Səkinə Cəfər: İlahi qanunlara uyğun yaşamaq düzgün yaşamaq və nura doğru irəliləmək deməkdir
Sosial həyat

Səkinə Cəfər: İlahi qanunlara uyğun yaşamaq düzgün yaşamaq və nura doğru irəliləmək deməkdir

Əgər sizin ruhunuz xəstədirsə və bu, sizin vücudunuzda əks olunubsa, o halda dünyada heç bir dərman sizi sağaltmağa kömək etməz. Yalnız sevgi sizi sağaltmağa qadirdir. Sevgi duaların ən yaxşısı, möhtəşəm qüvvə, ən düzgün dərmandır. Sevgi yaralanmış ruhun ağrısını sağaldaraq, həqiqətən möcüzələr yaradır. O, xəstə bədəni bərpa edir. Axı, Yaradanın gücü sevgidədir.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Səkinə Cəfərin rus dilində çap edilmiş “İki qayıq. Sonsuzluq okeanında bir ruhun səyahəti” (“Dve lodki. Puteşestviye odnoy duşi v okeane beskoneçnosti”) kitabından götürülüb. Müəllifin 8 il ərzində ərsəyə gətirdiyi bu kitabda sevgi, həyat, həqiqət, azadlıq və digər bəşəri dəyərlər haqqında düşüncələri əksini tapıb. Kitaba təkcə aforizmlər deyil, şeirlər, dualar da daxil edilib.

Nəşrə giriş sözündə Səkinə Cəfər yazır: “Bu kitab Allah yolunda həqiqət axtarışında öz üzərimdə, öz təfəkkürüm üzərində böyük əməyin və zəhmətin nəticəsidir.

Mən ta uşaqlıqdan Allaha və Onun tərəfindən göndərilən əlamətlərə Sevgi və İnamla böyümüşəm. Özümü dərk etməyə başlayan andan məndə suallar yaranıb: Biz kimik? Bizim missiyamız nədir? Həyatın mənası nədədir? Ölümdən sonra bizimlə nə baş verir? Kitabda təqdim olunan məlumatlar dərin düşüncələr və emosional vəziyyətdə yaşadıqlarım nəticəsində şüurun dəyişilmiş vəziyyətində hiss etdiklərimdir”.

“Ruhun qayığı” və “Dərrakənin qayığı” adlı iki fəsildən ibarət kitab oxucunu bəşəri dəyərlər, ülvi hisslər, eyni zamanda, öz davranışı barədə düşünməyə yönəldir, onun yoluna işıq salır.

Birinci fəsil, müəllifin qeyd etdiyi kimi, “Allaha və mövcud olan hər şeyə böyük sevgi ilə dolu vəziyyətdə, ruhun dərin uçuşu halında, Tanrı enerjisi və sevgi şüalanmasının adi qəbul edilməsi və ötürülməsi vəziyyətində yazılıb”. Bu fəsildə “Sevgiyə aparan yol”, “Allaha aparan yol”, “Xoşbəxtlik barədə”, “Qəlb haqqında”, “Aydınlaşma haqqında”, “İnam haqqında”, “Dindarlıq haqqında”, “Azadlıq haqqında”, “Ruhun gücü haqqında”, “Yuxular haqqında”, “Həqiqət barədə”, “Məhrəmlik haqqında” maraqlı fikirlər, dualar, habelə tövsiyələr, şeirlər yer alıb. “İlahi qanunlara uyğun yaşamaq - düzgün yaşamaq və nura doğru irəliləmək deməkdir”, yazan Səkinə Cəfər insanları düşüncələrini pak saxlamağa səsləyir. Çünki məhz düşüncələr insanı Allaha yaxınlaşdırır və ya Ondan uzaqlaşdırır.

