya nümayiş etdirdi. Bu möhtəşəm Qələbəyə görə xalqımız Cavid kimi qəhrəman oğullarına minnətdardır.

 Müşfiq MİRZƏ,

 "Respublika".