Sürətlə qloballaşan, süni intellektin həyatın bütün sahələrinə nüfuz etdiyi dünyada, maddiyyata getdikcə daha çox üstünlük verildiyi cəmiyyətdə insanlıq, sevgi, həqiqət, mənəviyyat və digər məsələlər təəssüf ki, unudulur. Etiraf edək ki, bu ağrılı problem və ondan doğan üzücü nəticələrlə istənilən ölkədə, cəmiyyətdə qarşılaşmaq olur. Səkinə Cəfərin “Zaman o qədər tez keçir, o qədər dəyərlidir ki. Biz onu niyə belə asanlıqla əlimizdən buraxırıq? Nəyə sərf edirik? Bütün həyatımız boyu maddi dəyərlərin dalınca qaçaraq öz qəlbimizi rahatlıqdan və Allaha qovuşmaqdan mərhum edirik. Yalnız ölüm ayağında, illüziyalar yuxusundan ayıldıqda itirilən zamanın mənasızlığını və faydasızlığını, bu dünyanı təəssüflə və gecikmiş dualarla tərk edərkən başa düşürük” fikirləri də ümumən insanlığa təsir edən davranış nəticələrindən doğan narahatlığın ifadəsidir.

Müəllif oxucuya ona yaxın olan insanları qorumağı tövsiyə edir: “Əvvəl gündən, yəni sizin özünüzdən başqa heç nəyinizin olmadığı vaxtdan bəri yanınızda olanları dəyərləndirin... Bu insanlar sizi elə-belə, həqiqətən seviblər. Lovğalıq və axmaqlıq səbəbindən onları itirməyin. Onlar sizin maddi vəziyyətinizə və sosial statusunuza deyil, sizin özünüzə dəyər verən insanlardır”.

Kitabın ikinci fəsli - “Dərrakənin qayığı” yaşanan təcrübə və qazanılan təəssüratlar nəticəsində yazılan, həmin dövrdə müəllifi maraqlandıran gündəlik məsələlər barədə dərin düşüncələrin bəhrəsidir. Bu fəsil “Sevgi fəlsəfəsi”, “Həyat fəlsəfəsi”, “Həyatda qalma fəlsəfəsi”, “Eqo haqqında”, “İnsanlar haqqında”, “Kamil insan barədə”, “Oyanışa gedən yol”, “Dostluq haqqında”, “Müdriklik haqqında”, “Tənhalıq haqqında”, “Xəbərdarlıqlar” “Ucadan söylənilən fikirlər”, “Müşahidələr” kimi mühüm məsələləri əhatə edir.

Müəllifin toxunduğu məsələlər aktuallığı ilə seçilir. “İnsan, nahaq yerə sən öz uğursuzluq və xəstəliklərində ətrafdakıları günahlandırırsan. Bunların hamısının yeganə günahkarı - sən özünsən! Xəstələndin, xəyanət etdilər, sanki bütün dünya sənin əleyhinədir və o qədər bədxahdır, baxmayaraq ki, sən özün yaxşısan - bütün bunlar yalnız sənin eqonun yalanıdır. İlk görünüşdən hətta sadə ümidsizlik, şübhə, qorxu həyatda və sağlamlıqda müxtəlif pozuntulara gətirib çıxarır. Mən hələ qəzəbdən, tamahkarlıqdan, paxıllıqdan, riyakarlıqdan və s. danışmıram. Bütün bədbəxtliklər və xəstəliklərin açarı yalnız sənin əllərindədir. Bunu unutma!”

Əminik ki, bu kitab Allah sevgisinə inanan, həqiqət axtarışında olan, fəlsəfi təfəkkürlü oxucular üçün maraqlı olacaq. Səmimi, xoş və parlaq niyyətlə, sadə dildə yazılmış bu kitabdan hər kəs özünə nəsə əxz edə bilər. Səkinə Cəfərin fikrincə, ən yaxşı müəllim - həyatdır, ən yaxşı dostlar - kitablardır, ən böyük həqiqət bizim qəlbimizdədir, ən böyük sevgi - Allaha olan sevgidir!

Müəllifin bu fikirləri ilə razılaşmamaq mümkün deyil. Odur ki, “İki qayıq. Sonsuzluq okeanında bir ruhun səyahəti” kitabı da öz oxucularının dostudur.

AZƏRTAC